Həsən Şirinov: Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar
Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar.
Hər bir xalqın inkişafında sağlam, vətənpərvər gənclik mühüm rol oynayır. Gənclər ölkəmizin bu günü, gələcəyi, həm də sabaha olan ümididir. 44 günlük Vətən müharibəsində biz bir daha gördük ki, Azərbaycanın böyük və güclü gələcəyi var. Çünki sağlam, cəsur, qəhrəman bir nəslin yetişdiyini gördük. Onların hamısı Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdilər. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşdular, 30 illik Vətən həsrətinə öz canları, qanları hesabına son qoydular. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə tezliklə sağalaraq, cəmiyyətdə aktiv olmağı arzulayıram. Tək biz yox, bütün dünya bir daha gördü ki, xalqımız qəhrəmanlar yetişdirən xalqdır və ədalətin bərpası üçün vuruşur. Gənclərimiz təkcə döyüş meydanında deyil, bütün sahələrdə mübarizə aparırdılar, virtual məkanda, ölkəmizin haqq mübarizəsini işıqlandırırdılar. Dünyanın müxtəlif ölkələrində yaşayan gənclərimiz Azərbaycan həqiqətlərini təbliğ edir, erməni terroru haqqında məlumatlar yayır, tədbirlər, yürüşlər keçirirdilər. Yüksək təşkilatlanma var idi. Bütün bunlar bir daha göstərdi ki, ötən illər ərzində çox güclü gənclik formalaşıb. Biz gənclərimizlə fəxr edirik.
Dövlətimizin inkişafı intellektual səviyyəli gənc kadrların yetişib avanqard qüvvəyə çevrilməsindən çox asılıdır. Azərbaycanda gənclərin elm, idman, mədəniyyət və digər sahələrdə irəliləməsi, uğurlar qazanması üçün hər cür şərait yaradılıb. Gənclər siyasəti ölkədə həyata keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti yeni nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar.
Azərbaycan xalqı hər zaman ailə dəyərlərini, ailə ləyaqətini hər şeydən uca tutub və bu milli adət-ənənəyə çevrilib. Əfsuslar olsun ki, bəzən bütün dünyada bu mənfi tendensiyaların genişləndirilməsinə səy göstərilir və bu tendensiyadan yan qaçmaq istəyən və alternativ yollar axtaran ölkələrə təzyiqlər edilir. Burada bir məsələni xüsusi vurğulamaq lazımdır ki, Prezident İlham Əliyev vətənpərvərlik, milli mənəvi, mədəni və ailə dəyərlərin qorunmasına xüsusi diqqət yetirir. Azərbaycan Prezidenti İlham Əliyev hər zaman deyir ki, gənclərimiz inkişaf etməli, yenilikçi, yaradıcı olmalı, daim irəli getməlidir. Lakin milli ruhu, dəyəri heç zaman unutmamalıdır. Bu gün gənclərimiz daha aktiv olmalı, Azərbaycanı daha yüksək səviyyədə tanıtmalı, onun tarixini, mədəniyyətini təbliğ etməlidirlər. Cənab Prezident İlham Əliyev onlara dəstək olur, həyata keçirmək istədikləri layihələrin reallaşmasına yardım göstərir.
Həsən Şirinov,
Xəbəri paylaş