Xalq artisti Polad Bülbüloğluna Ermitaj Mükafatı təqdim olunub FOTOLAR
X Sankt-Peterburq Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumu çərçivəsində sentyabrın 14-də Ermitaj Mükafatının təntənəli təqdimetmə mərasimi keçirilib.
Sankt-Peterburqun Qış Sarayının Müqəddəs Georgi zalında təşkil olunan mərasimdə Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova və Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov, mədəniyyət xadimləri, diplomatlar iştirak ediblər.
Mubarizciler.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Mükafat 2023-cü ildə Dövlət Ermitajı tərəfindən təsis edilib və namizədlərin seçimi Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə aparılır.
Tədbirdə çıxış edən Dövlət Ermitajının baş direktoru Mixail Piotrovski deyib ki, son yüz ildə Qış Sarayının Müqəddəs Georgi zalında çox az adam mükafat alıb. Mədəni irsin qorunmasında, mədəniyyətlərarası dialoqun inkişafında, eləcə də incəsənətdə yüksək nailiyyətlərə görə Rusiyadan və xaricdən görkəmli mədəniyyət xadimləri bu təltifə layiq görülür. Bununla bağlı tanınmış mədəniyyət xadimlərindən ibarət Ekspert şurası tərəfindən qərar qəbul edilir.
Direktor sonra Ermitaj Mükafatının builki laureatlarını elan edib. Bildirib ki, bu il ikinci dəfə təqdim olunan mükafat Rusiyanın Xalq artisti, Sankt-Peterburq Dövlət Akademik Balet Teatrının yaradıcısı və direktoru, Sankt-Peterburqun fəxri vətəndaşı Boris Yakovleviç Eyfman və Azərbaycanın Rusiyadakı səfiri, görkəmli bəstəkar, müğənni, Azərbaycan Respublikasının Xalq artisti Polad Bülbüloğluna verilir.
Daha sonra mükafat musiqi sədaları altında sahiblərinə təqdim edilib.
Xəbəri paylaş