Xəbər lenti

Rusdilli Boz Qurd.. 0

Tarix: 03-03-2023 18:43     Baxış: 1 858

Bu gün Azərbaycanın tanınmış televiziya jurnalisti, çox erkən itirdiyimiz Samir Əsgərxanovun 60 yaşı tamam olur…

Samirlə dost idim, amma onunla dostluq edə bilməmişdim.

Necə edəydim, harda edəydim – Samir dünyasını dəyişəndə cəmi 35 yaşı vardı…

Bakı Dövlət Universitetini bitirmişdi Samir Əsgərxanov (1963-1998).

“Московские новости” qəzetindən başlayan əmək fəaliyyəti yolu 1991-də AzTV-də davam etdi. Onunla AzTV koridorlarında deyil, bir dost məclisində tanış oldum. PKK terroru ilə bağlı diskusiya mübahisəyə keçdi. Beləcə “bərkə-boşa düşüb” dostlaşdıq. Bir müddət sonra – 1993-də Ankaraya köçdüm.

“Get yerləş, mən də gələcəm” demişdi.

Sözünü tutdu, gəldi.

Samir operatoru Ehtiram Nəsirovla 1994-ün soyuq bir qış günündə bizə gəldi.

Ankarada, Çankayadakı Sedat Simavi küçəsində yaşayırdım.

Evimin bir otağı kitabxana və ofis idi. Samiri maraqlandıran yaxşı materiallar vardı.

Gələn kimi siqaretini yandırdı. Gec saatlara qədər birini o birinə caladı. Evdə nə kitab vardısa hamısına toxundu, çoxunu vərəqlədi. Axşam 7-8 səhifə nəsə yazdı…

Samirdən qısa bir müsahibə aldım AzTV üçün, görəcəyi işlər haqda çox ehtiyatla danışdı. PKK terror təşkilatı ilə ermənilər arasındakı əlaqələri araşdırır, terrorla bağlı geniş tədqiqatlar aparırdı. İfrat dərəcədə hiper-aktiv idi, enerji dolu idi. Elə cazibə gücü, intellekt və ziyası var idi ki, maqnit kimi özünə çəkirdi.


1994-dən etibarən Samir “Qanlı iz”, “650 km uzununda yol”, “Satqın generallar” kimi beynəlxalq terror və erməni işğalı haqda böyük rezonansa səbəb olan çox sayda sənədli film hazırladı.

1997-də Samir bacısı Nana ilə (Nazirə Əsgərxanova) rus dilində “Mnenie” adında analitik jurnal buraxmağa başladı. Ancaq jurnalın cəmi 4 nömrəsi işıq üzü gördü – 9 fevral 1998-də Samir Eldar oğlu Əsgərxanov ürək tutmasından vəfat etdi.

Epikrizinə rəsmi olaraq “geniş infarkt” yazdılar. Amma bir çox insanın qafasında müxtəlif şübhələr, təxminlər vardı. 25 il keçib ağlıma gələn fərziyyələr məni də rahat buraxmır. Kimin nə fərziyyəsi var, bilmirəm. Məndə qalansa tərifsiz bir acı, dərin üzüntü və bir də onun kimsədə olmayan gözəl obrazı oldu…

Tanıdığım ən maraqlı rusdilli türkçü idi. Ona “Pусскоязычный Cерый Bолк” (Rusdilli Boz Qurd) deyirdim. Yaman xoşuna gələridi ona elə deyəndə. Qəfil ölümündən üç-dörd ay əvvəl zəng elədi ki, Alparslan Türkeşlə, Türkiyə Boz Qurdlarının əfsanəvi lideri ilə görüşüb müsahibə alacam. Türkeşin dəftərxanasına qədər gedib razılığını aldım. Amma Samir gələ bilmədi, 35 yaşına bir neçə həftə qalmış uçdu əbədiyyətə…

60 yaşın mübarək olsun, Rusdilli Boz Qurd!






Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Çox oxunanlar