Vüqar İsayev: İnkişafa hədəflənmiş islahatlar ölkəmizin qüdrətini artırır

Bu gün beynəlxalq aləmdə xüsusi çəkisi olan Müstəqil Azərbaycan Respublikasının gücü-qüdrəti durmadan artır və ölkə vətəndaşlarının maddi rifahı günü-gündən yüksəlir.
Şübhəsiz ki bütün bunların əsasında Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət, Müzəffər Liderimizin rəhbərliyi ilə ölkənin inkişafına hədəflənmiş islahatlar və vətəndaş cəmiyyətinin inkişafına, mənəvi dəyərlərin güclənməsinə və vətəndaş məmnunluğunun təmin edilməsinə yönəli qəbul edilən qərarlar dayanır. Müstəqil ölkəmizin tərəqqisinin geniş vüsət almasında kadr islahatlarının mühüm rolu vardır. Bu istiqamətdə düşünülmüş addımlar atılır və hər zaman ilk növbədə, xalqın və dövlətin maraqları, milli mənafeləri əsas götürülür. 12 noyabr 2025-ci ildə Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbulu zamanı yeni təyin olunmuş kadrlara böyük etimad göstərərək verdiyi tapşırıq və tövsiyələr bunun əyani sübutudur. Qəbul zamanı Prezident İlham Əliyevin yeni təyin olunan kadrlara verdiyi tövsiyələrdə əməyə, dürüstlüyə və xalqa xidmətə əsaslanaraq bu böyük etimadın doğruldulmasının vacibliyini qeyd etməsi, məmurların həm işdə, həm də şəxsi həyatlarında təvazökar və nümunəvi olmalarının vacibliyini vurğulaması, dövlət idarəçiliyində etik standartların önəmini bir daha ortaya qoydu. Korrupsiya və təkəbbürlü davranışların həm şəxsi nüfuz, həm də dövlət imici üçün ziyanlı olduğu xüsusi olaraq qeyd olunan görüş zamanı Prezident İlham Əliyev qeyd etdi ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər, ifrat dərəcədə təkəbbürlülük göstərirlər, özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını itirirlər, eyni zamanda, dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olurlar. Bununla bərabər, bəzi hallarda korrupsiyaya, rüşvətxorluğa düçar olurlar. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur və belə hallar əfsuslar olsun ki, bu gün də var. Ancaq o da cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq. Ona görə sizdən tələbim, eyni zamanda, xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimimin düzgün olduğunu sübut etməkdir. Əks təqdirdə, əlbəttə ki, lazımi ölçülər götürüləcəkdir. Bölgələrdə elektrik enerjisi, magistral və kənd yolları, içməli su layihələri, xəstəxana və məktəb tikintisi kimi əsas infrastruktur işləri demək olar ki, başa çatdığını və məşğulluqla bağlı məsələlərin əsas prioritet məsələ olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda bütövlükdə məşğulluqla bağlı son illər ərzində çox böyük islahatlar aparılıb, işsizliyin səviyyəsi aşağı düşüb. Ancaq o da həqiqətdir ki, bu gün hələ də bölgələrdən Bakıya, böyük şəhərlərə miqrasiya meyilləri mövcuddur. Bunun müxtəlif səbəbləri var. Miqrasiyanın, kəndlərdən şəhərlərə axının mövcud olması təkcə bizim ölkə üçün xas deyil, inkişaf etmiş ölkələrdə də bu var. Təbii ki, böyük şəhərlərdə imkanlar da genişdir, yaşayış səviyyəsi də daha yüksəkdir. Bütün bunlar başa düşüləndir. Ancaq, eyni zamanda, bölgələrdən şəhərlərə miqrasiyanın səbəblərindən biri də işsizlikdir. Bölgələrdə insanları işlə təmin etmək üçün indi dövlət müxtəlif addımlar atır, müəssisələr yaradılır, sahibkarlara güzəştli kreditlər verilir, özünüməşğulluq proqramı uğurla icra edilir. Artıq on minlərlə insan bu proqramla əhatə olunub. Ona görə yerlərdəki rəhbərlərdən də tələbim odur ki, iş yerlərinin yaradılmasına çalışsınlar, iş adamlarına şərait yaratsınlar. Təbii ki, onlara dəstək vermək lazımdır. Çünki yerli istehsalın inkişafı həm məşğulluq məsələlərini təmin edir, eyni zamanda, yerli istehsalı da gücləndirir. Kənd təsərrüfatı və turizmlə bağlı son müddət ərzində dövlət xətti ilə bir çox önəmli addımlar atılmışdır. Bunu daha da genişləndirmək lazımdır. Xüsusilə turizm üçün cəlbedici olan bölgələrdə bu, iqtisadiyyatın, bölgə iqtisadiyyatının kənd təsərrüfatı ilə birlikdə əsas amilini təşkil etməlidir. Qeyd olunduğu kimi Prezident İlham Əliyevin siyasətində vətəndaş məmnunluğunun təmin edilməsi bütün dövrlərdə prioritet məsələ kimi öndə dayanıb və bu gün də dayanır. Məmur-vətəndaş münasibətləri dayanıqlı inkişafın təmin edilməsində əsas faktorlardan biri kimi önə çəkilir. Dövlət başçısı yeni vəzifələrə təyin olunan şəxslərlə görüşdə bir daha bu çağırışı etdi ki, yerlərdə bu gün hələ də mövcud olan, insanları narahat edən məsələlər öz həllini tapmalıdır. Burada da əsas prinsip sosial ədalət prinsipidir. Hər bir bölgədə, hər bir kənddə insanlar görməlidir və bilməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir. Vaxtilə bizim bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi də məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi. Artıq o məmurlardan əsər-əlamət qalmayıb.
Bəli, ölkə Prezidenti cənab İlham Əliyevin daha uğurlu gələcəyə hesablanmış praqmatik siyasətinin davamlılığı, bölgələrdə sosial-iqtisadi inkişafın gücləndirilməsi, məmurların məsuliyyətli fəaliyyəti və şəffaflıq prinsiplərinin qorunması, korrupsiya və qanunsuzluğa qarşı sərt mövqe, dövlət idarəçiliyində güclü nəzarət və ictimai etimadın qorunması, bacarıqlı və yeni təfəkkürlü, yüksək əxlaqi-mənəvi keyfiyyətlərə malik kadrların irəli çəkilməsi ölkəmizə, cəmiyyətimizə daha çox səmərə verəcəkdir.
Vüqar İsayev
YAP Göygöl rayon təşkilatının sədri
Xəbəri paylaş







































0772703001 