Elçin Tağıyev: Novruz Bayramı Azərbaycanın qədim adət - ənənələrini özündə əks etdirən milli Bayram 0
Novruz Bayramı Azərbaycanın qədim adət - ənənələrini özündə əks etdirən milli Bayram
İnsanları baharın gəlməsi, təbiətin oyanması, həyatın canlanması ilə müjdələyən Novruz bayramı ən qədim dövrlərdən bəri xalqımızın sevinc, şadlıq bayramı olmuş, tarixən müxtəlif dövrlərdə təyziqlərə məruz qalmasına baxmayaraq, bu günümüzə qədər gəlib çatmışdır. “Bu milli bayramın indi belə dövlət səviyyəsində qeyd edilməsi Azərbaycanın müstəqil siyasətinin bəhrələrindəndir”. Ümummilli lider Heydər Əliyevin Novruz bayramı haqqında söylədiyi bu dəyərli fikirdə Novruzun bütün türkdilli xalqların bayramı olduğu vurğulanır. Novruz bayramının yaşının dünyanın yaşı ilə bərabər tutanlar səhv etmirlər. Çünki bu bayramda məhz ən qədim adət-ənənə, inancların, folklor nümunələrinin izini müşahidə etmək mümkündür. Novruz gecə il gündüzün bərabərliyi, şaxtalı qarlı qışın öz yerini məhsuldar yaz fəslinə verdiyi dövrün bir başlanğıcıdır. Novruz xeyirxahlıq, dostluq, birlik rəmzidir. Lakin Novruz təkcə bir xalqın bayramı yox dünyada yaşayan 50 milyon Azərbaycanlının, ümumilikdə bütün Türk xalqının bayramıdır. Elə Novruzun ən maraqlı cəhətlərindən biridə onun həm fərdi, həm də ümumxalq bayramı olmasıdır. Dərin köklərə malik “Kitabi Dədə “Qorqud”, “Qobustan” adlı möhtəşəm söz abidələrilə yaşayaraq bu günümüzə qədər gəlib çıxan Novruz adət-ənənələrimiz gələcək nəsillərin yaddaşinda hələ uzun illər yaşayacaq.
Novruz bayramının təşəkkül tapmasında, inkişaf etməsində xalqımızın mühüm töhfəsi var. Sovet dövründə Novruz bayramının keçirilməsinə sərt qadağalar qoyulsa da, xalqımız onu həmişə qeyd etməyə can atıb. Milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən Ulu Öndər Heydər Əliyev demişdir: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi keşməkeşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”.
Ulu öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizin bərpası və qorunub saxlanması sahəsində ardıcıl olaraq dövlət siyasətini formalaşdıraraq qədim bayramlarımızı bərpa etmiş, onlara ümummilli bayram statusu vermişdir. Məhz bundan sonra Novruz bayramı xalq arasında daha geniş qeyd edilməyə başladı, azərbaycançılıq ideologiyası baxımından yüksək dəyərləndirildi. Prezidentin də Novruz şənliklərində iştirakı xalqın böyük sevincinə səbəb oldu. Sovet dövründə olan bütün qadağalar Novruz bayramının üzərindən götürüldü, həyatında yeni bir mərhələ başladı. Heydər Əliyev siyasətini Prezident İlham Əliyevin uğurla inkişaf etdirməsi də öz bəhrəsini verdi. Azərbaycanın zəngin mədəni dəyərlərini qlobal dünyaya tam və bütöv şəkildə təqdim etmək sahəsində daha böyük uğurlara imza atıldı.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın sayəsində 2009-cu il Azərbaycan mədəniyyətinin dünyada tanıdılması sahəsində uğurlu bir il oldu. Heydər Əliyev Fondu və Respublika Mədəniyyət və Turizm Nazirliyinin birgə əməyi sayəsində Novruz bayramı və Azərbaycan aşıq sənəti YUNESKO tərəfindən dünya xalqlarının qorunan qeyri-maddi mədəni irsi siyahısına daxil edildi.
2010-cu ilin fevralın 23-də BMT Baş Məclisinin 64-cü sessiyasında "Sülh mədəniyyəti" adlı 49-cu bəndə müvafiq olaraq Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş və Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Türkiyə, Albaniya, Hindistan və Makedoniyanın həmmüəllifi olduqları "Beynəlxalq Novruz Günü" adlı qətnamə layihəsinin Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi tərəfindən təqdimatı keçirildi və Qətnamə yekdilliklə qəbul edilmiş oldu. Bu səbəblə BMT martın 21-ni Beynəlxalq Novruz Günü elan etmişdir.
Bu hadisə Azərbaycan dövlətinin bütün xalqlarla həmrəylik, dostluq və anlaşma şəraitində yaşamaq istəyini bir daha dünya dövlətlərinin diqqətinə çatdırmaq baxımından da çox önəmli idi. Qəbul edilmiş qətnamənin başqa bir cəhətini də qeyd etmək vacibdir.
BMT-də üzvlük dövründə Azərbaycan bu təşkilatda böyük nüfuz qazanmış, onu özünün milli-mənəvi dəyərlərini dünyada yaymaq üçün nüfuzlu bir tribunaya çevirmişdir. Bu isə bilavasitə ölkəmizdə mədəni dəyərlərimizin qorunub saxlanmasına və bərpasına ardıcıl olaraq göstərilən düzgün dövlət siyasətinin məntiqi nəticəsidir. Məlum olduğu kimi, xalqımız dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə milli-mədəni dəyərlərimizə güclü qayıdış başlanmışdı.
Elçin Tağıyev,
YAP Goranboy rayon təşkilatının fəalı.
Xəbəri paylaş