Bu gün Azərbaycan poeziyasının dühası və Göyçə aşıq məktəbinin parlaq siması olan Aşıq Ələsgərin doğum günüdür.
Mubarizciler.az xatırladır verir ki, Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. Atası Alməmməd kəndin hörmətli şəxslərindən sayılıb; əsas məşğuliyyəti dülgərlik olub. Eyni zamanda, bədahətən söz demək, şeir qoşmaq istedadı olub. Ara-sıra qoşma, bayatı, gəraylı söyləyib.
Alməmməd kişinin ailəsi böyük olub: dörd oğlu, iki qızı dünyaya gəlib. Uşaqlarını saxlamaq üçün o, Cavanşir mahalının meşələrindən quru ağac, odun daşıyıb, Göyçə mahalının kəndlərində satıb, 8 nəfər külfətini bir qarın ac, bir qarın tox dolandırıb.
Uşaqları böyüdükcə Alməmməd kişinin qayğıları da çoxalıb. Artıq o, ailəsinin ehtiyaclarını ödəyə bilməyib, tez-tez maddi çətinlik qarşısında qalıb. Buna görə də böyük övladı Ələsgəri 14 yaşında Kərbəlayı Qurban adlı bir varlıya nökər verib. Ələsgər 2 il Kərbəlayı Qurbanın həyətində nökərçilik edib.
Təbiətcə mülayim, insanpərvər bir şəxs olan Kərbəlayi Qurbanın Səhnəbanı adında 10-12 yaşlı bir qızı olub. Yeniyetmə Ələsgərlə onun arasında mehriban, səmimi münasibət yaranıb, onlar bir-birini seviblər. Ancaq Kərbəlayı Qurbanın Məhərrəm adlı bir qardaşı olub. Var-dövləti çox olduğuna görə mahalda ona "pullu Məhərrəm" deyiblər. O, Səhnəbanını öz oğluna almaq istəyib. Buna görə gənclərin bir-birinə olan məhəbbətindən xəbər tutan kimi Ələsgəri Kərbəlayı Qurbanın həyətindən qovdurub. Səhnəbanını isə öz oğluna alıb. Uşaqlıq və yeniyetməlik illərini Ağkilsədə keçirən Aşıq Ələsgər xüsusi təhsil ala bilməyib. O, sənətin sirlərini kənd camaatının içində, el sənətkarlarının və ağsaqqallarının yanında öyrənib. Hələ kiçik yaşlarından tez-tez müxtəlif məclislərə gedən Ələsgər mollaların hadisələrinə, dərvişlərin nağıllarına, aşıqların dastanlarına həvəslə qulaq asıb. Güclü yaddaşı olduğundan eşitdiyi söhbətlərin hamısını hafizəsində saxlayıb, sonra heç bir çətinlik çəkmədən başqalarına danışıb.
Azərbaycan xalq şeirinin ən böyük nümayəndələrindən və bu şeirin ən uca zirvələrini fəth edən sənətkarlardan olub. Aşıq poeziyasını bol həyati müşahidələrlə zənginləşdirib, həm məzmun, həm forma rəngarəngliyi, həm də saf, duru xalq dilindən istifadə baxımından Aşıq Ələsgər Azərbaycan, ümumən türk şeirinə misilsiz xidmətlər göstərib.
O, bir sıra görkəmli aşıqlardan dərs alıb, özündən sonra gələn aşıqlara qüvvətli təsir göstərib. Demək olar ki, aşıq yaradıcılığının bütün sahələrinə müraciət edib və Azərbaycan ədəbiyyatında böyük iz buraxıb.
O, ilk şerlərini də yeniyetməlik çağlarında aşıqların, xalq sənətkarlarının təsiri ilə söyləyib. Səhnəbanıdan ayrılandan sonra isə ilhamı daha da coşub-çağlayıb, çalıb-oxumağa, söz deməyə meyli çoxalıb. Bu zaman atası onu qızılvəngli Aşıq Alının yanına aparıb, Ələsgər Alının şagirdi olub.
