3 aprel hərbiçi, vitse-admiral Həmid Qasımbəyovun doğum günüdür 0
3 aprel hərbiçi, vitse-admiral Həmid Qasımbəyovun doğum günüdür.
Mubarizciler.az xəbər verir ki, Həmid Həbib bəy oğlu Qasımbəyov 3 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. Kiçik yaşlarında ailəsi Gəncə şəhərinə köçür və o burada Nizami rayonu 3 saylı məktəbdə təhsil almağa başlayır. Onillik məktəbi bitirdikdən sonra Moskva Nəqliyyat İnstitutunun Dəmir yolu tikintisi fakultəsinə daxil olub. İkinci Dünya Müharibəsi başladıqdan sonra təhsili ilə yanaşı əlvan metallar zavodununda dəmirçi kimi işləyib. 1941-ci ilin payızında institut Tiflisə köçürülüb. 1941-ci il dekabr ayının sonunda Həmid Qasımbəyov Xəzər Dənizi Ali Hərbi Dənizçilik Məktəbinə daxil olub. 1945-ci ilin fevral ayında təhsilini bitirdikdən sonra leytenant Qasımbəyov Qara dəniz donanmasına xidmətə göndərilir. Xidməti yerinə çatdıqdan sonra ABŞ-da tikilən yeni gəmilərin qəbulu ilə məşğul olan komissiyaya daxil edilib.
1945-ci il may ayının əvvəlində komandanın tərkibində Sakit okean donanmasına Vladivostok şəhərinə göndərilir. Rəhbərliyin ABŞ-dan göndərilən gəmilərin qəbulu ilə bağlı tapşırığını yerinə yetirdikdən sonra mina təmizləmə gəmisinə şturman təyin edilir. 1945-ci ilin avqust-sentyabr aylarında Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak edib. Cənubi Saxalin və Kuril adalarını müdafiə etmək üçün xidmət göstərən mina təmizləmə gəmilərində xidmət göstərib. Kuril adalarının Port-Arturun mina əleyhinə müdafiəsi, Oxot və Yapon dənizlərinin, eləcə də Laperuz və Tatar boğazlarında mina təmizləmə əməliyyatlarında iştirak edib. 604 saylı mina təmizləmə gəmisində şturman kimi xidmət edən Qasımbəyov, güclü artilleriya atəşləri və yapon təyyarələrinin hücumu altında göstərdiyi xidmətə görə Qırmızı Ulduz ordeni ilə təltif edilmişdir. 1949-cu ildə Həmid Qasımbəyov Baltik Dənizi Donanmasına məxsus hərbi-dəniz bazasının komandiri vəzifəsinə təyin olunur. 1957-ci ildə isə, Polşanın Svinouste şəhərindəki Sovet Hərbi Dəniz Donanmasının hərbi müdafiə briqadasının komandiri vəzifəsinə təyin olunur.
1963-cü ildə isə, keçmiş SSRİ Müdafiə nazirliyinin ən güclü və strateji əhəmiyyət daşıyan Baltik Dənizi Hərbi Dəniz Donanmasının 71 saylı desant briqadasının komandiri təyin olunur. 1970-ci ildə SSRİ Hərbi Dəniz Donanması Komandanlığının xüsusi sərəncamı ilə Həmid Qasımbəyov Baltik Dənizi Hərbi Dəniz Donanmasının Baş hərbi qərargahının rəisi vəzifəsinə irəli çəkilir. 1971-ci ildə isə ona kontr-admiral ali hərbi rütbəsi verilir. 1973-cü ildən 1976-cı ilə kimi Baltik Dənizi Hərbi Dəniz Donanmasının qarnizon rəisi vəzifəsində fəaliyyət göstyərmişdir.
1977-ci ildə Xəzər Dənizi Hərbi Dəniz Donanmasının komandanı vəzifəsinə gətirilir. 9 iyul 1984-cü ildə SSRİ müdafiə nazirinin əmri ilə Həmid Qasımbəyova vitse-admiral ən ali rütbəsi verilir. 1984-cü ildə səhhəti ilə bağlı ordudan tərxis olunur.
2005-ci ildə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. İkinci Fəxri Xiyabanda dəfn olunub.
Xəbəri paylaş