Mədəniyyət Nazirliyində Mərakeşin media təmsilçiləri ilə görüş keçirilib - FOTO
Fevralın 9-da Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində ölkəmizdə səfərdə olan Mərakeş Krallığının nüfuzlu media orqanları təmsilçilərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.
Mubarizciler.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb
Görüşdə Mərakeşin “Məqrib Ərəb Press” agentliyinin redaktoru Mohammed Asvab, “L’Opinion” nəşrinin redaktoru Anass Maçlux, “Le Matin” dərgisinin redaksiya direktoru Suheyl Naili və bu ölkənin bir sıra digər media nümayəndələri iştirak ediblər.
Qonaqları salamlayan mədəniyyət naziri Adil Kərimli ölkəmizin qədim və zəngin mədəniyyəti haqqında məlumat verib, həmçinin Azərbaycanla Mərakeş Krallığı arasında mədəni əlaqələrdən danışıb.
Bildirilib ki, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şuşa şəhəri ICESCO tərəfindən 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilib. Bu il eyni zamanda Mərakeş Krallığının Mərakeş şəhəri də “İslam dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirir. “Paytaxt ili” çərçivəsində birgə fəaliyyət barədə məsələlər müzakirə olunub.
Xəbəri paylaş