Səxavət Qədirov: X Qlobal Bakı Forumu da dünyanı düşündürən problemlərin həlli yollarının tapılması baxımından səmərəli müzakirələr tribunası olacaq 0
X Qlobal Bakı Forumu da dünyanı düşündürən problemlərin həlli yollarının tapılması baxımından səmərəli müzakirələr tribunası olacaq
Azərbaycanda 10-cu ildir Qlobal Bakı Forumu keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən 60 ölkədən 350 nəfərin qatıldığı X Qlobal Bakı Forumunda Prezident İlham Əliyev və tədbir iştirakçıları tərəfindən səsləndirilən fikirlər bir daha sübut edir ki, dünya ictimaiyyəti, siyasi elitalar Azərbaycanı Cənubi Qafqazda güclü dövlət, Avrasiya geostrateji məkanında həyata keçirilən çox mühüm qlobal layihələrin əsas təşəbbüskarı kimi tanıyır və onunla hesablaşırlar. Bakı artıq dünyanın qlobal məsələlərin müzakirə edildiyi və problemlərdən çıxış yolunun tapıldığı siyasi mərkəzinə çevrilib. Forum həmçinin həm Azərbaycan, həm də dünya ölkələri üçün siyasi-sosial və geosiyasi, eyni zamanda, humanitar aspektdən önəmlidir. Hər dəfə Azərbaycanda keçirilən bu cür qlobal miqyaslı tədbirlərdə iştirak etmək üçün gələn qonaqlar ölkəmizin inkişafını, sosial-iqtisadi tərəqqisini əyani olaraq görürlər. Nəzərə alsaq ki, beynəlxalq tədbirlərdə iştirak edənlər ayrı-ayrı siyasi quruluşların, mədəniyyətlərin nümayəndələridir, o zaman Azərbaycanımızın birbaşa təqdimatı xüsusi hal kimi dəyərləndirilməlidir.
Qlobal Bakı Forumunun müxtəlif tərəflərin fikirlərini toplayan inklüziv və yaxşı platformaya çevrilməsində Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi və bu təsisat çərçivəsində irəli sürdüyü təşəbbüslər də mühüm rol oynayır. Belə ki, ölkəmiz Qoşulmama Hərəkatının sədri kimi qlobal problemlərə qarşı mübarizəyə öz töhfəsini verib. Məhz Prezident İlham Əliyevin çağırışı ilə BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunmuş xüsusi sessiyası keçirilib və dövlətimizin başçısı peyvənd millətçiliyi ilə bağlı narahatlığını ifadə edib. Bundan əlavə, Azərbaycan Qoşulmama Hərəkatına üzv ölkələrə koronavirusla mübarizə aparmaq üçün könüllü maliyyə yardımı ayırıb. Məhz bunun və saymaqla bitməyən bir çox digər tədbirlərin nəticəsidir ki, Hərəkata üzv ölkələr bu gün beynəlxalq aləmdə Azərbaycanın ədalətli mövqeyini, qlobal səylərini dəstəkləyir, ölkəmizə etimad göstərirlər. Artıq onlar əmindirlər ki, ölkəmizdə keçirilən tədbirlər mühüm məsələlərin müzakirəsi və təsirli qərarların qəbul edilməsi üçün mühüm platforma kimi çıxış edir.
Bütün bunları nəzərə alaraq əminliklə söyləmək olar ki, əvvəlki illərdə olduğu kimi, Azərbaycan paytaxtında keçiriləcək və müzakirə olunacaq mövzularının zənginliyi ilə seçilən X Qlobal Bakı Forumu da dünyanı düşündürən problemlərin həlli yollarının tapılması baxımından səmərəli müzakirələr tribunası olacaq.
Səxavət Qədirov,
YAP Goranboy rayon təşkilatının fəalı.
Xəbəri paylaş