Mahiyəddin Mazanov: Macarıstan Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir
Macarıstan Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir.
Azərbaycan ilə Macarıstan ikitərəfli münasibətlər dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edir. Macarıstan ilə əlaqələrin hərtərəfli inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindəndir. Macarıstan Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. 1991-ci il dekabrın 26-da Azərbaycan Respublikasının müstəqilliyini tanıyan Macarıstanla diplomatik münasibətlər 1992-ci il aprelin 27-də qurulub. 2022-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd edilib. İki ölkə arasında parlamentlərarası münasibətlər də yüksək səviyyədə inkişaf edir. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Azərbaycanla Macarıstan arasında çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Türk Dövlətləri Təşkilatı çərçivəsində davamlı əməkdaşlıq əlaqələri inkişaf etdirilir.
Cənab Prezident İlham Əliyev Macarıstana səfəri çərçivəsində mətbuata verdiyi Bəyanatında ölkələrimiz arasında uzun illəri əhatə edən çoxtərəfli əməkdaşlıqdan məmnunluğunu ifadə edib. “Biz uzun illərdir ki, bir-birimizlə sıx təmasdayıq. Bizi dostluq əlaqələri bağlayır. Ölkələrimiz arasındakı dostluq əlaqələri həm ölkələrimiz üçün, eyni zamanda, Avrasiya qitəsi üçün də çox böyük önəm daşıyır”. Prezident İlham Əliyevin Macarıstana uğurla baş tutan səfəri iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha bir təzahürünə çevrildi. Biz bu səfərə dost ölkədə böyük maraq göstərildiyinin şahidi olduq. Macarıstan Prezidenti xanım Katalin Novakın dəvəti əsasında baş tutan bu görüş Prezident İlham Əliyevin dövlət başçısı kimi dost ölkəyə dördüncü səfəridir. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Hər iki ölkə beynəlxalq səviyyədə bir-birinə daim dəstək nümayiş etdirir.
Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir-birinə əsirgəməyəcək. Dövlət başçısı qeyd edib ki,Azərbaycan və Macarıstan arasında olan dostluq əlaqələri həm ölkələrimiz üçün, həm Avrasiya materiki üçün çox böyük önəm daşıyır. Strateji tərəfdaşlığa dair imzalanmış sənədlər onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost ölkələrdir.
Azərbaycanla Macarıstan arasında humanitar sahədə də əməkdaşlıq əlaqələri inkişaf edir. Macarıstan hökumətinin maliyyə dəstəyi ilə “Stipendium Hungaricum” təqaüd proqramı çərçivəsində bu ölkədə Azərbaycan gənclərinin təhsil alması məqsədilə hər il 200 nəfərlik təqaüd ayrılır. Azərbaycan Dillər Universitetində Macar dili və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. İki ölkə arasında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq da yüksək səviyyədədir. 2018-ci ildən Türk Dövlətləri Təşkilatında müşahidəçi olan və təşkilatla əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət verən Macarıstanın paytaxtı Budapeşt şəhərində TDT-nin Nümayəndəlik Ofisi fəaliyyət göstərir. Macarıstanın Baş naziri Viktor Orban 2018-ci ildəki bəyanatında bildirib ki, macarlar özlərini Hun hökmdarı Atillanın nəslindən hesab edirlər və macar xalqı hun-türk köklərinə əsaslanır. Öz növbəsində Azərbaycan dost ölkənin TDT ilə yaxınlaşmasına hər zaman öz dəstəyini göstərir. Baş nazir Viktor Orban Prezident İlham Əliyevlə geniş tərkibdə görüşdə bunu yüksək dəyərləndirdiyini bildirərək vurğulayıb: “Cənab Prezident, Siz Macarıstanın Türk Dövlətləri Təşkilatına qoşulmasına hər zaman dəstək vermisiniz. Biz bunu yüksək dəyərləndiririk. Macarıstan türkdilli dövlət kimi həmin platformada iştirak edən ölkədir və bu, bizim üçün nəinki mədəni, o cümlədən siyasi baxımdan əhəmiyyətlidir”.
Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkə olsa da, Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilə bilər.Nəqliyyat sahəsində əməkdaşlığa dair çox böyük planlar mövcuddur. Dəmir yolları vasitəsilə artıq Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlamışıq. Bu layihənin də böyük potensialı var. Çünki Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan ərazisindən keçən yüklərin həcmi kəskin artmışdır. Təkcə keçən il tranzit yüklərin həcmi 75 faiz artmışdır. Azərbaycanda mövcud müasir nəqliyyat infrastrukturu – istər tankerlər, gəmilər olsun, istər böyük dəniz ticarəti limanı olsun, dəmir yolları olsun, bunlar hamısı müasirdir və bütün lazımi tələblərə cavab verir.
İki ölkə arasında enerji sahəsində də fəal əməkdaşlıq mövcuddur. Macarıstan həm Cənub Qaz Dəhlizini dəstəkləyən ölkələrdən biridir, həm də Azərbaycanda istehsal edilən elektrik enerjisinin Avropaya ötürülməsində vacib rol oynayacaq. Bütün bunların fonunda Azərbaycan-Macarıstan əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini əminliklə söyləyə bilərik.
Mahiyəddin Mazanov,
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı.
Xəbəri paylaş