NDU-da Mahirə Hüseynovanın 65 illik yubileyi qeyd olundu Fotolar
Bu gün Naxçıvan Dövlət Universitetində filologiya elmləri doktoru, professor, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynovanın 65 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
Mubarizciler.az xəbər verir ki, tanınmış dilçi professorun həyat və yaradıcılığına həsr olunmuş tədbirdə ictimaiyyət nümayəndələri, mədəniyyət və elm xadimləri, ziyalılar, Yazıçılar Birliyinin əməkdaşları, universitetin professor-müəllim heyəti, tələbələr və yubilyarın ailə üzvləri iştirak ediblər.
Tədbirin rəsmi hissəsində açılış nitqi ilə çıxış edən NDU-nun rektoru Elbrus İsayev dəyərli elm xadimi Mahirə Hüseynovanı zəngin elmi irsi, səmərəli pedaqoji fəaliyyəti və yüksək insani keyfiyyətləri ilə seçilən alim olaraq səciyyələndirib. Qeyd edilib ki, o, uzun illər ərzində Azərbaycan dilçiliyinin inkişafında xidmətləri olan dəyərli pedaqoq, tanınmış ictimai xadim və məhsuldar şairədir. Rektor NDU-nun "Fəxri professor"u Mahirə Hüseynovaya ali təhsil ocağına verdiyi töhfələrə görə öz dərin təşəkkürlərini bildirib, həmçinin dəyərli alimin NDU-da keçirilən tədbirlərdə iştirakını əks etdirən foto və məlumatların yer aldığı xatirə kitabı və rəsm əsəri hədiyyə edib. E. İsayev yubilyarı 65 illik yubileyi münasibəti ilə təbrik edib, cansağlığı və gələcək elmi fəaliyyətində uğurlar arzulayıb.
Sonra yubilyarın elmi və pedaqoqji fəaliyyəti ilə bağlı məruzələr dinlənilib.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Naxçıvanın təhsil naziri Elxan Nəcəfov , Milli Məclisin deputatı, Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyevanın təbrik çıxışları dinlənilib. Natiqlər yubilyara təbriklərini çatdırıb, hədiyyələr təqdim ediblər. Həmçinin AMEA Naxçıvan Bölməsi, Təhsil Nazirliyi və Həmkarlar İttifaqları Şurası adından professor M.Hüseynovanın çoxşaxəli elmi fəaliyyəti yüksək dəyərləndirilərək fəxri fərmanlar təqdim olunub.
Azərbaycanın “Qabaqcıl təhsil işçisi” döş nişanı, “Qızıl qələm” Media Mükafatı Laureatı, “İlin Alimi” Media Mükafatı Laureatı kimi bir çox diplom və mükfatlara layiq görülən dilçi professor M.Hüseynova elmi, pedaqoji və bədii yaradıcılığına göstərilən yüksək diqqətə görə təşəkkürünü bildirib.







Xəbəri paylaş



