Azərbaycanın satirik şairi Mirzə Ələkbər Sabirin anım günüdür - FOTO 0
Bu gün Azərbaycan şairi, inqilabçı-satirik, mütəfəkkir, ictimai xadim və müəllim Mirzə Ələkbər Sabirin anım günüdür.
Ələkbər Zeynalabdin oğlu Tahirzadə 1862-ci il mayın 30-da Şamaxıda dünyaya göz açıb. Ədibin atası kiçik sahibkar olub. Oğlu səkkiz yaşına çatanda çobanlıq etməsin deyə onu mollaxanaya qoyub.
Sabir 12 yaşına qədər mədrəsədə oxuyub, sonra isə 1874-cü ildə Bakı quberniya məclisinin Şamaxıdakı ruhani məktəbində - maarifpərvər şair Seyid Əzim Şirvaninin yeni məktəbində oxuyub. Müəllimi M.Ə.Sabirə fars dilindən şeirlər tərcümə etdirib və onu istiqamətləndirib, eləcə də onun tərcümələri ilə yanaşı, orijinal şeirlərini də oxuyub redaktə edib. Sabirin ilk məlum tərcüməsi Sədi Şirazinin "Gülüstan" əsərindən “Didəm güli-tazə çənd dəstə” misrası ilə başlanan mənzum hekayənin bir parçası olub. M.Ə.Sabirin həmin parçadan etdiyi tərcümə belə başlayıb:
“Gördüm neçə dəstə tazə güllər,
Bağlanmış idi giyah ilən tər”.
Daha sonra atası M.Ə.Sabiri təhsildən ayırıb öz dükanında köməkçi işlədib. Bununla belə, Ələkbər yenə də oxuyub yazmağına davam edib. Dostu Abbas Səhhətin yazdığına görə, Sabir alış-verişdən daha çox oxuyub-yazmağa həvəs göstərdiyi üçün atası hirslənib tez-tez onu məzəmmət edirmiş. Hətta bir dəfə atası onun şeir dəftərini də cırıb.
(Mirzə Ələkbər Sabir)
Sabir 23 yaşında olanda ziyarət adı ilə səyahətə çıxıb, Orta Asiyaya, oradan da İrana gedib. O, Səbzivar, Nişapur, Səmərqənd, Buxara, Məşhəd və Xorasan şəhərlərini gəzib. Bu şəhərlərdə tərəqqipərvər alim və yazıçılarla görüşüb, onlarla yaxından tanış olub.
İlk səfərindən qayıdandan sonra 1887-ci ildə o, qohumu Büllurnisə adlı qızla evlənib. On beş il ərzində onun səkkiz qızı, bir oğlu dünyaya gəlib. 1902-ci ildə Şamaxıda baş vermiş dəhşətli zəlzələ zamanı Sabirin evi də dağılıb. Bu zəlzələ və dağıntı nəticəsind onun ailə üzvləri də vəfat edib. O, bir müddət sabun bişirib satıb, eyni zamanda bədii yaradıcılıqla məşğul olub.
M.Ə.Sabir Bakı quberniyası Sünni məclisinin sədri, Bakı quberniyasının Müsəlman Məclisinin sədri, eyni zamanda cümə məscidinin Baş imamı olmuş Hacı Məcid Əfəndi ilə dostluq münasibətində olub. Sabirin Hacı Məcid Əfəndinin ölümünə iki şeir yazması bu münasibətdən irəli gəlib.
XIX əsrin sonu, XX əsrin əvvəlində ailə problemləri olan Sabir şeirdən bir qədər uzaqlaşsa da, tamam ayrılmayıb. 1901-ci ildə Şamaxıya qayıdan Abbas Səhhət o zaman Sabirə mənəvi cəhətdən böyük kömək edib. Onlar Şamaxının o zamankı ziyalılarından Ağəli Bəy Nasəh və Məhəmməd Tərrahla kiçik ədəbi məclis düzəldib, axşamlar klassik şairlərin və ya özlərinin şeirlərini oxuyub təhlil və müzakirə ediblər.
(Abbas Səhhət şagirdləri ilə Sabirin məzarının başında)
XX əsrin əvvəllərindən başlayaraq, Sabirin şeirləri mətbuat səhifələrində görünüb. 1903-cü ildə “Şərqi-rus” qəzetində onun şeiri çap olunub. Bir qədər sonra isə o, “Həyat” qəzetində şeir çap etdirib. 1906-cı ildə “Molla Nəsrəddin” jurnalının ən fəal müəlliflərindən biri olub. Bu zamandan Cəlil Məmmədquluzadə ilə Sabir arasında dostluq münasibətləri yaranıb.
