VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib - FOTO
Bu il Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunacaq. Fevralın 13-də Heydər Əliyev Mərkəzində VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakı şəhərində keçirilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib.
Mubarizciler.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Mədəniyyət naziri Adil Kərimli çıxış edərək forumun əhəmiyyəti, ümumi məsələləri ilə bağlı məlumat verib. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə əsası qoyulan “Bakı Prosesi” çərçivəsində keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq və qlobal səviyyədə yeganə platformadır. 2011-ci ildə Bakıda ilk dəfə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha sonra 2013, 2015, 2017 və 2019-cu illərdə təşkil edilib.
Qeyd olunub ki, Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin 1-3 may tarixlərində növbəti – VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi ilə bağlı tapşırıq verilib. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri tərəfindən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə dair Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planı çərçivəsində dövlət strukturlarının qarşısında müəyyən öhdəliklər qoyulub.
Təşkilat Komitəsinin İşçi qrupunun rəhbəri, mədəniyyət nazirinin müavini Fərid Cəfərov Foruma hazırlıqla bağlı geniş təqdimatla çıxış edib. Qeyd edilib ki, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə" mövzusuna həsr olunub.
İclas Təşkilat Komitəsinin görəcəyi işlərin müzakirəsi ilə davam edib.
Xəbəri paylaş