Xəbər lenti

Göyüş Nağıyev: Mümkünsüzü mümkünə çevirən qalib Azərbaycan Ordusu 105 yaşını qeyd edir 0

Tarix: 25-06-2023 23:36     Baxış: 3 318

Mümkünsüzü mümkünə çevirən qalib Azərbaycan Ordusu 105 yaşını qeyd edir.

 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə ölkədə ordu quruculuğu sahəsində mühüm addımlar atıldı. 1918-ci il oktyabrın 23-də respublika hökumətinin iclasında Hərbi Nazirliyin yaradılması qərara alındı. Nazirlər Şurası tərəfindən belə bir qərar 1918-ci il noyabrın 1-də imzalandı. Hökumətin qərarı ilə 1918-ci il iyunun 26-da ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Müsəlman Korpusunun adının dəyişdirilməsi və Əlahiddə Azərbaycan Korpusu kimi adlandırılması Milli Silahlı Qüvvələrin yaradılması istiqamətində əhəmiyyətli addım olmuşdur. Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayandı. Ölkəmizdə güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordunun yaradılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə böyük diqqət yetirildi. Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. 1993-cü ilin yayında ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində genişmiqyaslı islahatlar həyata keçirildi, peşəkar, yüksək səviyyəli nizami ordu formalaşdı. Ümummilli lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən iyunun 26-sı - Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edildi. Ulu Öndər hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzaladı. Akademiyanın təsis olunması hərbi sahədə milli kadr ehtiyatının formalaşması prosesinin keyfiyyət etibarilə yeni inkişaf mərhələsi idi. 

2001-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün kadr hazırlığının təkmilləşdirilməsinin təmin edilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi-Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı. Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. Azərbaycan hərbçiləri NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər.

Vətən müharibəsindəki parlaq Qələbə şanlı Ordumuzun gücünün və qüdrətinin göstəricisi oldu. Azərbaycan Ordusu heç vaxt mülki obyektləri hədəf almadı, dinc sakinlərə zərər vermədi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü bərpa etdi. Tarixi ədalət bərpa olundu. Bölgəmizdə yeni reallıq yarandı. Bu reallığı dövlət-xalq-ordu birliyi yaratdı. Azərbaycan yaratdı bu reallığı. 27 ildir icra olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirildi. Müasir texnologiyalara yiyələnən, son nəsil silahlara sahib olan Azərbaycan Ordusu tarixi, əzəli torpaqlarımızı işğaldan azad etmək uğrunda beynəlxalq hüquq çərçivəsində legitim döyüşlər apardı və böyük Zəfərimizi xalqımızın tarixinə qızıl hərflərlə yazdı. Dövlətçiliyimizin ən şərəfli səhifələrini yazan bu zəfərlə Azərbaycan faşist ideologiyasına əsaslanan Ermənistanın 30 illik işğalına son qoymaqla dünyada qalib xalq, məğlubedilməz dövlət kimi özünü yenidən təsdiq etdi. Azərbaycanın tarixinə Zəfər səhifəsini yazan Azərbaycan Ordusu dünya hərb tarixinə qalib ordu kimi adını həkk etdirdi.


Göyüş Nağıyev

Eyvazlılar kənd ümumi orta məktəbin direktoru.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar