Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunub - Foto
Mədəniyyət naziri Adil Kərimli aprelin 29-da Azərbaycanda səfərdə olan Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Nazirliyin Mətbuat xidməti məlumat yayıb.
Nümayəndə heyətini salamlayan nazir iki ölkə arasında mədəni əlaqələrdən söz açıb. Bildirilib ki, dövlət başçılarımızın siyasi iradəsi ilə Azərbaycan və Çin Xalq Respublikası (ÇXR) arasında qarşılıqlı etimada əsaslanan etibarlı əlaqələr qurulub. İki ölkənin ildən-ilə genişlənən əlaqələrində mədəni əməkdaşlığın da xüsusi yeri var.
2023-cü ilin sentyabr ayında Çinə səfərini məmnunluqla yada salan Adil Kərimli orada keçirilən görüşlərin əhəmiyyətini qeyd edib, qədim və zəngin Çin mədəniyyətinin onda dərin təəssürat doğurduğunu diqqətə çatdırıb.
Qeyd olunub ki, Heydər Əliyev Fondu ilə Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası arasında qurulmuş yüksək səviyyəli əməkdaşlıq iki ölkə arasında mədəni əlaqələrin inkişafına da öz böyük töhfəsini verir.
Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanmin qəbula görə mədəniyyət nazirinə təşəkkürünü bildirib. Rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə söz açan diplomat Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası və ÇXR Mədəniyyət Nazirliyinin Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyət Nazirliyi ilə əlaqələrinin daha da inkişafında maraqlı olduqlarını, bunun iki ölkə arasında əməkdaşlığın dərinləşməsinə öz müsbət təsirini göstərəcəyinə əminliyini ifadə edib.
Söhbət zamanı qarşılıqlı mədəniyyət günlərinin təşkili, mədəni irsin qorunması və təbliği, eləcə də digər sahələrdə əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparılıb. Qonaq diplomat bu il növbəti dəfə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının Sammiti ərəfəsində Azərbaycan Mədəniyyəti Günlərinin gerçəkləşdirilməsi təklifini səsləndirib.
Görüşdə ÇXR-in ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Din Tao da iştirak edib.
Xəbəri paylaş