1907-ci ilin əvvəlində Sabir sabun bişirib satmağı dayandıraraq, mətbuat və maarif sahəsində çalışmaq, şeir yaradıcılığını daha müntəzəm davam etdirmək qərarına gəlib. O, Bakıya gəlib bir müddət “İrşad” qəzetinin redaksiyasında korrektor işləyib və müəllimlik imtiyazı əldə etmək üçün imtahan verməyə hazırlaşıb. Bu arada Qori Müəllimlər Seminariyasında işləyən müəllim dostlarından bir neçə məktub alıb. Həmin məktublarda deyilib ki, yaxın zamanlarda seminariyanın Azərbaycan şöbəsində müəllim yeri boşalacaq. Dostları şairə həmin yeri tutmaq üçün təşəbbüs etməyi məsləhət görüb və bu işdə ona kömək edəcəklərini bildiriblər.
1908-ci il aprelin 11-də Bakı quberniya ruhani idarəsində imtahan verən şair mayın yeddisində Tiflisə gedib, Qafqaz Şeyxülislamı İdarəsindən ana dili və şəriət müəllimi diplomu alıb. Lakin Qoridən aldığı məktubdan sonra o, bir müddət Şamaxı məktəblərindən birində köməkçi müəllim işləyib.
Həmin ilin sentyabr ayında Sabir "Ümid" məktəbini açmağa müvəffəq olub. Bu məktəbdə 60-a qədər şagird oxuyub. Yeni üsulda olan başqa məktəblərdəki kimi burada da şagirdlər skamyada oturub, əyani vəsaitlərdən istifadə edib, ekskursiyaya çıxıblar. Məktəbdə ana dili, fars dili, hesab, coğrafiya və təbiətə dair məlumat verilib, Quran və şəriət dərsləri tədris edilib.
1910-cu ilin əvvəllərində Sabir Bakıya işləməyə gəlib. Əvvəlcə "Zənbur" jurnalının redaksiyasında çalışıb. Az sonra Balaxanıdakı “Nicat” məktəbində dərs deməyə başlayıb. Müəllimliyi ilə bərabər, şair Balaxanı neft mədənlərində işləyən fəhlələrə, yerli inqilabçılara yaxınlaşaraq, onların açdıqları “Nur” kitabxanasının fəal üzvü olub. O ilin yazından Sabir Bakıda çıxan “Günəş” və “Həqiqət” qəzetlərinin redaksiyasında işləyib. “Günəş” qəzeti hər həftənin cümə günü “Palanduz” sərlövhəsi ilə gülüş səhifəsi buraxıb. Sabir bu səhifədə “Nizədar” və “Çuvalduz” imzaları ilə müntəzəm surətdə ifşaçı əsərlər çap etdirib. Şair eyni zamanda “Molla Nəsrəddin”ə də yazmaqda davam edib.
(Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir və Əbdürrəhman Tofiq Əfəndizadə)
M.Ə.Sabir 1910-cu ilin sonlarında ciyər xəstəliyinə tutulub, Şamaxıya qayıdıb. 1911-ci ilin may ayında o, müalicə üçün Tiflisə gedib, dostu C.Məmmədquluzadənin evində yatıb. “Molla Nəsrəddin”in əməkdaşları şairə böyük qayğıkeşlik göstəriblər. Xəstəliyinin getdikcə şiddətləndiyinə baxmayaraq, Sabir yenə şeir yazmağa davam edib, yeni-yeni taziyanələr üzərində işləyib, “Molla Nəsrəddin” jurnalının redaksiya işlərinə yaxından kömək edib.
İyun ayında həkimlər şairə cərrahiyyə əməliyyatı aparmağı təklif ediblər. Lakin o, buna razı olmayıb və Şamaxıya qayıdıb.
1911-ci ildə “Molla Nəsrəddin” jurnalının 14-cü sayında xəstə şairə maddi yardım etməyə çağıran bir elan dərc edilib. Bu elandan sonra Rusiyanın və Şərqin bir çox şəhərlərindən onlarla oxucu böyük xalq şairinə məhəbbət və hörmət əlaməti olaraq “Molla Nəsrəddin”in ünvanına ianə göndəriblər.
Xəstəliyinin çox şiddətləndiyini və ona başqa bir əlac olmayacağını görən şair cərrahiyyə əməliyyatına razı olub, iyulun 8-də Bakıya gəlib. Lakin artıq həkimlər əməliyyatın da heç bir fayda verməyəcəyini söyləyərək, ona Şamaxıya qayıtmağı məsləhət görüblər.
Jurnalist H.İ.Qasımov xəstə şairlə Bakıda son görüşünü xatırlayaraq yazıb: “Mən vücudumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi də xalqımın yolunda qoyardım”.
1911-ci il iyulun 12-də Sabir vəfat edib. Şairin məzarı Şamaxıda “Yeddi Güşə”dədir.
Mubarizciler.az dahi şair Mirzə Ələkbər Sabirin timsalında Azərbaycan ədəbiyyatına töfhə vermiş, zəngin tarixi yaradıcılıq irsini miras qoyan bütün ziyalıların xatirəsini dərin hörmət və ehtiramla yad edir
Xəbəri paylaş