Ürfət Həsənov: 44 günlük Vətən müharibəsində şanlı Qələbəmizə aparan yolı Aprel döyüşlərindən başladı 0
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsi, həmin müharibəyə qədər baş verən Aprel döyüşləri (2016-cı il, 1-5 aprel), Günnüt zəfəri (2018-ci il, 20-27 may), Tovuz döyüşləri (2020-ci il, 12-17 iyul) və diplomatik cəbhədə görülən işlər memarı ulu öndər Heydər Əliyev olan müstəqil Azərbaycanın keçdiyi uğurlu inkişaf yolunun əzəmətindən xəbər verir. Lakin, bu dəfə qazanılan qələbə əvvəlki dövrlərdən fərqli olaraq daha əsaslı idi. Bu zəfəri daha da möhkəm edən Azərbaycan ordusunda, Azərbaycan diplomatiyasındakı nəzərəçarpacaq qədər hiss olunan inkişaf idi. Dəyişməyən isə Azərbaycan xalqının iradəsi və vətən eşqi idi. Qeyd edək ki, 44 günlük Vətən müharibəsində şanlı Qələbəmizə aparan yolı Aprel döyüşlərindən başladı. Məhz 2016-cı ilin aprelin əvvəlində hələ o dövrdə mövcud olmuş təmas xəttində işğalçı Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatına qarşı həyata keçirilən hərbi əməliyyatlar bir daha göstərdi ki, Azərbaycan dövləti və xalqı işğalla heç zaman barışmayacaq və torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcək. Düşmənin 2020-ci ilin sentyabrın 27-də baş verən növbəti təxribatı nəhayət 44 günlük Vətən müharibəsinin başlanması ilə nəticələndi. Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhəboyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar olaraq, Prezident İlham Əliyevin fərmanı ilə 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edildi. 28 sentyabrda imzalanmış sərəncama görə isə respublikada qismən səfərbərlik elan edildi.İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan xeyli az itki ilə böyük zəfərə imza atdı. Başlanğıcda bir sıra kəndləri və strateji körpüləri işğaldan azad etdikdən sonra Azərbaycan Silahlı Qüvvələri oktyabrın 22-də Qarabağın İranla cənub sərhədini tamamilə azad etdi və 23 oktyabrda Laçın Dəhlizinə doğru irəliləməyə başladı. Laçın Dəhlizi Qarabağdakı qondarma qurumla Ermənistanı birləşdirən yeganə böyük (digərləri ilə müqayisədə) magistral yol idi. Azərbaycan ənənəvi olaraq gün ərzində hərbi karvanların qarşısını almaq üçün artilleriya, minaatan və hətta birbaşa atəş və ya idarə olunan raketlərlə Ermənistan ordusuna zərbələr endirirdi.
Davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı, 8 noyabrda Şuşa şəhəri və ümumilikdə 300 dən çox kənd və yaşayış yerləri vişğaldan azad edilmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabr ayının 8-də xalqımıza Şuşanın azad edilməsi müjdəsini verdi. “Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir” söyləyən cənab İlham Əliyev əminliklə bildirmişdir: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” Şuşa zəfəri, əslində, müharibənin taleyini həll etdi. Ertəsi gün daha 70-dən çox kəndin azad olunması xəbəri gəldi və bundan bir gün sonra N.Paşinyan Azərbaycan Prezidentinin şərtlərini qəbul edərək “kapitulyasiya aktı”na imza atmağa məcbur oldu. Noyabr ayının 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bəyanata əsasən noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan, heç bir şəhid verilmədən azad edildi. Bəyanatda həmçinin Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir. Beləliklə, Azərbaycanın hərbi qələbəsi Ermənistanı kapitulyasiyaya məcbur etdi. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan xalqı tarixi qələbə qazanmış, ölkəmizin ərazi bütövlüyü bərpa olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2020-ci il 3 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il 8 noyabr tarixinin Azərbaycanda “Zəfər Günü” kimi qeyd edilməsi qərara alınmışdır. 