Mədəniyyət naziri tacikistanlı həmkarı ilə görüşüb - Fotolar
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 19–23 may tarixlərində ölkəmizdə Tacikistan Mədəniyyəti Günləri keçirilir. Bu münasibətlə Tacikistan Respublikasının mədəniyyət naziri xanım Matlubaxon Sattoriyenin rəhbərlik etdiyi geniş nümayəndə heyəti Azərbaycana səfərə gəlib.
Mubarizciler.az-ın məlumatına görə, Mayın 21-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tacikistanlı həmkarı ilə görüşüb.
Qonağı salamlayan nazir ölkəmizdə Tacikistan Mədəniyyəti Günlərinin keçirilməsini əlamətdar hadisə kimi səciyyələndirib. Qeyd olunub ki, iki ölkə arasında mədəni-ədəbi əlaqələrin qədim tarixi var. Hazırda dövlət başçılarımız arasında olan dostluq münasibətləri, yüksək səviyyəli qarşılıqlı səfərlər bütün sahələrdə, o cümlədən mədəni əməkdaşlığı daha da möhkəmləndirib.
1-3 may tarixlərində Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Tacikistan nümayəndə heyətinin aktiv iştirakına görə həmkarına minnətdarlığını bildirən nazir ICESCO-nun Azərbaycanda regional nümayəndəliyinin açılması ilə bağlı hazırlıq işləri barədə məlumat verib.
Mədəniyyət günlərinin yüksək səviyyədə təşkilinə və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən Tacikistanın mədəniyyət naziri xanım Matlubaxon Sattoriyen mədəniyyətin xalqlarımızı yaxınlaşdıran əsas amil olduğunu söyləyib, eyni zamanda iki ölkənin ortaq mədəni dəyərləri bölüşdüyünü diqqətə çatdırıb.
Söhbət zamanı Matlubaxon Sattoriyen iki ölkə arasında incəsənət təhsili sahəsində tələbə mübadiləsinin əhəmiyyətli olacağını qeyd edib. O, həmçinin gələn il Tacikistanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi təklifini səsləndirib. Xanım nazir azərbaycanlı həmkarını Tacikistana rəsmi səfərə dəvət edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbəri paylaş