8 Noyabr 2026: Azərbaycan–Türkiyə qardaşlığının yenidən şahə qalxdığı tarix

Azərbaycan və Türkiyə münasibətləri yalnız diplomatik əlaqələr, siyasi razılaşmalar və iqtisadi əməkdaşlıq çərçivəsində izah edilə bilməyəcək qədər dərin tarixi köklərə malikdir. Bu münasibətlər ortaq dilin, mədəniyyətin, tarixi yaddaşın və qarşılıqlı etimadın formalaşdırdığı qardaşlıq ənənəsinə söykənir. 8 Noyabr – Zəfər Günü isə bu qardaşlığın müasir tarixdə özünü nümayiş etdirdiyi mühüm simvollardan biridir. 2026-cı il 8 Noyabr tarixini Azərbaycan–Türkiyə qardaşlığının yenidən gündəmə gəlməsi, ortaq tarixi bağların və strateji tərəfdaşlığın əhəmiyyətinin vurğulanması baxımından dəyərləndirmək mümkündür. Bu münasibətlərin mahiyyəti ondan ibarətdir ki, iki dövlətin əlaqələri ayrı-ayrı siyasi dövrlərin sərhədləri ilə məhdudlaşmır; nəsillərdən-nəsillərə ötürülən mənəvi və tarixi bağlılıqla davam edir. 8 noyabr 2026-cı ildə baş verən hadisələr Azərbaycan–Türkiyə münasibətlərinin tarixində xüsusi diqqətə layiq siyasi və mənəvi məqam kimi yadda qaldı. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəvəti ilə Zəfər Günü münasibətilə Azərbaycana səfər etdi. Səfərin əsas ünvanlarından birinin məhz Şuşa olması bu görüşə xüsusi rəmzi məna qazandırdı. Şuşada iki dövlət başçısının təkbətək görüşü keçirildi, daha sonra birgə mətbuat bəyanatları səsləndirildi. Liderlərin çıxışlarında ortaq tarix, etnik köklər, dil, ədəbiyyat və mənəvi dəyərlərin iki ölkəni birləşdirən əsas amillər olduğu vurğulandı. Cənab Prezident İlham Əliyevin Azərbaycan–Türkiyə birliyinin sarsılmazlığına dair fikirləri, Prezident Rəcəb Tayyib Ərdoğanın isə qardaşlığın ortaq dil və tarix çərçivəsindən daha geniş məna daşıdığını bildirməsi görüşün əsas mesajları sırasında yer aldı. Bu səfərin əhəmiyyəti yalnız iki dövlət başçısının görüşü ilə məhdudlaşmırdı. Xankəndidə Zəfər abidəsinin önünə əklil qoyulması, Xocalı Soyqırımı Memorialının ziyarət edilməsi və Vətən müharibəsinin qəhrəmanları ilə görüş keçirilməsi ortaq yaddaşın, şəhidlərin əziz xatirəsinə ehtiramın və qələbənin mənəvi məsuliyyətinin nümayişi idi. 2026-cı il 8 Noyabr hadisələrinin siyasi əhəmiyyətini müəyyənləşdirən başqa bir məqam isə ondan ibarət idi ki, bu səfər iki ölkə arasında münasibətlərin müəyyən fikir ayrılıqları fonunda yenidən yüksək səviyyədə təsdiqlənməsinə imkan yaratdı. Beləliklə, Şuşadakı görüş Ankara ilə Bakı arasında dialoqun və qarşılıqlı etimadın qorunmasının vacibliyini göstərdi. Azərbaycan–Türkiyə qardaşlığının siyasi-hüquqi əsasları da möhkəm təməllərə söykənir. Türkiyənin 9 noyabr 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlət olması bu münasibətlərin tarixində mühüm yer tutur. 15 iyun 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi isə iki ölkə arasındakı münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldərək əməkdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirdi. Əslində, Azərbaycan–Türkiyə münasibətlərinin mahiyyətini anlamaq üçün yalnız rəsmi sənədlərə və diplomatik görüşlərə nəzər salmaq kifayət deyil. Bu qardaşlıq Birinci Dünya müharibəsindən Qurtuluş savaşına, Azərbaycanın müstəqillik mübarizəsindən 44 günlük Vətən müharibəsinə qədər uzanan ortaq tarixi yaddaşın daşıyıcısıdır. İki xalqın sevinci və kədəri, uğuru və sınaqları müxtəlif tarixi mərhələlərdə bir-birinə mənəvi yaxınlıq yaradıb. 8 Noyabr 2026-cı ildə Şuşada baş tutan görüşün mühüm tərəflərindən biri də məhz bu tarixi bağlılığın müasir siyasi münasibətlər kontekstində yenidən vurğulanması idi. Ankara və Bakı arasında münasibətlərin ayrı-ayrı fikir ayrılıqlarından daha geniş tarixi, siyasi və strateji çərçivəyə malik olduğu bir daha nümayiş etdirildi. Gələcək perspektivlər baxımından bu qardaşlığın əhəmiyyəti daha genişdir. Müdafiə və təhlükəsizlik, iqtisadiyyat, enerji, nəqliyyat, təhsil, elm, mədəniyyət və türk dünyasında inteqrasiya istiqamətlərində əməkdaşlığın dərinləşdirilməsi hər iki dövlətin regional və beynəlxalq mövqeləri baxımından əhəmiyyət daşıyır. 8 Noyabr 2026-cı il Azərbaycan–Türkiyə münasibətlərində yalnız növbəti diplomatik təmas kimi deyil, tarixi qardaşlığın və müttəfiqliyin yenidən təsdiqləndiyi əlamətdar gün kimi dəyərləndirilə bilər. Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları, iki dövlət başçısının görüşü və Zəfər Günü tədbirləri ortaq tarixi yaddaşın müasir dövlətçilik münasibətlərindəki yerini bir daha ön plana çıxardı.Dövlətlər arasında münasibətlər zaman-zaman müxtəlif siyasi və regional sınaqlarla qarşılaşa bilər. Lakin davamlı əməkdaşlığın əsas şərti qarşılıqlı hörmət, suverenliyə ehtiram, etimad və ortaq maraqların qorunmasıdır. Azərbaycan və Türkiyə münasibətlərinin gələcək inkişafı da məhz bu prinsiplərin möhkəmləndirilməsindən asılıdır. Bir həqiqət isə dəyişməz olaraq qalır: Azərbaycan və Türkiyə tarixinin səhifələrində qardaşlıq yalnız keçmişin xatirəsi deyil, gələcəyin də mühüm siyasi və mənəvi istiqamətidir. Şuşadan yüksələn mesaj isə belə səslənir: İki dövlətin bayrağı, bir-birinə bağlı iki xalqın ortaq tarixi və gələcəyə uzanan qardaşlıq iradəsi!
Məqaləmi Türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin qızıldanda dəyərli misralarıyla tamamlamaq istəyirəm:
Birdir bizim hər halımız
Diləyimiz, amalımız
Bayraqlarda hilalımız
Azərbaycan-Türkiyə.
Dinimiz bir, dilimiz bir
Ayımız bir, ilimiz bir
Eşqimiz bir, yolumuz bir
Azərbaycan-Türkiyə.
Məhəmməd Həsən Türksoy
Xəbəri paylaş







































0772703001 