Xalq artisti Səyavuş Aslanın anım günüdür - VİDEO 0
Bu gün Xalq artisti, görkəmli teatr və kino aktyoru Səyavuş Aslanın vəfatından 10 il ötür.
Mubarizciler.az xatırladır ki, Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən olan Səyavuş Məmmədağa oğlu Aslanov 1935-ci il sentyabrın 5-də Bakıda dünyaya göz açıb.
1947-53-cü illərdə aktyor Atamoğlan Rzayevin, Ağadadaş Qurbanovun, Qurban Musayevin, Ağasəlim Manaflının dram dərnəklərində çıxış edib.
Yaradıcılığa 1954-cü ildə başlayan sənətkar musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib.
1959-cu ildə Bakıya qayıdan Səyavuş Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yardımçı heyətinə işə qəbul olunur. Elə həmin il Ağası Məşədibəyovun “Toy kimindir?” tamaşasında “Qoşun” rolunu uğurla ifa etdiyinə görə aktyor heyətinə keçirilir. Daha sonra teatrda maraqlı və yaddaqalan obrazlar canlandırır.
Bu tamaşalara “Bayram” (“Kəndimizin mahnısı”, Kərim Kərimov), “İbişov” (“Özümüz bilərik”, Şıxəli Qurbanov), “Dadaşbala” (“Hicran”, Sabit Rəhman), “Qəmzəli” (“Qaçırılmış qız”, Cahangir Məmmədov) və başqalarını aid etmək olar.
O, uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından biri olaraq çalışıb. 1994-96-cı illərdə həmin teatrın bədii rəhbəri işləyib.
Səyavuş Aslan teatr və kino yaradıcılığındakı fəaliyyətinə görə 1974-cü ildə “Azərbaycan Respublikasının Əməkdar artisti”, 1982-ci ildə “Xalq artisti” fəxri adları ilə təltif olunub. Aktyor Prezident təqaüdçüsü idi.
1995-ci ildə “Şöhrət” ordeni ilə və 25 iyun 2013-cü ildə “Şərəf” ordeni ilə təltif edilib.
Səyavuş Aslan ağır xəstəlikdən sonra 2013-cü ildə Bakıda vəfat edib. O, İkinci Fəxri xiyabanda dəfn olunub.
Xəbəri paylaş