Bu gün əfsanəvi kəşfiyyatçı Mixaylonun doğum günüdür 0
Bu gün Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin anadan olmasının 105 illiyidir.
Mubarizciler.az xatırladır ki, M.Hüseynzadə 1918-ci il dekabrın 22-də Bakının Novxanı qəsəbəsində anadan olub.
1936-cı ildə Azərbaycan Rəssamlıq Məktəbini bitirib, Leninqrad (indiki Sankt-Peterburq) Xarici Dillər İnstitutunda və Bakıda - indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alıb.
1941-ci ildə orduya çağırılıb, 1942-ci ildə Tbilisidə piyada hərbi məktəbini qurtarıb. Həmin ilin iyulunda Stalinqrad ətrafında gedən döyüşlərdə iştirak edib, avqustda Kalaç şəhəri yaxınlığında ağır yaralanaraq əsir düşüb. Ukrayna, Polşa, İtaliya və keçmiş Yuqoslaviyanın hərbi əsir düşərgələrində olub. M.Hüseynzadə 1944-cü ilin əvvəllərində bir qrup yoldaşı ilə əsirlikdən qaçıb və Yuqoslaviya partizanlarına qoşulub. Partizan hərəkatının lideri, Mixaylo təxəllüsü ilə tanınan Mehdi alman faşistlərinə qarşı mübarizədə cəsurluğu ilə əfsanəvi şöhrət qazanıb.
Məlumatlara əsasən, 1944-cü ilin payızında M.Hüseynzadənin başçılığı ilə bir qrup partizanın İtaliyanın Udine şəhərindəki faşist həbsxanasına hücumu nəticəsində 700 hərbi əsir, o cümlədən 147 sovet əsgər və zabiti azad edilib. Mehdi keçmiş Yuqoslaviya Xalq Azadlıq Ordusunun 31-ci diviziyasının qərargahı yanında xüsusi kəşfiyyat qrupu yaradıb və onun başçısı olub.
Faşistlər Mixaylonu ələ keçirən, yaxud öldürən adama 500 min marka mükafat təyin ediblər. Növbəti tapşırığı yerinə yetirib geri qayıdarkən faşistlərlə üz-üzə gəlmiş əfsanəvi qəhrəman qeyri-bərabər döyüşdə xeyli düşmən məhv edib və ələ keçməmək üçün son gülləsini özünə vurub. 1944-cü il noyabrın 2-də vəfat edib. Əvvəl Vitovle, sonra isə Çepovan kəndində dəfn olunub.
Sonuncu döyüşdə axırıncı gülləsini əsir düşməsin deyə, öz ürəyinə sıxmış Mixaylonu partizan yoldaşları böyük ehtiramla dəfn ediblər. Çepovan adlı yerdə qəhrəmanın qəbirdaşında bu sözlər həkk olunub:
“Rahat yat, Azərbaycan xalqının qəhrəmanı, əzizimiz Mehdi. Azadlıq naminə göstərdiyin ölməz rəşadət dostlarının qəlbində daim yaşayacaq”.
Bu gün ölkədə məşhur azərbaycanlı qəhrəmanın adını daşıyan məktəb fəaliyyət göstərir, bundan başqa, qəsəbə, küçə, stadion və bir gəmi onun adınadır. 1973-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə paytaxtda unudulmaz qəhrəmanın heykəli qoyulub, haqqında kitablar, o cümlədən tanınmış yazıçılar H.Seyidbəyli və İ.Qasımov onun qəhrəmanlıqlarını əks etdirən "Uzaq sahillərdə" povestini yazıb və 1957-ci ildə eyniadlı film çəkilib.
2006-cı ildə Prezident İlham Əliyevin Sloveniyaya rəsmi səfəri zamanı əldə olunan razılaşmaya əsasən, 2007-ci ildə M.Hüseynzadənin abidəsi açılıb.
Xəbəri paylaş