Əməkdar artist Ofeliya Məmmədzadənin anadan olmasının 85-ci ili tamam olur
Bu gün Əməkdar artist Ofeliya Məmmədzadənin anadan olmasının 85-ci ili tamam olur.
Mubarizciler.az xəbər verir ki, Ofeliya Məmmədzadə 1939-cu ilin avqustun 4-də Bakıda anadan olub. O, Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıb. Burada H.Cavidin "Səyavuş" əsərində Kəndçi qızı, "İblis"də Rəna, S.Vurğunun "Vaqif" əsərində Gəlin və Gürcü qızı, C.Cabbarlının "Oqtay Eloğlu" əsərində Firəngiz, S.Rəhman "Yalan" əsərində Kəklik, İ.Əfəndiyevin "Məhv olmuş gündəliklər" əsərində Gövhər xanım obrazlarını məharətlə yaradib. O,1965-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktrisa kimi fəaliyyət göstərib. Uzun illər ərzində bu teatrın səhnəsində Asya, Telli (Ü.Hacıbəyov "Arşın mal alan", "O olmasın, bu olsun"), Matan xanım (Ş.Qurbanov "Özümüz bilərik"), Nazpəri (R.Hacıyev "Talelər qovuşanda"), Təşəkkür xanım (R.Mustafayev "Volqalı canan") rollarında çıxış edib. Bu müddət ərzində bir çox yadda qalan obrazlar yaradıb. “Gəlməli, görməli, gülməli” Miniatür Teatrında yaratdığı obrazlar da unudulmaz olub. Filmlərdə (“Bir cənub şəhərində”, “Yenilməz batalyon”), tele-tamaşalarda maraqlı rollar oynayıb. Ofelya Məmmədzadə Əməkdar artist fəxri adına layiq görülüb.
Tanınmış aktrisa 2007-ci ildə vəfat edib.
Xəbəri paylaş