Goranboyda alim Arif Məmmədovun 65 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirildi Fotolar

Goranboy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun tarix elmləri doktoru, tanınmış alim Arif Məmmədovun 65 illik yubileyinə həsr olunmuş “Azərbaycanın orta əsrlər dövrü tarixinin və arxeologiyasının aktual problemləri” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirildi.
Mubarizciler.az xəbər verir ki, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, tarix elmləri doktoru, professor Hidayət Cəfərov, tarix üzrə fəlsəfə doktoru, dosent Cabir Bağırzadə, tarix elmləri doktoru, professor Abbas Seyidov, digər elm adamları rayon ağsaqqalları, ziyalılar, şəhid ailələri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi konfransdan əvvəl tədbir iştirakçıları Goranboy şəhərinin mərkəzində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini ehtiramla yad etdilər.
Daha sonra iştirakçılar Ümummilli Lider Heydər Əliyevin xalqına həsr olunmuş mənalı ömür yolunu, zəngin dövlətçilik fəaliyyətini və Azərbaycan dövlətçiliyinin inkişafındakı müstəsna xidmətlərini əks etdirən fotoguşə ilə tanış oldular.
Tədbirin rəsmi hissəsində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Ardınca Arif Məmmədovun elmi yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirildi.
Konfransda çıxış edən Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev tarix elminin xalqın milli kimliyinin qorunmasında, tarixi yaddaşının yaşadılmasında və gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişdirilməsində mühüm rol oynadığını vurğulayaraq Azərbaycanın zəngin tarixi irsinin öyrənilməsi, tarixi həqiqətlərin elmi əsaslarla araşdırılması və əldə olunan nəticələrin geniş ictimaiyyətə çatdırılmasının alimlərin qarşısında duran mühüm vəzifələrdən olduğunu bildirdi.
Rayon rəhbəri çıxışında Ümummilli Lider Heydər Əliyevin Azərbaycan ziyalılarına, elm adamlarına və alimlərə hər zaman yüksək dəyər verdiyini, elm və təhsilin inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirdiyini qeyd etdi. Vurğuladı ki, Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası nəticəsində ölkədə milli elmi potensialın gücləndirilməsi, elmi tədqiqatların genişləndirilməsi və gənc nəslin hərtərəfli inkişafı üçün mühüm zəmin yaradılıb.
Məhərrəm Quliyev bildirdi ki, Ümummilli Liderin zəngin dövlətçilik irsinin, xalqımızın çoxəsrlik tarixinin və milli-mənəvi dəyərlərinin öyrənilməsi, qorunması və gələcək nəsillərə çatdırılması hər bir ziyalının, xüsusilə tarixçi alimlərin qarşısında mühüm vəzifələr qoyur. Bu baxımdan, Arif Məmmədov kimi alimlərin elmi fəaliyyəti tariximizin araşdırılması, tarixi yaddaşımızın yaşadılması və elmi irsimizin zənginləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Çıxışının sonunda İcra başçısı Arif Məmmədovu 65 illik yubileyi münasibətilə təbrik edərək, ona möhkəm cansağlığı, uzun ömür və elmi fəaliyyətində yeni uğurlar arzuladı
Tədbirdə çıxış edən tarix elmləri doktoru, professor Hidayət Cəfərov, tarix üzrə fəlsəfə doktoru, dosent Cabir Bağırzadə, tarix elmləri doktoru, professor Abbas Seyidov, digər elm adamları, rayon ağsaqqalları, ziyalılar Arif Məmmədovun elmi fəaliyyətindən, tarix elminin inkişafına verdiyi töhfələrdən və Azərbaycan tarixinin öyrənilməsi istiqamətində apardığı araşdırmaların əhəmiyyətindən bəhs etdilər. Alimin elmi yaradıcılığının tarixi irsin tədqiqi və elmi biliklərin gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyəti qeyd olundu.
Natiqlər tariximizin dərindən öyrənilməsinin, tarixi həqiqətlərin elmi əsaslarla araşdırılmasının və əldə olunan nəticələrin ictimaiyyətə çatdırılmasının vacibliyini vurğuladılar. Belə tədbirlərin alimlərin elmi irsinin tanıdılması, gənc nəslin tariximizə marağının artırılması və ziyalılar arasında əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətli olduğu bildirildi.
Yubilyar Arif Məmmədov göstərilən diqqətə, yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransın yüksək səviyyədə təşkilinə və elmi fəaliyyətinə verilən dəyərə görə minnətdarlığını bildirərək qeyd etdi ki, tarixi-mədəni irsimizin qorunması, tarixi həqiqətlərin üzə çıxarılması, elmi tədqiqatların davam etdirilməsi və əldə olunan nəticələrin geniş ictimaiyyətə çatdırılması tarixçi alimlərin qarşısında duran əsas vəzifələrdəndir. O, həmçinin gənc tədqiqatçıların yetişdirilməsinin, elmi biliklərin gələcək nəsillərə ötürülməsinin və Azərbaycan tarixinin öyrənilməsi istiqamətində beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırdı. Arif Məmmədov yubiley tədbirinin təşkilini elmi fəaliyyətə və milli tariximizin tədqiqinə göstərilən yüksək diqqətin ifadəsi kimi qiymətləndirərək, konfransın təşkilatçılarına və iştirakçılarına bir daha təşəkkürünü bildirdi.

Sonda Arif Məmmədova Goranboy rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı təqdim olundu
Qeyd edək ki, bu cür tədbirlər görkəmli alimlərin elmi irsinin təbliği, milli tariximizin öyrənilməsinə marağın artırılması və cəmiyyətimizdə elmə verilən dəyərin nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.





Xəbəri paylaş







































0772703001 