Məmləkət İbrahimova: 25 oktyabr tarixi Azərbaycan tarixində xüsusi bir yer tutur

Bu gün qəhrəmanlıq, qürur və qələbə rəmzi, Qubadlının işğaldan azad olunduğu gündür.1988-ci ildən başlayaraq Qubadlı rayonuna Ermənistan tərəfindən təcavüzkar hücumlar başlanmış, dinc əhaliyə qarşı tеrror törədilməsi sistеmli şəkildə davam еtdirilmişdir. Qubadlı rayonu 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş, nəticədə minlərlə sakin öz doğma yurd-yuvasından didərgin düşmüşdür.
İşğal nəticəsində rayondan minlərlə məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti məskunlaşmışdır. Yüzlərlə yaşayış məntəqəsi, fərdi yaşayış evləri, inzibati binalar, sosial və mədəniyyət obyektləri, məscidlər, körpülər erməni işğalçıları tərəfindən dağıdılmış və yararsız vəziyyətə salınmışdır. Bundan başqa kənd təsərrüfatı obyeklərinin, avtomobil yollarının, su anbarları və magistral su xətlərinin, eləcə də elektrik xətləri və magistral qaz boru xətlərinin tamamilə dağıdılması ermənilərin təcavüzkar və vandal xarakterli olduğunu bir daha nümayiş etdirmişdir.Bütün bunlara baxmayaraq, 27 il ərzində Qubadlı sakinləri doğma torpaqlarına qayıtmaq ümidini heç vaxt itirmədilər. Nəhayət, 2020-ci ilin Vətən müharibəsi zamanı bu arzu reallığa çevrildi. 2020-ci ilin 25 oktyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qarabağda parlaq zəfərlər silsiləsini davam etdirərək, Qubadlı şəhərini erməni işğalından azad etmişdir. Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərərək, ilk növbədə, şəhərə hakim olan yüksəkliklər götürmüş, ətrafda yerləşən kəndləri, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri və strateji yüksəkliklər ələ keçirmişdir. Oktyabrın 25-də Azərbaycan Ordusu şəhəri düşməndən tam təmizlədi. Qubadlının azadlığı Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda mühüm addımlardan biri idi. Qəhrəman əsgərlərimizin igidliyi, xalqımızın birliyi və dövlətimizin gücü sayəsində Qubadlıda üçrəngli bayrağımız qürurla dalğalanmağa başladı.Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Həmçinin, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilməklə, sözügedən Sərəncama əsasən 25 oktyabr - Qubadlı şəhəri günü kimi müəyyən edilmişdir.
Məmləkət İbrahimova
Xocavənd Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi.
Xəbəri paylaş






































0772703001 