Xəbər lenti

Deputat: Şuşa Zəfəri – milli birliyin, azadlığın və milli birliyin rəmzi

Tarix: 04-11-2026 17:44     Baxış: 721

Şuşa şəhəri xalqımızın milli yaddaşını, mədəni kimliyini, tarixi qürurunu və mənəvi bütövlüyünü özündə birləşdirən ünvanlardan biridir. Qarabağın tacı sayılan Şuşanın taleyi uzun illər Azərbaycanın ictimai-siyasi həyatında xüsusi yer tutub. Bu məkanın işğal altında qalması xalqımızın yaddaşında ağır bir nisgilə çevrilsə də, doğma şəhərə qayıdış inamı heç vaxt sönməyib. 2020-ci il noyabrın 8-də bu inam gerçəkliyə çevrildi və Şuşanın azadlığı ilə Azərbaycan tarixinin yeni səhifəsi açıldı.

Şuşanın azad edilməsi Vətən müharibəsinin ən mürəkkəb və həlledici hərbi əməliyyatlarından biri idi. Dağlıq relyef, çətin keçidlər və düşmənin müdafiə mövqeləri Azərbaycan Ordusunun qarşısında ciddi maneələr yaratsa da, hərbçilərin qəhrəmanlığı və yüksək peşəkarlığı bu maneələri aradan qaldırdı. Şəhərin azadlığı təkcə hərbi üstünlüyün deyil, həm də milli iradənin, qətiyyətin və Vətən sevgisinin təntənəsi oldu. Bu Qələbə Azərbaycanın öz torpaqlarının sahibi olduğunu bir daha təsdiqlədi.

Prezident İlham Əliyevin Şuşanın azad edilməsi ilə bağlı xalqa müraciətində vurğuladığı “Əziz Şuşa, sən azadsan!” sözləri həmin tarixi günün ən yaddaqalan ifadəsinə çevrildi. Bu müraciət xalqın sevincini, illərlə gözlənilən qayıdışın mənəvi gücünü və dövlətimizin sarsılmaz əzmini nümayiş etdirirdi. Şuşanın azadlığı ilə 44 günlük Vətən müharibəsində əldə olunan Zəfərin mənəvi və strateji əhəmiyyəti daha da möhkəmləndi. Təsadüfi deyil ki, noyabrın 8-i ölkəmizdə Zəfər Günü kimi qeyd olunur.

Şuşanın əhəmiyyəti onun hərbi-strateji mövqeyi ilə məhdudlaşmır. Şəhər əsrlər boyu Azərbaycanın mədəniyyət və incəsənət həyatının əsas mərkəzlərindən biri olub. Burada formalaşan musiqi, poeziya və sənətkarlıq ənənələri milli mədəniyyətin zənginləşməsində mühüm rol oynayıb. Üzeyir Hacıbəyli, Bülbül, Xurşidbanu Natəvan, Xan Şuşinski kimi görkəmli şəxsiyyətlərin adı Şuşanın Azərbaycan mədəniyyətindəki müstəsna mövqeyini müəyyənləşdirir. Bu baxımdan, şəhərin işğaldan azad olunması həm də milli-mədəni irsin öz tarixi ünvanına qaytarılması demək idi.

Azadlıqdan sonra Şuşada başlanılan bərpa və quruculuq işləri dövlətin bu şəhərə münasibətinin aydın ifadəsidir. Tarixi abidələrin, məscidlərin, muzeylərin və digər mədəniyyət nümunələrinin bərpası ilə yanaşı, müasir infrastrukturun yaradılması istiqamətində ardıcıl addımlar atılır. Şuşanın Baş planı əsasında həyata keçirilən layihələr şəhərin tarixi memarlıq xüsusiyyətlərini qorumağı və eyni zamanda onun gələcək inkişafını təmin etməyi hədəfləyir. Zəfər yolunun çəkilməsi isə Şuşaya qayıdışın, şəhərin ölkənin digər bölgələri ilə əlaqələrinin möhkəmlənməsinin rəmzinə çevrilib.

Şuşanın mədəni həyatının yenidən canlandırılması da xüsusi diqqət çəkir. “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və Vaqif Poeziya Günlərinin ənənəvi olaraq doğma şəhərdə keçirilməsi onun əvvəlki şöhrətinin bərpasına xidmət edir. Şuşanın 2022-ci ildə “Şuşa İli” çərçivəsində ölkə gündəliyində xüsusi yer tutması, 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı, 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı, 2026-cı ildə isə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı elan edilməsi şəhərin beynəlxalq mövqeyini daha da gücləndirib. Bu statuslar Şuşanın yalnız Azərbaycanın deyil, daha geniş coğrafiyanın mədəni və turizm məkanlarından biri kimi tanındığını göstərir.

Şəhərin dirçəlişinin əsas göstəricilərindən biri də keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışıdır. 2026-cı il oktyabrın 23-nə olan məlumata əsasən, Şuşa şəhərində 377 ailə, 1 411 nəfər, Böyük Qaladərəsi kəndində 17 ailə, 78 nəfər, Kiçik Qaladərəsi kəndində isə 26 ailə, 90 nəfər məskunlaşıb. Beləliklə, ümumilikdə 420 ailə və 1 579 nəfər doğma torpaqlarında yeni həyata başlayıb. Bu rəqəmlərin arxasında illərlə davam edən həsrətin sona çatması, ailələrin öz evlərinə qovuşması və Şuşada həyatın yenidən canlanması dayanır.

Bu gün qarşıda duran əsas vəzifə Şuşanın tarixi simasını qorumaqla onun müasir yaşayış, mədəniyyət və turizm mərkəzi kimi inkişafını təmin etməkdir. Dövlət tərəfindən həyata keçirilən layihələr bu məqsədə xidmət edir. Şuşanın dirçəlişi həm də işğaldan azad edilmiş digər ərazilərin bərpası üçün mühüm nümunədir. Burada görülən işlər Azərbaycanın dağıdılmış yurd yerlərini yenidən qurmaq, insanların təhlükəsiz və layiqli yaşayışını təmin etmək əzmini nümayiş etdirir. 8 Noyabr – Şuşa şəhəri günü xalqımızın yaddaşında azadlığın, qələbənin və milli birliyin rəmzi kimi yaşayacaq. Dövlətin qətiyyəti, xalqın həmrəyliyi və ordunun gücü bir məqsəd ətrafında birləşdikdə ən çətin hədəflərə belə çatmaq mümkündür.


Bədəl Bədəlov

Milli Məclisin deputatı



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar