Ağstafada “Tarix yazan qəhrəmanlar” adlı ümumrayon tədbiri keçirildi Fotolar + Yenilənib

8 Noyabr Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar Ağstafa Rayon İcra Hakimiyyətinin müvafiq Tədbirlər Planına uyğun olaraq rayonda silsilə tədbirlər davam etdirilir.
Mubarizciler.az xəbər verir ki, Ağstafa rayon Mədəniyyət Evində dialoq formatında təşkil olunan “Tarix yazan qəhrəmanlar” adlı tədbirdə RİH başçısı Seymur Orucov, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, rayon ağsaqqalları və fəal gənclər iştirak ediblər.
Əvvəlcə Dövlət Himnimiz səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirələri böyük ehtiramla anılıb.
RİH başçısı bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasi xətti ilə xalqımızı tarixi qələbəyə aparan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Zəfər sadəcə torpaqlarımızın azad edilməsi deyil, həm də Azərbaycan əsgərinin, zabitinin və bütövlükdə xalqının adını dünya hərb tarixinə qızıl hərflərlə yazdırdığı bir qəhrəmanlıq dastanıdır. Tarixi yazanlar isə heç bir çətinlikdən qorxmayan, Vətən sevgisini canından üstün tutan oğullarımız — Azərbaycanın mərd qəhrəmanlarıdır. Tarix yazan qəhrəmanlarımızı tanımaq, onların xatirəsini əbədi yaşatmaq və gələcək nəsillərə ötürmək üçün bu cür maarifləndirici tədbirlərin əhəmiyyəti olduqca yüksəkdir və bu amal hər birimizin müqəddəs borcudur.
Vətən Müharibəsi Qəhrəmanı Azər Yusiflinin atası Nazim Yusifov qəlbinin qürurla alovlandığını qeyd edərək bildirib: “Biz illərlə torpaqlarımızın nisgilini çəkdik. Bizim övladlarımız və onların silah yoldaşları isə sadəcə torpaqlarımızı işğaldan azad etmədilər, onlar xalqımızın əyilmiş qəddini düzəltdilər, Vətənə şanlı Zəfər bəxş etdilər. Vətənə qəhrəmanlar bəxş etmiş şəhid valideynləri fəxr edirlər ki, tarix yazan, dastan yazan igid oğulların ataları və analarıdır.”
44 günlük Vətən Müharibəsi qazisi Fərid Mehman oğlu Əsgərov keçdiyi döyüş yolundan xatirələrini bölüşərək söyləyib: “Müharibənin ilk günündən hər bir əsgər Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşib otuz illik yurd nisgilinə son qoymaq, işğal altındakı torpaqları geri qaytarmaq və şəhidlərimizin qisasını almaq amalı ilə cəbhəyə atılaraq vuruşdu. Biz döyüş meydanında təkcə düşmənə diz çökdürmədik, həm də bütün dünyaya haqqın, ədalətin və vətən sevgisinin qarşısında heç bir qüvvənin dayana bilməyəcəyini sübut etdik.”
Ağstafa Rayon Ağsaqqallar Şurasının sədri Sənan Mustafayev, rayon ictimaiyyətinin nümayəndələri, gənc şair Rüfət Axundlu və Məmməd Məmmədli tədbirlə bağlı öz təəssüratlarını və fikirlərini bölüşüblər. Qeyd olunub ki, bu gün bizim qürurla bəhs etdiyimiz "Tarix yazan qəhrəmanlar" dedikdə gözümüzün önünə ilk növbədə rəşadətli Azərbaycan Ordusu gəlir. Bu gün bizim üzərimizə düşən ən böyük məsuliyyət o qəhrəmanların əmanəti olan azad Vətəni göz bəbəyimiz kimi qorumaq, şəhidlərimizin adını uca tutmaq və onların bizə miras qoyduğu qalib ruhu yaşatmaqdır.
Müqəddəs Vətən yolunda canından keçən şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfalar diləyirik. Eşq olsun Azərbaycan əsgərinə! Yaşasın Müstəqil və Qalib Azərbaycan!
Xəbəri paylaş






































0772703001 