Azərbaycanın ilk xalq artistlərindən biri: Qurban Pirimov 0
Azərbaycanın ilk xalq artistlərindən biri: Qurban Pirimov
SMUBARİZCİLER.AZ adıqcanın tarda ifaçılıq məktəbinin davamçısı, Azərbaycanın xalq musiqi folklorunun bilicisi, Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin silahdaşı və dostu – tarzən Qurban Pirimov haqqında materialı təqdim edir
Tarzən Qurban Baxşəli oğlu Pirimov 1880-ci ilin oktyabrında Şuşa qəzasının Gülablı kəndində (indiki Ağdam rayonu) aşıq ailəsində anadan olmuşdur. “Azərbaycan muğamı ensiklopediyası”nda onun doğum tarixi həmin ilin oktyabrın 30-u kimi göstərilir. Qurban Pirimov XVIII əsr azərbaycanlı aşıq Valehin nəticəsidir.
11 və ya 13 yaşında özünü tarda ifaçılığa həsr etmək üçün Qurban ibtidai məktəbi atdı. O, Aşıq Abbasqulu ilə birlikdə Şuşaya getdi və Şuşanın bazarında özünün doğma kəndindən gətirdiyi iki səbət armudu sataraq özünün ilk tarını aldı. Daha sonra o, Qurban Pirimovun tarzən kimi formalaşmasında mühüm rol oynamış azərbaycanlı tarzən Sadıqcanın şagirdi oldu.
Bununla belə, Pirimov artıq 15 yaşında bütün Qarabağda məşhur olan tarzən oldu. O, eyni zamanda, azərbaycanlı xanəndə Əkbər Xamuş oğlunu toy şənliklərində müşayiət edirdi.
1901-ci ildə Qurban Pirimov Şuşada “Şərq konserti” ndə, 1907-ci ildə isə Bakıda eyniadlı konsertdə iştirak etmişdir.
Sadıqcanın vəfatından sonra (1902), 1903-1905-ci illərdə Pirimov azərbaycanlı xanəndə İslam Abdullayevi Qarabağ, Gəncə, Şirvan və Şəkidə keçirilən konsertlərdə müşayiət edirdi. Onunla birlikdə Qurban Pirimov Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin sözlərinə 1905-1911- ci illərdə İranda Konstitusiya inqilabının liderlərindən biri olan Səttar xana həsr olunmuş mahnı yaratdı. Mahnı onların ifasında vallara yazıldı və İrana göndərildi.
1905-ci ildə Gəncədə toy şənliklərindən birində Qurban İslam Abdullayevin vasitəsilə azərbaycanlı xanəndə Cabbar Qaryağdıoğlu ilə tanış oldu. Xanəndənin özü sonralar xatırlayırdı: “Qurban İslam ilə bizim görüşümüzə gəlmişdi. Mən Qurbana bir qədər tar çaldırdım. Qurbanın gözəl çaldığını görüb onu İslamın razılığı ilə özümlə Bakıya gətirdim”.
1905-ci ildən tarzən Qurban Pirimov Cabbar Qaryağdıoğlu və gürcü kamança ifaçısı Saşa Oqanezaşvili ilə birlikdə 20 il ərzində Zaqafqaziya, Orta Asiya və Yaxın Şərqin şəhərlərində çıxış etmişdir.
Qurban Pirimov Azərbaycanın opera sənətinin təşəkkül tapmasında bilavasitə iştirak etmişdir. Pirimov Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” adlı ilk Azərbaycan operasının ilk tamaşasında (1908) tarda ifa edirdi.
E. Abbasovanın “Qurban Pirimov” adlı kitabında bu barədə aşağıdakılar qeyd olunur:
““Qurban Pirimov orkestrdə çalan musiqiçilər kimi dəvət olunmuş tarzənlər qrupuna rəhbərlik etməli idi. Lakin Hacıbəyovun xatırladığı kimi, “onlarda hansısa melodiyanın ifası ilə bağlı fikir ayrılıqları yarandı və bu mübahisə o qədər ciddi oldu ki, operanın ilk tamaşasına Qurban Pirimov istisna olmaqla, tarzənlərdən heç biri gəlmədi”. Beləliklə, Q. Pirimov Azərbaycanda yaranmış “musiqi teatrı”nın tarixinə düşdü””.
2003-cü il “Üzeyir Hacıbəyov” ensiklopediyasında qeyd olunur ki, o, (Qurban Pirimov) Üzeyir Hacıbəyova “Leyli və Məcnun” operasında Leyli və ibn Salamın dueti nömrəsinin melodiyasını təklif etmiş və tarın simfonik orkestrə daxil edilməsi ideyasını vermişdir.
