Mirzə Fətəli Axundzadənin doğum günüdür
Bu gün Azərbaycan milli dramaturgiyasının banisi, görkəmli ictimai xadim və maarifçi Mirzə Fətəli Axundzadənin anadan olmasının 213-cü ili tamam olur.
Mubarizciler.az xatırladır ki, Mirzə Fətəli Axundzadə “Əkinçi” qəzetinin səhifələrində “Vəkili Milləti-Naməlum” imzası ilə məqalələr dərc etdirib. Onun realist sənətkar, dramaturgiyamızın banisi, şair və nasir kimi ədəbiyyatımızın inkişafında müstəsna xidmətləri var. O, 1850-1855-ci illərdə özünün məşhur altı komediyasını yaratmaqla nəinki Azərbaycan ədəbiyyatında, bütövlükdə Balkanlardan Hindistana qədərki türk-müsəlman dünyasında dramaturgiyanın əsasını qoyub. “Hekayəti xırsı-quldurbasan”, “Hekayəti Molla İbrahim-Xəlil kimyagər”, “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur”, “Sərgüzəşti mərdi-xəsis”, “Sərgüzəşti-vəziri-xani-Lənkəran” pyeslərinin, “Aldanmış kəvakib” satirik povestinin, “Puşkinin ölümünə Şərq poeması”, “Kəmalüddövlə məktubları” və s. adlı əsərlərin müəllifidir.
Mirzə Fətəli Axundzadə 1878-ci ildə vəfat edib.
Azərbaycan Milli Kitabxanası, Axundov Bağı və Bakı şəhərindəki küçələrdən biri Mirzə Fətəli Axundzadənin adını daşıyır.
Xəbəri paylaş



