Şirvan Polisinin təşkilatçılığı ilə “Narkomaniya-əsrin bəlası” mövzusunda maarifləndirici görüş keçirilib - FOTOLAR
Şirvan Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər ərazisində yerləşən Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində “Narkomaniya-əsrin bəlası” mövzusunda maarifləndirici görüş keçirilib.
Mubarizciler.az xəbər verir ki, bu barədə DİN Mətbuat Xidməti məlumat yayıb.
Tədbirdə Rayon İcra Hakimiyyətinin, Təhsil şöbəsinin nümayəndələri, kollecin pedaqoji heyəti və tələbələr iştirak ediblər.
Görüşün əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, işğal altında olan torpaqlarımızın azad olunması uğrunda aparılan Vətən müharibəsində həyatını itirən şəhidlərimizin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxış edən ŞPŞ-nin rəisi, polis polkovniki Fizuli Əhmədov, cəmiyyətin ciddi bəlasına çevrilən, mənəvi və əxlaqi dəyərlərə böyük zərbə vuran narkomanlığın bütün dünya üzrə ən ağrılı problemlərdən olduğunu bildirib, onun yaratdığı təhlükələr və fəsadlar barədə geniş məlumat verib.
Qeyd edilib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs sonradan onun asılılığından qurtula bilmir, öz gələcəyini göz görə-görə məhv edir.
Narkotacirlər isə məhz iradəsi zəif olan gənclər vasitəsi ilə öz şəbəkələrini genişləndirərək xüsusən tələbələri bu işə cəlb etməyə, qazanc götürməyə çalışırlar.
Bunun qarşısını almaq, gələcəkdə zərərli vərdişlərdən qorunmaq üçün yeniyetmələr öz ətraflarına hər zaman diqqət yetirməli, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsləri gördükdə və ya bu barədə hər hansı bir informasiya əldə etdikdə dərhal müəllim və ya valideynlərinə, polis əməkdaşlarına məlumat verməlidirlər.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Xəbəri paylaş