44 günlük Vətən müharibəsi dövründə Cənab Prezident İlham Əliyev 30-a yaxn xarici KİV-ə müsahibə verdi. Bu müsahibələrdə dövlət başçısı Azərbaycanın haqlı mövqeyini, müharibənin başlanma səbəblərini sistemli şəkildə, siyasi uzaqgörənliklə beynəlxalq auditoriyanın diqqətinə çatdırdı. Məhz bu müsahibələr Azərbaycanın informasiya savaşında da qələbəsini təmin etdi. Bəşər tarixinin son onillikləri müharibələrlə doludur. Lakin heç bir dövlət başçısı həmin müharibə zamanı çoxlu sayda aparıcı KİV-in maraq dairəsinə düşməyib. Bu baxımdan Cənab Prezident İlham Əliyevə müsahibə üçün dünyanın bir çox tanınmış media qurumlarının müraciət etməsi, ilk növbədə, Azərbaycan Prezidentinin qlobal miqyasda nüfuzlu lider olmasından irəli gəlirdi. Beləliklə, döyüş meydanında qalib olan Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev informasiya savaşından da qalib oldu.Ən mühümü odur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həm də erməni təbliğatına düşmənin maraqlarını müdafiə edən informasiya məkanlarında tutarlı zərbə vurdu. Bununla da, həm Ermənistan, həm də dünya erməni şovinizminin Azərbaycana qarşı qərəzli informasiya mühiti yaratmaq xülyası iflasa uğradı.
Ölkə başçısı 2020-ci il dekabr ayının 3-də Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində “Vətən müharibəsi memorial kompleksi” və “Zəfər muzeyi”nin yaradılması haqqında sərəncam imzalamışdır. Həmçinin, “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı, “Zəfər” və “Qarabağ” ordenləri, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və digər medallar təsis edilmişdir.Qeyd edək ki, Cənab Prezident İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində 44 günlük Vətən müharibəsndə Türkiyə, Pakistan, Əfqanıstan və digər ölkələr Azərbaycana mühüm mənəvi-siyasi dəstək göstərdilər. Qardaş Türkiyənin xalqımıza dayaq durması qələbəmizdə mühüm rol oynadı. Bundan əlavə, Cənab Prezident İlham Əliyevin böyük nüfuzu və şəxsi səyinin nəticəsidir ki, Qoşulmama Hərəkatına üzv olan ölkələr də ölkəmizə siyasi dəstək verdilər. Buna görə də, N.Paşinyanın rəhbərlik etdiyi hərbi-xunta höküməti beynəlxalq ictimaiyyəti aldatmaq təşəbbüsləri iflasa uğradı.
Dekabrın 10-da isə keçirilən möhtəşəm Zəfər paradı isə Azərbaycanın hərbi gücünü və tarixi Qələbəmizi bütün dünyaya bir daha nümayiş etdirdi. Zəfər paradı müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 gün davam edən “Dəmir yumruq” hərbi əməliyyatında qazandığı tarixi Qələbənin təcəssümü oldu. Paradda nümayiş etdirilən texnikalar dövlətimizin başçısı İlham Əliyev tərəfindən hərbi sahəyə göstərilən diqqət və qayğını nümayiş etdirdi. Hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi, düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunmuşdur. Aprelin 12-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin xüsusi təşəbbüsü ilə Bakıda salınan Hərbi Qənimətlər Parkının açılışı olmuşdur. Hərbi Qənimətlər Parkı qazanılan tarixi Zəfərin nümayişi baxımından xüsusi əhəmiyyət kəsb edir. Buraya gələn hər bir ziyarətçiyə Vətən müharibəsinin gedişatı barədə təqdim edilən eksponatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır. Beləliklə, 44 günlük müharibə Azərbaycan xalqının nə qədər vətənpərvər, böyük xalq olduğunu, milli birliyini, həmrəyliyini bütün dünyaya sübut etdi. Azərbaycan tarixi torpaqlarına - Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə, digər şəhər və rayonlarımızda törədilən soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Güclü Ordumuz, rəşadətli əsgər və zabitlərimizdir.
Ürfət Həsənov
Goranboy rayon Sukanal İdarəsinin rəisi.
Xəbəri paylaş