Bir müddət ustad yanında şagirdlik edən Ələsgər aşıqlıq sənətinin sirləri ilə bərabər, ədəb və mərifət qaydalarını da öyrənib. Aşıq Alı onu tamam hazırlayandan sonra bir toy məclisində Ələsgərlə deyişib və şagirdinin şöhrətini qaldırmaq, onu el içində ucaltmaq məqsədilə özünü qəsdən məğlub edərək sazını qalib tərəfə-Ələsgərə təslim etmək istəyib. Ələsgər isə böyük təvazökarlıq hissi ilə ustadının qarşısında baş əyib, ona öz ehtiramını bu sözlərlə ifadə edib:
Bir şəyird ki, ustadına kəm baxa,
Onun gözlərinə qan damar, damar
Şagirdlik dövrünü başa vurduqdan sonra Ələsgər əvvəlcə Göyçədə aşıqlıq edib, ağır toy məclisləri aparıb. Tezliklə onun şöhrəti qonşu mahallara yayılıb, Ələsgər gözəl bir sənətkar kimi İrəvana, Naxçıvana, Qazaxa, Qarabağa, Cavanşir ellərinə, Gəncəyə, Kəlbəcərə çağırılıb, hər yerdə özünün yüksək mərifəti, ədəbi, gözəl səsi, bənzərsiz ifası ilə məclisdəkiləri heyran qoyub.
Aşıq Ələsgərin səsi, nəfəsi, mənəvi-əxlaqi zənginliyi kimi zahiri görkəmi də aşıqlıq sənəti üçün biçilib. Müasirlərinin dediyinə görə o, ucaboy, enlikürək, bədəncə sağlam, qüvvətli olub. Qara gözləri, qalın çatma qaşları, dolu sifəti, iri burnu olub. Əyninə uzun ətəkli arxalıq, üstündən çuxa, ayağına məst geyər, başına buxara papaq qoyub. Başını təmiz qırxdırıb saqqal saxlayıb. Sazı sol əli ilə çalar, sağ əlini pərdələr üzərində gəzdirər, zil nazik səsi ilə çox şirin və məlahətli oxuyub.
Bu keyfiyyətlər onu Azərbaycanın hər yerində şöhrətləndirib, ustad bir sənətkar kimi məşhurlaşdırıb. Tezliklə aşığın ətrafına çoxlu şagird toplaşıb, Ələsgər onlara aşıqlıq sənətinin sirlərini başa salıb, saz tutub söz deməyi öyrədib. Bu aşıqların çoxu sonralar görkəmli sənətkar kimi tanınıb məşhurlaşıb.
İlk məhəbbəti daşa dəyəndən sonra uzun müddət Səhnəbanını unuda bilməyən Ələsgər 40 yaşına qədər subay qalıb, sonra Kəlbəcərin Yanşaq kəndindən Anaxanım adlı bir qızla evlənib. O, gözəl bir ailə başçısı olub, həmişə uşaqlarının maddi-iqtisadi qayğılarını çəkib. Övladlarının nazı ilə oynayan aşıq, eyni zamanda, öz əməksevərliyi, iş-gücü ilə onlara nümunə göstərib.
Aşığı görənlərin dediyinə görə, o, zəhməti sevən, ömrünün axırına qədər əlini işdən çəkməyən bir adam olub. Yaz-yay aylarında əkinçiliklə, qışda isə aşıqlıqla məşğul olub. Lap qoca yaşlarında əkin əkər, yer şumlayar, taxıl və ot biçininə gedər, xırman işləri görüb. Onun əlindən dülgərlik, araba bağlamaq, dəyirman sazlamaq, ev tikmək işləri də gəlib. Ömrünün çoxunu xalqın içərisində, toy, şadlıq məclislərində keçirən Aşıq Ələsgər təkcə Azərbaycanda yox, Türkiyədə, İranda və Dağıstanda da ustad bir sənətkar kimi tanınıb. XIX əsrin 50-ci illərindən başlayaraq çiynində saz müxtəlif mahalları gəzib-dolaşan aşıq xalqın şad günündə, toy-düyünündə çalıb-çağırıb, onun ağır vəziyyətini gördükdə baisi yamanlayıb, ona lənətlər yağdırıb.
Qoca yaşlarında Aşıq Ələsgərin həyatında bir neçə bədbəxt hadisə baş verib. 1910-cu, yaxud 1912-ci ildə onun xalası oğlu Molla Rəhim 28 illik sürgündən sonra qayıdıb Ağkilsəyə gəlib. Ələsgərin oğlu Bəşir bilmədən onu güllə ilə vurub öldürüb. Bu hadisədən möhkəm təsirlənən aşıq:
Nagah badi-sərsər əsdi üstümə,
Ömür bostanımın tağı kəsildi.
Öz əlimlə xəta dəydi özümə,
Bədəndən qolumun sağı kəsildi - bəndi ilə başlayan qoşmasını yazıb.
1915-ci ildə aşığın həyatında daha kədərli bir hadisə baş verib: qardaşı oğlu, həm də kürəkəni cavan yaşında vəfat edib. Bir il sonra oğlu Bəşir kəndin koxasını güllə ilə vurub qaçıb. Bundan ötrü aşığın qardaşı Xəlili və ortancıl oğlu Əbdüləzizi tutublar. Bu hadisələr qoca aşığın qəlbində dərin bir qüssə, qəm-kədər əmələ gətirib. Onun sənətkar ürəyi elə tutulub ki, bir daha əlinə saz alıb çala bilməyib.
1918-1919-cu illərdə daşnakların türklərə törətdiyi qırğın nəticəsində Göyçə mahalının var-yoxu talanıb, əhali öz dədə-baba yurdunu tərk edib başqa yerlərə köçməyə məcbur olub. İki ilə qədər Yanşaqda yaşayan aşıq-şair sonra Tərtərə köçüb, bir neçə ay da orada qalıb. Bu yerlərin hər birində aşığı hörmətlə qarşılasalar da, onun ürəyi-gözü Göyçədə qalıb. Qəlbi tez-tez qubarlanır, gözünü açıb gördüyü doğma yerlər: Sarınər, Murov, Muşoy dağları, Xaçbulaq yaylaqları üçün darıxıb.
Nəhayət, 1921-ci ildə o, Ağkilsəyə qayıdıb, ömrünün son illərini doğma kəndində yaşayıb. Ancaq onun çal-çağırlı günləri qurtarıb. Ömrünü toylarda, şadlıqlarda keçirən aşıq evdə oturmaqdan darıxıb, qocalıqdan, xəstəlikdən şikayətlənib.O, tez-tez keçmiş günləri xatırlayıb, dünya, həyat barədə düşünüb kədərlənib:
Səksəni, doxsanı keçibdir yaşım,
Əzrayıl həmdəmim, məzar yoldaşım.
Gor deyə tərpənir bəlalı başım,
Daha köç təbilin çal, qoca baxtım.
Aşıq Ələsgər 1926-cı il mart ayının 7-də doğulduğu kənddə vəfat edib, Ağkilsə qəbiristanlığında dəfn olunub. Aşığın ölümündən sonra Azərbaycan folklorçuları onun əsərlərini toplayıb yazıya alıb və nəşr ediblər. 1972-ci ildə Aşıq Ələsgərin anadan olmasının 150 illiyi Azərbaycanın hər yerində böyük təntənə ilə qeyd olunub, bu münasibətlə Azərbaycan Elmlər Akademiyası tərəfindən onun əsərlərinin ikicildlik elmi nəşri hazırlanıb və çap olunub.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Aşıq Ələsgər Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.