Goranboyda təhsil işçilərinin sentyabr konfransı keçirilib Fotolar

Goranboy rayonunda, Goranboy rayonu və Naftalan şəhəri üzrə təhsil işçilərinin sentyabr konfransı keçirildi.
Mubarizciler.az xəbər verir ki, Konfransda Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini Kəmalə Hüseynova, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Goranboy-Naftalan təhsil sektorunun müdiri Vüsal Cəfərov, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və digər təhsil işçiləri iştirak etdilər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Goranboy şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular və Ümummilli Liderin əziz xatirəsinə dərin ehtiramlarını ifadə etdilər.
Daha sonra iştirakçılar şagirdlərin əl işləri, yaradıcılıq nümunələri, müxtəlif layihələr çərçivəsində hazırlanmış materiallar və təhsil sahəsində əldə olunan nailiyyətləri əks etdirən sərgiyə baxış keçirdilər.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Konfransda çıxış edən Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev təhsil sahəsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu bildirərək, ölkəmizdə təhsilin inkişafı, müasir təhsil infrastrukturunun formalaşdırılması, müəllimlərin fəaliyyətinin dəstəklənməsi və gənc nəslin hərtərəfli inkişafının təmin edilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildiyini qeyd etdi.
Məhərrəm Quliyev yeni tədris ilinin başlanması münasibətilə təhsil işçilərini təbrik edib, onlara məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayaraq, gələcək nəslin savadlı, vətənpərvər və yüksək mənəvi dəyərlərə malik şəxsiyyət kimi formalaşmasında müəllimlərin mühüm rol oynadığını diqqətə çatdırdı.
Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini Kəmalə Hüseynova çıxış edərək təhsil işçilərini yeni tədris ilinin başlanması münasibətilə təbrik edərək, ölkəmizdə təhsil sahəsinin inkişafına göstərilən dövlət qayğısından, təhsilin keyfiyyətinin yüksəldilməsi və təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışdı.
Daha sonra Goranboy-Naftalan təhsil sektorunun müdiri Vüsal Cəfərov hesabat xarakterli məruzə ilə çıxış edərək 2025–2026-cı tədris ilində sektor üzrə görülmüş işlər, əldə olunmuş nəticələr və təhsil müəssisələrinin fəaliyyəti barədə məlumat verdi.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov çıxışında region üzrə təhsil sahəsində həyata keçirilən tədbirlər, əldə olunan nəticələr və qarşıda duran vəzifələr barədə məlumat verərək, təhsil müəssisələrində idarəetmənin təkmilləşdirilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində işlərin bundan sonra da davam etdiriləcəyini qeyd etdi.
Sonda yeni tədris ilində təhsil sahəsində qarşıya qoyulan məqsədlərin uğurla həyata keçirilməsi, təhsil müəssisələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi və yüksək nəticələrin əldə olunması istiqamətində işlərin davam etdiriləcəyi bildirildi.
Konfransın sonunda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirildi.

Xəbəri paylaş







































0772703001 