Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olunacaq Sərəncam
Dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi qeyd ediləcək.
Mubarizciler.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur:
“2025-ci ilin sentyabr ayında dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Əbdülhüseyn oğlu Hacıbəylinin anadan olmasının 140 ili tamam olur.
“Üzeyir Hacıbəyli çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş qüdrətli şəxsiyyətlərdəndir. Ömrünü cəmiyyətin mədəni tərəqqisinə həsr edən fədakar ziyalının yüksək mənəvi-estetik dəyərə malik irsi Azərbaycan xalqının XX əsrin ilk onilliklərindən vüsət almış ədəbi-mədəni intibahının aynasıdır. Azərbaycan bəstəkarlıq məktəbinin banisi olan Üzeyir Hacıbəyli novator sənətkar kimi milli musiqi xəzinəsini unikal forma və janrlarla zənginləşdirib. O, Şərqin və Qərbin musiqi nailiyyətlərinin dərin vəhdətində dünya musiqisinin qızıl fondunda fəxri yer tutan nadir sənət inciləri meydana gətirib, Azərbaycan mədəniyyətinə beynəlxalq miqyasda geniş şöhrət qazandırıb. Üzeyir Hacıbəyli eyni zamanda parlaq bədii dühası sayəsində Azərbaycan dramaturgiyasına dəyərli töhfələr verib, alovlu publisistikası ilə mətbuat salnaməsinə yeni səhifələr yazıb. Onun azərbaycançılıq məfkurəsi ilə yoğrulmuş dolğun ictimai-siyasi fəaliyyəti əsl vətənpərvərlik nümunəsidir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan mədəniyyətinin inkişafına misilsiz töhfələr vermiş qüdrətli sənətkar Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünün layiqincə keçirilməsini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.
Xəbəri paylaş