Goranboyda “İsmayıl Qarayev Ədəbiyyat Günləri” adlı ədəbi-bədii gecə keçirildi Fotolar

Goranboy Rayon İcra Hakimiyyəti, Azərbaycan Yazıçılar Birliyi və Mədəniyyət Nazirliyinin Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə tanınmış Azərbaycan yazıçısı İsmayıl Qarayevin həyat və yaradıcılığına həsr olunmuş “İsmayıl Qarayev Ədəbiyyat Günləri” adlı ədəbi-bədii gecə yazıçının Tap Qaraqoyunlu kəndində yaşadığı evdə keçirildi.
Mubarizciler.az xəbər verir ki, Milli-mənəvi dəyərlərimizin, ədəbi irsimizin qorunması və gənc nəsillərə çatdırılması məqsədilə təşkil edilən tədbirdə rayon rəhbərliyi, respublikanın tanınmış elm, mədəniyyət və ədəbiyyat xadimləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik süktla yad edildi.
Tədbiri giriş sözü ilə açan Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev görkəmli yazıçı, SSRİ Yazıçılar İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir çox əsərlərin, hekayə, felyeton, novella, oçerk, şeir, poema və povestlərin müəllifi İsmayıl Qarayevin Azərbaycan ədəbiyyatında tutduğu xüsusi mövqedən, onun qələmə aldığı əsərlərin bədii-fəlsəfi əhəmiyyətindən söhbət açaraq doğma torpağa, el-obaya bağlı olan yazıçının irsinin yaşadılması və gələcək nəsillərə ötürülməsi hər birimizin mənəvi borcu olduğunu bildirdi.
Çıxış edən digər qonaqlar da ədibin zəngin yaradıcılıq yoluna nəzər saldılar.
Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri Rauf Aslanov, Milli Məclisin deputatı, yazıçı Aqil Abbas, Akademik Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri Xəzangül Hüseynova, Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri, şair Vəli Qaraçaylı, şəhid, milli qəhrəman Niyazi Aslanovun həyat yoldaşı Rübabə İsmayılova, tarix üzrə fəlsəfə doktoru Gündüz Hacıyev, yazıçı-publisist İsgəndər Səklikov və yazıçının qızı, yazıçı-publisist Vəsimə İsmayılqızı İsmayıl Qarayevin milli ədəbiyyatımızın inkişafındakı xidmətlərindən, ədəbi mühitdəki nüfuzundan, əsərlərindəki vətənpərvərlik, insanlıq və xalq ruhunun tərənnümündən söhbət açaraq, onunla bağlı xatirələrini bölüşdülər. İsmayıl Qarayevin xatirəsinə göstərilən diqqət və qayğıya görə təşkilatçılara minnatdarlıqlarını bildirdilər.
Qarayeva Vəsimə İsmayıl qızına yazıçı İsmayıl Qarayevin ədəbi irsinin yaşadılmasına və tədbirin təşkilinə verdiyi dəstəyə görə, Əsədov Əsəd Cahangir oğluna milli-mənəvi dəyərlərimizin qorunması, təbliği və gənc nəslə aşılanması istiqamətində Goranboy rayonda keçirilən mədəni-kütləvi tədbirlərin yüksək səviyyədə təşkilinə verdiyi töhfəyə görə, Abbasov Vaqif Məhərrəm oğluna yazıçı İsmayıl Qarayevin yaradıcılıq gecəsində fəal iştirakına, tədbirin uğurla keçirilməsinə verdiyi dəyərli töhfəyə görə, Aslanov Rauf Kərim oğluna milli-mənəvi dəyərlərimizin qorunması, təbliği və gənc nəslə aşılanması istiqamətində Goranboy rayonda keçirilən mədəni-kütləvi tədbirlərin yüksək səviyyədə təşkilinə verdiyi töhfəyə görə və Əmiraslanov Qoca Elşən oğluna yazıçı İsmayıl Qarayevin yaradıcılıq gecəsinin keçirilməsinə göstərdiyi dəstəyə görə İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim edildi.
Tədbirin rəsmi hissəsindən sonra yazıçının kitablarından ibarət sərgiyə baxış keçirildi, əsərlərindən parçalar səsləndirildi, onun həyat və yaradıcılıq yolunu əks etdirən geniş bədii-musiqili kompozisiyalar təqdim olundu. “İsmayıl Qarayev Ədəbiyyat Günləri” iştirakçılarda dərin təəssürat yaradaraq, bölgədə mənəvi-mədəni mühitin daha da canlanmasına öz töhfəsini verəcəkdir.


Xəbəri paylaş







































0772703001 