Xəbər lenti
8-11-2026, 12:47
 
4-11-2026, 17:40
 

”6 il əvvəl yaranan yeni reallıqlar Azərbaycanın suverenliyinin tam bərpası ilə daha da möhkəmləndi”

Tarix: 10-11-2026 17:36     Baxış: 462

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatdan altı il ötür. Bu sənəd Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərin mühüm siyasi nəticələrindən biri olmaqla yanaşı, Cənubi Qafqazda yeni geosiyasi reallıqların formalaşmasının əsas mərhələlərindən birinə çevrildi.

44 gün davam edən Vətən müharibəsi Azərbaycanın hərbi-siyasi gücünü, beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini və xalqımızın milli iradəsini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində Ermənistanın işğalçı siyasəti iflasa uğradı, uzun illər davam edən status-kvo köklü şəkildə dəyişdi. Noyabrın 8-də Şuşanın azad edilməsi isə müharibənin taleyini müəyyənləşdirən həlledici hadisə oldu.

Bəzi qəzərli çevrələrdə Azərbaycanın müharibəni dayandırmaqla kifayətlənməsi, Şuşanın azad edilməsindən sonra hərbi əməliyyatların davam etdirilməməsilə bağlı yersiz ittihamlar səslənirdi. Hətta bu qərarı qələbənin yarımçıq saxlanılması kimi təqdim etməyə çalışanlar da vardı. Bu qaragüruh çevrələr anlamaq istəmirdi ki, Azərbaycan müharibəni dayandırmaq qərarını güclü mövqedən qəbul etmişdi.

Hadisələrin gedişi də qəbul edilən qərarın hərbi, siyasi və humanitar əsaslarının olduğunu təsdiqlədi. Bu mənada 10 noyabr bəyanatı Azərbaycanın hərbi qələbəsinin diplomatik müstəvidə təsdiqi idi. 

Məhz yeni hərbi-siyasi reallıqlar fonunda noyabrın 10-da üçtərəfli bəyanat imzalandı. Sənəd atəşin və bütün hərbi əməliyyatların dayandırılmasını, Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana 1 güllə atmadan, şəhid vermədən qaytarılmasını, bölgədə nəqliyyat və iqtisadi əlaqələrin bərpasını, məcburi köçkünlərin geri qayıtmasını nəzərdə tuturdu. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, “əgər müharibə davam etsəydi, Kəlbəcər və Laçın rayonlarını özü də artıq qış mövsümündə azad etmək çox çətin olardı. Halbuki biz bunu da edəcəkdik. Amma itkilərimiz həddindən artıq çox ola bilərdi, hətta 44 günlük müharibədə verdiyimiz şəhidlərin sayından qat-qat çox ola bilərdi. Əgər Ermənistan kapitulyasiya aktına imza atmasaydı biz, əlbəttə ki, müharibəni davam etdirəcəkdik son nöqtəyə qədər.”

Bəyanatda eyni zamanda, Ermənistanın üzərinə Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqəsinin təmin edilməsi ilə bağlı öhdəlik qoyulurdu.

Sənədin imzalanması Azərbaycanın hərbi qələbəsinin siyasi-diplomatik müstəvidə təsdiqi baxımından mühüm əhəmiyyət daşıyırdı. Bunun nəticəsi olaraq yüz minlərlə məcburi köçkünün doğma torpaqlarına qayıdışı üçün real imkan yarandı və regionda  siyasi və hərbi mənzərə dəyişdi.

10 noyabr bəyanatının əhəmiyyəti həm də Azərbaycanın qarşısında postmünaqişə dövrünün yeni vəzifələrini müəyyənləşdirirdi. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin başlanması, infrastrukturun yenidən qurulması, Böyük Qayıdış proqramının həyata keçirilməsi dövlət siyasətinin əsas istiqamətlərinə çevrildi.

Bununla yanaşı, bəyanatın bəzi müddəalarının Ermənistan tərəfindən tam və ardıcıl icra edilməməsi regionda dayanıqlı sülhün əldə olunmasını çətinləşdirirdi. Xüsusilə, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı davam edən iddialar, separatizmin saxlanılması cəhdləri postmünaqişə mərhələsində yeni çağırışlar yaradırdı.

Azərbaycan isə öz suverenliyinin və ərazi bütövlüyünün tam bərpası istiqamətində prinsipial siyasətini davam etdirdi. 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində konstitusiya quruluşu bərpa edildi. Beləliklə, 44 günlük Vətən müharibəsi ilə başlanan tarixi proses Azərbaycanın dövlət suverenliyinin tam təmin olunması ilə yeni mərhələyə qədəm qoydu.

Bu gün 10 noyabr bəyanatından ötən altı ilə nəzər saldıqda aydın görünür ki, bu sənədin imzalanması regionun siyasi arxitekturasında ciddi dəyişikliklərə yol açan tarixi hadisə idi. Azərbaycan müharibədən sonra da öz milli maraqlarını əsas götürərək regionda sülh və əməkdaşlıq gündəliyinin formalaşdırılması istiqamətində real addımlar atdı. Zəngəzur dəhlizi, regional kommunikasiyaların açılması, iqtisadi əlaqələrin bərpası və qarşılıqlı etimadın yaradılması bu gündəliyin mühüm istiqamətləridir. 2025-ci ilin avqustunda isə tərəflər Vaşinqtonda sülsh sazişinin mətnini parafladılar.  Beləliklə, Azərbaycan müharibəni də, sülhü də qazanan tərəf kimi mövqeyini daha da möhkəmləndirib.


Könül Nurullayeva 

Millət vəkili




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar