5 iyul Heydər Əliyevin anası İzzət xanımın doğum günüdür - FOTO 0
5 iyul ən böyük Azərbaycanlıya layla çalan bəstəkarın (Heydər Əliyevin anası) İzzət xanımın doğum günüdür.
Mubarizciler.az xatırladır ki, İzzət xanım 1895-ci ildə Qərbi Azərbaycanın Zəngəzur mahalındakı Comərdli kəndində anadan olub.
Bu kənd Zəngəzurun bağ-bağatlı, səfalı guşəsi olub, dağ kəndləri içərisində gözəlliyi ilə seçilirmiş. Kəndin özülünü ulu baba Comərd qoyub. Onlar iki qardaş olublar: Comərd və qardaşı Alagöz Məhəmməd. İzzət xanım sayılıb-seçilən, böyük hörmət və nüfuz sahibi olan Comərdin nəslinin törəməsidir. Comərdli kəndində yaşayanların hamısı İzzət xanımın tayfasından hesab olunur. Dağ qızı olan İzzət xanım elə dağ kimi də uca, əzəmətli, vüqarlı olub. Füsunkar gözəlliyi, qeyrəti ilə dövrün qız-gəlinlərindən fərqlənib. Ağır təbiətli, utancaq olduğu üçün babası onu çox sevərmiş.
Ermənilərin Zəngəzur torpağına olan təcavüzü İzzət xanımın ömür kitabında gənclik xatirələrinin ən acı səhifələridir. Öz torpağından didərgin düşənlər Naxçıvanın ətrafında olan kəndlərdə - Qazançı, İşıqlar, Cəhri və Milax kəndlərində məskunlaşırlar. Həyat yoldaşı Əlirza və İzzət xanım isə Naxçıvana gəlirlər. Lakin İzzət xanımın çəkdiyi müsibətlərin hamısından dəhşətlisi Comərdlidən qaçarkən yolda gördüyü mənzərə olub. Çox sevdiyi, gözəlliyi, boy-buxunu ilə seçilən 23 yaşlı qardaşı Heydərin meyiti onu sarsıdıb. İzzət xanımın qaçqın düşmək ağrısından daha çox sevimli qardaşının ölümü yandırırdı. Düz on beş il İzzət xanım bacı-qardaşlarının sağ olub-olmamasından xəbər tuta bilməyib. Bir gün isə qardaşı övladlarının sağ olması xəbərini ona verirlər. Özü nəql edirdi ki, “qardaşlarımın ətrini yenicə tapdığım övladlarından alanda elə bil dünyaya təzədən gəldim”. Məsmə, Səkinə, Rzaqulu, Humay...Onlar İzzət xanım üçün artıq yoxluğa çevrilmiş bacı-qardaş tapıntısına bərabər sevinc idilər.
Xəbəri paylaş