Samir Qocayev: Möhkəm təmələ əsaslanan birlik 0
Türk dünyasının birliyinin möhkəmləndirilməsi dövlətimizin xarici siyasətində prioritetdir. Noyabrın 3-də Astanada “Türk Əsri” çağırışı altında keçirilən Türk Dövlətləri Təşkilatının X yubiley Zirvə görüşü Azərbaycanın bu birliyə töhfələrinin təqdimatında əhəmiyyətli rol oynadı. Qürurvericidir ki, tədbirlərin hansı məkanda keçirilməsindən asılı olmayaraq Azərbaycanla, onun Prezidentinin yürütdüyü siyasətlə bağlı səmimi, reallığı özündə əks etdirən fikirlər səsləndirilir, uğurlarımız təqdir edilir. Astana Zirvə görüşü bu baxımdan da xüsusi diqqət çəkdi.
Dövlət başçısı İlham Əliyev Zirvə görüşündəki çıxışında “Yenidən Astana şəhərində olmağıma şadam. Bu, son 2 ildə Qazaxıstana üçüncü səfərimdir. Hər səfərimdə Qazaxıstanda uğurlu islahatların və genişmiqyaslı quruculuq işlərinin həyata keçirilməsinin şahidi oluram. Bütün əldə edilmiş uğurlar münasibətilə Qazaxıstan rəhbərliyini təbrik edirəm” söyləyərək onu da əlavə etdi ki, türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlığımız təsisatlanıb, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib. Bu gün təşkilatımız beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir.
Son iki ildə cənab İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20 səfər edib. Qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər. Təbii ki, ölkələr arasında əlaqələrin qurulmasında və yeni istiqamətlər üzrə inkişafında qarşılıqlı səfərlərin rolu böyükdür. Qeyd olunun səfərlər çərçivəsində imzalanan çoxsaylı sənədlər əməkdaşlıq əlaqələrinin inkişafında hüquqi baza olaraq münasibətlərdə yeni mərhələnin başlanğıcıdır. Bu məqamı da qeyd etməliyik ki, Türk Dövlətləri Təşkilatının Zirvə görüşləri zamanı da qurumun gələcək inkişafına xidmət edən xeyli sayda qərarlar qəbul olunub, sənədlər imzalanıb.
Azərbaycanın türkdilli dövlətlərlə iqtisadi əlaqələri yüksək səviyyədədir. Dövlət başçısı İlham Əliyev Zirvə görüşündəki çıxışında bu rəqəmə diqqəti yönəltdi ki, Azərbaycan türk dövlətlərinin iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə qoymuşdur. Bunun əsas hissəsi Türkiyəyə qoyulan sərmayədir. Birgə sərmayə fondlarının yaradılması prosesi başlamışdır. Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu yaradıldı.
Ümumilikdə 4,8 milyon kvadratkilometr əraziyə, 1,4 trilyon dollar dəyərində ümumi daxili məhsula və 855 milyard dollardan çox ticarət dövriyyəsinə malik türk dövlətləri böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Türk dövlətləri dünyanın ümumi ticarət dövriyyəsinin 2,4 faizini və qlobal ümumi daxili məhsulun 1,6 faizini təşkil edir.
Dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanın da üzərində yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti artmaqdadır. Azərbaycan Prezidentinin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb. Bu gün Orta Dəhlizlə yükdaşımaların həcmi nəzərəçarpacaq dərəcədə artır.
Cənab İlham Əliyev çıxışında bu rəqəmi də açıqladı ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi 40 faiz artmışdır. Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsinin yaxın illərdə 15 milyard dollaradək artırılması hədəflənir.
Hər bir səfər münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Dövlət başçısı İlham Əliyevin Qazaxıstana son iki ildə üçüncü səfəri, həmçinin Türk Dövlətləri Təşkilatının X Zirvə görüşündə çıxışı, gələcəklə bağlı çağırışılarını çatdırması münasibətlərdə yeni səhifənin başlanğıcıdır. Cənab İlham Əliyev bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normalarının kobudcasına pozulduğunu, müharibələrin, qanlı münaqişələrin alovlandığını önə çəkərək bu çağırışı səsləndirdi ki, belə olan halda ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir: “Hesab edirəm ki, üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır.”
30 illik işğal dövrünün reallıqlarından bəhs edən cənab İlham Əliyev qeyd etdi ki, Ermənistan tərəfindən həyata keçirilmiş etnik təmizləmə nəticəsində bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından qovulmuşdur. Ermənistan şəhər və kəndlərimizi yerlə-yeksan etmiş, tarixi və dini abidələrimizi dağıtmış və təhqir etmişdir. Bütün bu illər ərzində Azərbaycan münaqişəni sülh yolu ilə həll etməyə çalışırdı. Lakin Ermənistanın məqsədi işğala əsaslanan status-kvonu möhkəmləndirmək idi. 2020-ci ildə Ermənistan rəhbərliyinin təxribat xarakterli hərəkətləri və bəyanatları, o cümlədən hərbi təxribatları İkinci Qarabağ müharibəsini qaçılmaz etdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə edərək Ermənistanı döyüş meydanında məğlubiyyətə uğratdı və ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən və 27 il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını özümüz təmin etdik. Cəmi 44 gün ərzində davam edən İkinci Qarabağ müharibəsi 10 noyabr 2020-ci il tarixində Ermənistanın kapitulyasiya aktını imzalaması ilə nəticələnmişdir.
Tarixi Zəfərimiz digər sahələrdə olduğu kimi, türk dünyasının birliyində də əhəmiyyətli rol oynayır. Bu birliyi bu gün işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyası bərpa-quruculuq işlərində, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasında əsas rol oynayacaq sülh müqaviləsinin imzalanması prosesinə dəstəkdə, göstərilən səylərdə görürük. Türk dünyasının birliyi möhkəm təmələ əsaslanır. Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə görüşü üzv dövlətlər arasında sıx əməkdaşlıq əlaqələrini və inteqrasiyanı daha da gücləndirməyi hədəfləməklə, bu ölkələrə aid ən vacib məsələlərin müzakirəsi üçün mühüm platforma oldu.
Samir Qocayev,
YAP Goranboy rayon təşkilatının sədri
Xəbəri paylaş