Tərtərdə 8 Noyabr – Zəfər Günü münasibətilə növbəti ağacəkmə aksiyası keçirilib Fotolar + Yenilənib

Tərtər rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 8 Noyabr – Zəfər Günü münasibətilə növbəti ağacəkmə aksiyası təşkil olunub.
Mubarizciler.az xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun İsmayılbəyli kəndi ərazisində, Tərtər-Hindarx avtomobil yolunun kənarında keçirilən aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müsdəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, İcra Hakimiyyətinin əməkdaşları, idarə, müəssisə və təşkilatların işçiləri, YAP rayon təşkilatının könüllüləri eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər xalqımızın milli qürurunun, birliyinin və Vətənə bağlılığının təcəssümüdür. 8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən bu aksiya həm də tarixi Qələbəmizin əbədiləşdirilməsinə, Zəfər ruhunun gələcək nəsillərə aşılanmasına və Vətənə sevginin əməli fəaliyyətlə ifadə olunmasına xidmət edir.
Aksiya çərçivəsində əraziyə ümumilikdə 450 ədəd eldar şamı əkilib. Həmçinin, mövcud ağacların dibləri yumşaldılıb və onlara aqrotexniki qaydalara uyğun qulluq göstərilib. Həyata keçirilən yaşıllaşdırma tədbirləri rayonun ekoloji vəziyyətinin yaxşılaşdırılmasına, ətraf mühitin qorunmasına, gələcək nəsillər üçün daha sağlam və yaşıl mühitin formalaşdırılmasına mühüm töhfə verir.



Xəbəri paylaş







































0772703001 