Bəzi Qərb dairələri ilə sülhməramlılar erməni təxribatılarını dəstəkləməklə eyni missiyanı yerinə yetirirlər - Deputat 0
Bu təxribatların arxasında, Rusiya sülhməramlı qüvvələri ilə yanaşı, həm də müəyyən ermənipərəst və islamafob Qərb qüvvələrinin, Qarabağdakı terrorçuların himayəçisi kimi çıxış edən Fransanın da dayandığı görünməkdədir.
44 günlük Vətən müharibəsindən sonra Ermənistan sülh danışıqlarına kölgə salmaq üçün mütəmadi olaraq müxtəlif təxribatlara əl ataraq regional sabitliyə kölgə salıb. Azərbaycan istər 30 illik işğal, istərsə də postmünaqişə dövründə Ermənistanın hansı zamanlarda təxribatlara əl atdığının, diqqəti yayındırmaq cəhdlərinin şahididir. ABŞ-ın təşəbbüsü ilə Vaşinqtonda XİN rəhbərlərinin görüşü başlayan kimi Qarabağdakı qanunsuz erməni silahlıları tərəfindən təxribat törədilməsi də həmin addımların tərkib hissəsidir. Təbii ki bu təxribatın kökündə Azərbaycanla Ermənistanın sülh danışıqları üçün masaya oturmasını ləngitmək, eyni zamanda öz revanşist niyyətlərini gerçəkləşdirmək məqsədi dayanır. Radikal erməni qruplaşmalarının bu təxribatının hansı məqsədə xidmət etdiyi aydındır. Bununla da Ermənistan rəhbərliyi özünün çirkin niyyətlərindən və əməllərindən əl çəkmədiyini göstərmiş oldu. Baş verənlər onu təsdiqləyir ki, Ermənistan 44 günlük Vətən müharibəsindəki məğlubiyyətindən nəticə çıxarmayıb.
Bütün bunlar onu deməyə əsas verir ki, düşmən ölkə törətdiyi təxribatlarla bir daha “sülh istəmirik” mesajı verir. Təəssüf ki, erməni təxribatı nəticəsində bir əsgərimiz yaralandı. Amma ordumuzun cavabı gecikmədi, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində erməni qanunsuz hərbi birləşməsinin 5 üzvü məhv edildi. Azərbaycan Ordusu Ermənistanın ölkəmizə və hərbi bölmələrimizə qarşı ardıcıl həyata keçirdiyi təxribatların hansı acı nəticələrə gətirib çıxaracağını bir daha göstərdi.
Bu fikirləri Mubarizciler.az-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.
Deputat qeyd edib ki, son zamanlar Ermənistan ciddi cəhdlə revanşa, yeni hərbi əməliyyatlara, hücuma hazırlaşırdı. Həm Qarabağda, həm də sərhəddə təxribatların sayı artmışdı. Törədilən hər bir təxribatın qarşısının qətiyyətlə alınması Ermənistana ciddi dərs olmalıdır. 2022-ci ildə keçirilən Fərrux və Sarıbaba əməliyyatları ermənilərin qanunsuz hərbi birləşmələrinin törətdiyi təxribatlara cavab məqsədi daşıyırdı və nəticədə çoxlu düşmən silahlısı məhv edilərək böyük ərazilər nəzarətə götürüldü. Bu əməliyyatlarla Ermənistan tərəfinə, sülhməramlılara, eyni zamanda separatçılara çox vacib bir mesaj verildi ki, sonrakı mərhələdə Qarabağın ərazisində, Azərbaycan silahlı qüvvələrini təhrik edəcək dərəcədə harada atəşkəs pozularsa, orada Rusiya sülhməramlı qüvvələri “qeyri-qanuni birləşmələri” sığortalaya bilməz, çünki “Fərrux” əməliyyatı sırf Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət etdiyi ərazidə baş tutmuşdu. İş burasındadır ki, bu təxribatların arxasında, Rusiya sülhməramlı qüvvələri ilə yanaşı, həm də müəyyən ermənipərəst və islamafob Qərb qüvvələrinin, Qarabağdakı terrorçuların himayəçisi kimi çıxış edən Fransanın da dayandığı görünməkdədir. Bu sırada Avropa Parlamenti daxilindəki korrupsioner siyasətçilərin, ayrı-ayrı təşkilatların da adını çəkmək də mümkündür. Çünki onların addımları da Rusiya sülhməramlılarının addımlarından o qədər də fərqlənmir. Əgər sülhməramlılar müvəqqəti nəzarətlərində olan ərazilərdə qeyri-qanuni dəstələri himayə edirsə, bəzi Qərb dairələri də ərazidə baş verən proseslərə qeyri-obyektiv, ermənipərəst yanaşmaları ilə dolayısı ilə eyni missiyanı yerinə yetirirlər. Avropa Parlamentinin bir qrup korrupsioner deputatının erməni lobbisindən aldığı vəsaitlər müqabilində Laçın yolunun blokadada olması ilə bağlı Azərbaycana qarşı qərəzli qətnamə qəbul olunması da qeyd olunanların bir hissəsidir. Hətta ermənilər özləri də etiraf edirlər ki, Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə yaşayan sakinlər arasında aclıq müşahidə olunmur. Ermənistan parlamentinin hakim partiyadan olan deputatı Torosyan Qarabağda “aclıq və blokada” olduğunu bildirən jurnalistə cavabında “Orada aclıq yoxdur, şişirtmək lazım deyil” deyərək cavabı vermişdi. Amma Avropa Parlamenti Laçın yolunda blokada olduğunu və oradakı ermənilərin aclıqdan əziyyət çəkdiklərini bildirir. Erməni deputatı isə avropalı korrupsioner siyasətçiləri ifşa edərək, onların dediklərinin əksini bildirərək reallığı söyləyir. Təbii ki, onların qərəzli qətnamələrinin heç bir əsası yoxdur, tamamilə qeyri-obyektiv və qərəzli bir kağız parçasıdır.
Anar Məmmədov qeyd edib ki, Azərbaycan postmüharibə dövründə təxribatlara qətiyyətli cavab verib, erməni silahlı birləşmələrinin törətdikləri təxribatların qarşısının alınması məqsədilə uğurlu əməliyyatlara imza atıb. Müharibədən sonrakı dövrlərdə ağır məğlubiyyətdən dərs çıxarmayan ermənilərin təxribatlarına verilən cavabların hamısı Azərbaycanın daha bir üstünlüyü, şəksiz qələbəsi ilə tamamlanıb. Xain düşmən anlamalıdır ki, qarşıdurmaların qarşısının alınması üçün Ermənistan 10 noyabr bəyannaməsinin 4-cü bəndinə riayət etməlidir. 44 günlük Vətən müharibəsində BMT-nin qətnamələri icra olunduğu kimi, Azərbaycan ordusu qarşı tərəfi bu bəndin icrasına məcbur etməlidir. Əks təqdirdə Dəmir yumruğun şiddəti ilə Ermənistan tarixinin qaranlıq səhifələrinə qərq olacaq.
Xəbəri paylaş