19 may tarixdə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir 0
1998-ci il 19 may tarixdə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.
Azərbaycanda uşaqlar dövlətin və cəmiyyətin daim diqqət mərkəzindədir. Uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Mubarizciler.az-ın məlumatına görə, Uşaqlara qayğının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının da diqqətinin artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 dekabr tarixli 103 nömrəli Sərəncamı ilə 2009-cu il Azərbaycan Respublikasında “Uşaq ili” elan edilmişdir.
Uşaq hüquqlarının müdafiəsi sahəsində Azərbaycan Respublikası bir sıra beynəlxalq müqavilələrə qoşulmuş və milli qanunvericilik bu sahədə təkmilləşdirilmişdir. Belə ki, Azərbaycan “Uşaq hüquqları haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının, “Uşaqların kənd təsərrüfatı sahəsində işə qəbulunun minimal yaş həddi haqqında”, “Yeniyetmələrin donanmada kömür yükləyən və ya ocaqçı kimi işləməsinə icazə verilməsi üçün minimum yaş həddi haqqında”, “Gəmilərdə çalışan uşaqların və yeniyetmələrin məcburi tibbi müayinəsi haqqında”, “Sənayedə işə qəbul etmək üçün uşaqlara münasibətdə minimum yaş həddi haqqında”, “Qeyri-sənaye işlərində uşaqlara münasibətdə minimum yaş həddi haqqında”, “Sənayedə uşaqların və yeniyetmələrin tibbi müayinəsi haqqında”, “Qeyri-sənaye işlərində uşaqların və yeniyetmələrin tibbi müayinəsi haqqında”, “Qeyri-sənaye işlərində uşaqların və yeniyetmələrin gecə əməyinin məhdudlaşdırılması haqqında” və “Sənayedə yeniyetmələrin gecə əməyi haqqında” Beynəlxalq Əmək Təşkilatının konvensiyalarının, eləcə də “Nikahdankənar uşaqların hüquqi statusu haqqında” Avropa Konvensiyasının iştirakçısıdır. Uşaq hüquqlarının müdafiəsi sahəsində Azərbaycan Respublikası beynəlxalq normalara uyğun olaraq milli qanunvericilik sistemində bir sıra hüquqi islahatlar həyata keçirmişdir. Belə ki, 1998-ci il 19 may tarixdə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Dövlətin bu sahədə həyata keçirdiyi hüquqi islahatların davamı olaraq 1999-cu il 22 iyun tarixdən “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, 2003-cü il 17 iyun tarixdən etibarən “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Azərbaycan Respublikasının Qanunları qüvvəyə minmişdir. Ümumilikdə, 2004-cü ildən bu günədək uşaq siyasəti ilə bağlı 17 Dövlət Proqramı qəbul edilmişdir. Əvvəlki illərdə olduğu kimi bu il də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə ənənəvi olaraq 20 oktyabr – 20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində ölkəmizdə “Uşaq hüquqları aylığı” elan edilmişdir.
Xəbəri paylaş