Daşkəsəndə sahibkarlarla görüş keçirilib - Fotolar
Daşkəsən Rayon İcra Hakimiyyətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq Filialının birgə təşkilatçılığı ilə Daşkəsən rayonunda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.
Mubarizciler.az xəbər verir ki, Görüşdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, ƏƏSMN-nin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional İdarəsinin rəisi Elməddin Qurbanov, şöbə müdirləri Şəhriyar Kazımov, Pərviz Əliyev, RİHBA-nın əməkdaşları, sahibkarlar, bəzi müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər. Tədbirin məqsədi rayonda işə götürənlər və işaxtaranlar arasında əlaqənin düzgün qurulmasını təmin etmək, işsizlik səviyyəsinin azaldılmasına töhfə vermək və sahibkarlara dövlət dəstəyini artırmaq olub.
İcra başçısı Orxan Abbasov giriş nitqində bildirib ki, möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə sahibkarlığın inkişafının dəstəklənməsi, özəl sektorun fəaliyyətinin genişləndirilməsi, iqtisadiyyata investisiya qoyuluşlarının stimullaşdırılması yönündə geniş islahatlar aparılır. Dövlət başçısı tərəfindən qəbul edilmiş qanun və fərmanlar, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi eyni zamanda iş adamlarına verilən siyasi dəstəyin təzahürüdür. Respublikamızdakı siyasi-iqtisadi sabitlik Daşkəsən rayonuna da yerli investorlarla yanaşı, xarici investorların marağını artırmışdır.
Dövlət Məşğulluq Agentliyinin əməkdaşları çıxışlarında Agentliyin fəaliyyət istiqamətinin işsizliyin azaldılması və məşğulluğun artırılması məqsədilə vətəndaş yönümlü məşğulluğa dair siyasət qərarlarının inkişaf etdirilməsi olduğunu diqqətə çatdırıblar. İştirakçılara sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilməsi və işçilərə əməkhaqqının bir hissəsinin Dövlət Məşğulluq Agentliyi tərəfindən işsizlikdən sığorta vəsaiti hesabına verilməsi qaydaları, həmçinin işaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili haqqında ətraflı məlumat veriblər.
Tədbir qarşılıqlı müzakirə şəraitində davam edərək, sahibkarları maraqlandıran suallar cavablandırılıb. Müzakirələr zamanı qeyri-formal məşğulluq halları ilə bağlı məsələ də xüsusi diqqət mərkəzində olub. Həmçinin əmək müqaviləsi bağlanarkən diqqət yetirilməli məqamlar və işçilərin hüquqları haqqında işəgötürənlər maarifləndirilib.
Sahibkarlar ölkəmizdə onların fəaliyyəti üçün yaradılan şəraitlə bağlı ölkə başçısına minnətdarlıq bildirərək, “məşğulluq marafonu”, “əməkhaqqının birgə maliyyələşdirilməsi proqramı”, “peşə hazırlığı” və digər istiqamətlərdə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıblar.
Xəbəri paylaş