Onun tərəfindən solo və ya ansamblda ifa etdiyi muğamlar 1906-1916-cı illərdə Riqada (Latviya), Varşavada (Polşa), Kiyevdə (Ukrayna) “Pate”, “Sport-Rekord” və “Qrammofon” firmaları tərəfindən qrammofon vallarına yazılmışdı.
1920-ci ildən təxminən 1960-cı ilə qədər Qurban Pirimov Bakıda indiki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solist-orkestrant kimi işləmişdir. Bu teatrın səhnəsində Pirimovun son çıxışı, onun 85 yaşı olanda, 1965-ci ildə baş tutmuşdu.
1925-ci ildə Qurban Pirimov Üzeyir Hacıbəyovun rəhbərliyi altında muğam üzrə ilk proqramın hazırlanmasında iştirak etdi.
Qurban Pirimov özünün yaxın dostu, sovet bəstəkarı Reynhold Qlierə, ona bir çox musiqi materialları təqdim etməklə, “Şahsənəm” operasının yazılması prosesində kömək etmişdi. Bununla əlaqədar, Qlier Pirimovu Azərbaycan xalq musiqisinin öyrənilməsində öz müəllimlərindən biri hesab edirdi. O, yazırdı: “Xalq poeziyasının tükənməz çeşməsini mənim qarşımda açmış müəllimlərim qocaman xalq müğənnisi Cabbar Qaryağdı və gözəl musiqiçi-tarzən Qurban Pirimov idi”.
1929-ci ildə Qurban Pirimova əməkdar artist, 1930-cu ildə (1931) isə Azərbaycan SSR-nin xalq artisti adı verilmişdir.
Qurban Pirimov Tiflisdəki ilk Zaqafqaziya Olimpiadasında (1934), Radio yayımı üzrə Ümumittifaq Komitənin baxışında (1937) və Moskvada xalq musiqisi alətləri ifaçılarının ilk Ümumittifaq baxışında (1939) qalib olmuşdur. Qurban Pirimov, həmçinin 1938 və 1959-cu illərdə Moskvada Azərbaycan incəsənəti və ədəbiyyatının ongünlüklərində uğurla çıxış etmişdir. Sovetin “Pravda” qəzetində çap edilmiş məqalələrin birində Pirimov “Azərbaycan musiqisinin atası” adlandırılmışdır.
Qurban Pirimov aşıq sənətinin şəhər əhalisi arasında məşhurlaşmasında mühüm rol oynayan ilk sazəndədir. O, öz repertuarına aşağıdakı aşıq muğamlarını daxil emişdir – “Çobanbayatı”, “Qarabağ şikəstəsi” və “Kərəmi”. O, solo, yəni müşayiətsiz ifa etməyə başlayan ilk tarzənlərdən olmuşdur. E. Abbasovanın “Qurban Pirimov” adlı kitabında qeyd olunur ki, ilk dəfə Pirimov tarı solo çalan alət kimi geniş estradaya çıxartmışdır.
Qurban Pirimov, həmçinin tarın konstruksiyasına təkmilləşdirmələr daxil etmişdir.
Azərbaycanlı tarzən Bəhram Mansurov ona aşağıdakı kimi qiymət vermişdir:
“Qurban Pirimov tarda ifa sənətini həqiqətən də ən yüksək səviyyəyə qaldıran ilk tarzəndir”, Azərbaycanın opera müğənnisi Bülbül isə belə qiymətləndirirdi:
“Qurbanın ifasını ilk dəfə mən 14 yaşlı yeniyetmə olanda eşitdim, bu günə qədər mənim daxilimdə xalq musiqisinə olan güclü sevgini oyatmış bu ifanın mənə göstərdiyi təəssüratı unutmaq mümkün deyil.”
Qurban Pirimov indiki Azərbaycan Milli Konservatoriyasının nəzdindəki Bakı Musiqi Kollecində, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dərs demişdir. Onun şagirdləri – Sərvər İbrahimov, Hacı Məmmədov, Məmmədağa Muradov, Həbib Bayramov və digər tarzənlər olmuşdular.
Azərbaycan musiqisinin inkişafındakı xidmətlərinə görə Qurban Pirimov Qırmızı Əmək Bayrağı, “Şərəf Nişanı” (1938) ordenləri və bir neçə medallarla təltif olunmuşdur.
Qurban Pirimov 29 avqust 1965-ci ildə vəfat etmişdir. O, Bakıda, Fəxri xiyabanda dəfn edilmişdir.
Ağdam rayonunun erməni silahlı birləşmələri tərəfindən işğalı ilə 1993-cü ildə Qurban Pirmiovun muzeyinin yerləşdiyi bina dağıdılmışdır.
Xəbəri paylaş