Aşıq Mikayıl Azaflının anadan olmasının 100-cü il dönümüdür -Foto
Baharın yurdumuza qədəm qoyduğu bu gündə, gözəl Novruz Bayramı ərəfəsində (21 mart) Azərbaycan Aşıq sənətinin yaradıcı ustad aşıqlarından olmuş, Türk dünyasının sayılıb-seçilən Ozanı, görkəmli şair-bəstəkar Aşıq Mikayıl Azaflının anadan olmasının 100-cü il dönümüdür.
Mubarizciler.az xəbər verir ki, Aşıq Mikayıl Azaflı 21 mart 1924-cı ildə Azafllı kəndində anadan olub. Aşıqlığı aşıq Əsəd Rzayev və aşıq Yusif Yusifovdan öyrənmişdir. O, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü olub. Qüdrətli saz-söz ustadı M.Azaflı şeirin 28 formasında qələmini sınamışdır. Uzun illər Tovuz aşıqlar ansamblının aparıcı nümayəndəsi kimi öndə gedənlərdən olub. O, AAB-nin idarə heyətinin üzvü, 3-cü və 4-cü aşıqlar qurultayının nümayəndəsi seçilib. Azərbaycan Respublikasının “Əmakdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. İlk – “Qoca qartal” şeirlər kitabı 1987-ci ildə, 2-ci kitabı 1989-cu ildə, 3-cü və sonuncu – “Qoca Azaflıyam” kitabı 2008-ci ildə çapdan çıxıb. Onun 60, 70, 80 illik yubileyi və yaradıcılıq gecələri keçrilib. 14 aşıq havasının yaradıcısı, 20-dən cox aşığın ustadı olub.
Mikayıl Azaflı böyük coşqunluqla yazıb-yaradan, aşıq sənətini inkişaf etdirən, sağlığında klassikləşən ustad aşıq idi. Erkən yaşlarında «Coşğun» təxəllüsü ilə şeirlər yazan aşıq-şair az sonra öz doğma kəndinin adını təxəllüs götürüb.
Professor Məhərrəm Qasımlının haqlı olaraq göstərdiyi kimi, Azaflı aşıq poeziyasının bütün şəkillərində əsl sənət nümunələri yaradan, klassik aşıq ənənələrini layiqincə davam etdirən sənətkarlardandır. Onun yaratdığı «Azaflı dübeyti», «Azaflı gözəlləməsi», «Azaflı sənəti», «Azaflı dünyası», «Azaflı gəraylısı», «Azaflı himni», «Mikayılı», «Azaflı dağları», «Azaflı bəhri», «Məzahiri», «Azaflı müxəmməsi», «Şah sarayı» kimi saz havaları dillər əzbəri olmuşdur.
Azaflının Ümumittifaq Musiqi Cəmiyyətinin Rəyasət Heyətinə üzv seçilməsi təsadüfi deyildi. Bu, Azaflı Mikayılın musiqi istedadına qiymət və ehtiram idi. Aşığın arxivində Cəmiyyətin sədrinin birinci müavini V.M.Sameylenkonun 12 noyabr 1987-ci il tarixli rəsmi məktubu var. Azaflı Cəmiyyətin birinci Plenumunda iştirak etmək üçün Moskvaya dəvət olunurdu. Azaflı Moskvaya dəfələrlə dəvət olunmuşdu və ilk dəfə Moskvada 1954-cü ildə festivalda iştirak edib, medallarla təltif olunub.
Aşıq Mikayıl Azaflı kommunizmə qarşı idi və bunu öz şeirlərində bildirirdi. Bu səbəbdən o, 1961-ci ildə oğurluq və evində silah saxlamaqda təqsirli bilinib dörd il azadlıqdan məhrum edilmişdi. Həbsxana həyatı sənətkara bir universitetdə qazanılacaq qədər təcrübə qazandırmışdı. Onun zindan həyatını təsvir edən şeirləri aşıq hələ zindandaykən dillər əzbəri olmuşdu.
Azaflı poeziyası xalq arasında geniş yayılsa da, XX əsrin 80-ci illərin ortalarına qədər mətbuat üzünə həsrət qalmışdı. Bu vaxt artıq sovet quruluşunun dayaqları laxlamağa başlamışdı. Odur ki, 80-ci illərdə Azərbaycan Televiziyasında rəhbər vəzifədə işləyən yazıçı Nahid Hacıyevin köməyi sayəsində aşığın iştirakı ilə onun yaradıcılığına həsr olunmuş bir saatlıq veriliş efirə verildi. Veriliş böyük maraqla qarşılandı. Sonralar «Yazıçı» nəşriyyatı sənətkarın «Qoca qartal» (1987) adlı kitabını çap etdi. 1988-ci ildə Şərifzadə adına Aktyor evində Azaflının özünün iştirakı ilə məclis keçirildi və geniş şəkildə televiziya vasitəsilə nümayiş etdirildi. Azaflının anadan olmasının 70 illiyi isə sənətkar dünyasını dəyişəndən sonra, təntənəli şəkildə 1994-cü ildə Filarmoniyada, 75 illiyi Yazıçılar Birliyində, 2004-cü ildə aşığın 80 illiyi Mədəniyyət Nazirliyinin xətti ilə Dövlət Musiqili Komediya Teatrında qeyd olundu. Bundan sonra davamlı olaraq 85, 90 və 95 illik yubileyləri qeyd olundu.
1984-cü ilin mart ayında aşıqların IV qurultayında sənətkara böyük ehtiram göstərilərək, çıxış etmək təklif olunmuşdu. Azaflı məruzə səviyyəli çıxışında çoxillik təcrübəsindən istifadə edərək, aşıq sənətinin incəliklərindən, çatışmazlıqlarından, qarşıda duran vəzifələrdən söz açdı. Onun irad və tövsiyələri minnətdarlıqla nəzərə alındı. Qurultayda Azaflının aşıq sənətinin inkişafında göstərdiyi fədakarlıq və xidmətlər xüsusi qeyd edildi. O, Aşıqlar Birliyinin sədr müavini seçildi. Novruz Bayramı şənliklərində xalqımızın müdrik qəhrəmanı Dədə Qorqud obrazı ona həvalə olundu. 1989-cu il may ayının 17-də Azaflı Mikayıl ədəbiyyat və incəsənətin inkişafında böyük xidmətlərinə görə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin Fərmanı ilə «Əməkdar mədəniyyət işçisi» fəxri adına layiq görüldü.
Ölümündən sonra Tovuz şəhərində bir küçəyə aşığın adı verildi və Azaflı kəndində oxuduğu məktəbin önündə büstü qoyuldu.
Mikayıl Azaflının övladları – rəhmətlik Məzahir, Gülarə Azaflı, Aşıq Hakim, Minayə Azaflı – ustadın nəvələri – Roman Hakimoğlu və Məhsəti Azaflı da aşıqlıq edirlər.
Aşıq Azaflının "Qoca qartal" şerlər kitabı Bakıda (1987) və Türkiyədə (1989) nəşr olunmuşdur. O, "Mikayıl Azaflı və Narinc xatın" dastanının və "Azaflı dübeyti" və "Azaflı gəraylısı" məcmuələrinin müəllifidir.
O, həmişə aşıq musiqisinin təbliğinə və zənginləşməsinə çalışmışdır.
Xəbəri paylaş