Xəbər lenti
18-11-2024, 12:06
 

Əbdürrəhim bəy Haqverdiyevin anım günüdür - FOTO 0

Tarix: 11-12-2023 12:57     Baxış: 5 355


Bu gün Azərbaycan yazıçısı və dramaturqu Əbdürrəhim bəy Haqverdiyevin anım günüdür.

Mubarizciler.az xatırladır ki, Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev 17 may 1870-ci ildə Yelizavetpol quberniyasının Ağbulaq kəndində (Şuşa) anadan olub. Azərbaycan ədəbiyyatının klassiki hesab olunan Əbdürrəhim bəy Haqverdiyev Birinci Rus Dumasının Azərbaycandan deputatı, Gürcüstan Parlamentinin deputatı, “Leyli və Məcnun” operasının premyerasında ilk dirijor, Teatr Şurasının təsisçisi və birinci rəhbəri, Yazıçılar İttifaqının üzvü, “Molla Nəsrəddin” jurnalının yazarlarından biri olub.


Ə.Haqverdiyev ibtidai təhsilini 1880-ci ildə Şuşada Yusif bəyin müvəqqəti yay məktəbində, sonra Şuşa real məktəbində alıb. Tiflis real məktəbini bitirəndən sonra Sankt-Peterburq Yol Mühəndisləri Universitetində təhsilini davam etdirib. Tələbəlik dövrü azad müdavim kimi universitetin şərq fakültəsinin dinləyicisi olub. Həmin dövrdə onda ədəbiyyata güclü meyil oyanıb və “Yeyərsən qaz ətini, görərsən ləzzətini” (1892) və “Dağılan ittifaq” (1896) əsərlərini yazıb. “Dağılan ittifaq” əsəri 1899-cu ildə Peterburqda nəşr edilib.

Ə.Haqverdiyev ali təhsil alıb Şuşaya qayıtdıqdan sonra burada tamaşalar təşkil edib. 1902-1903-cü illərdə Bakıda onun rəhbərliyi ilə Şərq konsertləri verilib. Burada ilk hekayələri olan “Ata və oğul”, “Ayın şahidliyi” əsərlərini yazıb, “İki hekayət” adı ilə çap etdirib.


Yazıçı 1905-ci il inqilabından sonra Rusiya Dövlət Dumasına Gəncə quberniyasından nümayəndə seçilib və buna görə, Peterburqa gedib. O, Azərbaycanın birinci diplomatlarından hesab olunur. Çalışdığı şəhərdə dövlət kitabxanasında yeni əsəri olan “Ağa Məhəmməd şah Qacar” üçün materiallar toplayıb, İrana - Mazandaran vilayətinə səyahət edib. “Leyli və Məcnun” operası 1908-ci il yanvarın 12-də tamaşaya qoyulduğu zaman ilk Azərbaycan dirijoru kimi xor və orkestri, tamaşanı idarə edib. “Nicat” cəmiyyətində və Kür-Xəzər gəmiçiliyi idarəsində işlədiyi dövrdə Zaqafqaziyanı, Dağıstanı, Orta Asiyanı və Volqaboyunu səyahət edərək, “Ceyranəli”, “Xortdan”, “Həkimi-nuni-səqir”, “Lağlağı”, “Mozalan”, “Süpürgəsaqqal” və s. imzalarla “Molla Nəsrəddin” jurnalında hekayə, felyeton çap etdirib.

O, Həştərxanda yaşadığı müddətdə şəhərin mədəni-ictimai həyatında ciddi çalışıb. Sonra Ağdama köçüb və  orada yaşayıb. Tiflisdə “Şəhərlər ittifaqının Qafqaz şöbəsi xəbərləri” adlı aylıq məcmuənin müdiri olub (1916–1917), fevral inqilabından sonra Tiflis İcraiyyə Komitəsinə və onun mərkəzi şurasına üzv seçilib (1917). Həmin ilin martında Borçalı qəzasına müvəkkil təyin olunub (1918).

Soldan sağa: Əbdürrəhim bəy Haqverdiyev, Rzaqulu Nəcəfov, Salman Mümtaz, Zeynal Məmmədov, Əliqulu Qəmküsar. Tiflis, 1913

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonda dövlət teatrlarına müfəttiş təyin olunub. Azərbaycan milli teatrının yaranmasının 50 illiyi münasibətilə keçirilən yubileyə başçılıq edib. Azərbaycan Dövlət Universitetində ədəbiyyatdan mühazirələr oxuyub və elmi kadrların hazırlanmasında iştirak edib. Burada yerli komitənin sədri (1922), Azərbaycanı tədqiq və təbliğ cəmiyyətinin sədr müavini və sonra sədri (1923–1925) olub. Bu, ilk elmi-tədqiqat müəssisəsi idi. Bakıda çağırılan birinci Azərbaycan ölkəşünaslıq qurultayının nümayəndəsi kimi fəal çalışıb (1924).

Bunlardan başqa ədib Şekspirin “Hamlet”, Şillerin “Qaçaqlar”, Volterin “Soltan Osman”, Zolyanın “Qazmaçılar”, Andersenin “Bülbül”, “Şahın təzə libası”, Lanskoyun “Qəzəvat”, Çirikovun “Yəhudilər”, Korolenkonun “Qoca zəng çalan” əsərlərini də tərcümə edib.

Ə.Haqverdiyev 1931-1932-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının məsul katibi seçilib. Azərbaycan Xalq Komissarlar Şurasının 6 fevral 1929-cu il tarixli qərarı ilə “Azərbaycan SSR əməkdar incəsənət xadimi” fəxri adına, 1933-cü ildə isə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin Fəxri Fərmanına layiq görülüb. Onun əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunub.

Bakı, 1930-cu il. Ayaq üstə olanlar (soldan sağa): Asəf Zeynallı, Süleyman Rüstəm, Rəsul Rza, Cəfər Cabbarlı, Əfrasiyab Bədəlbəyli. Aşağıdakılar (soldan sağa): Anton Mailyan, Əbdürrəhim bəy Haqverdiyev, Gibo Kornelli, Rzaqulu Nəcəfov

Klassik 1933-cü il dekabrın 12-də Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əbdürrəhim bəy Haqverdiyev Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil olunub.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar