Adil Kərimli Daşkənddə Özbəkistan Respublikasının mədəniyyət və turizm naziri Azadbek Nazarbekovla görüşüb - FOTO 0
Azərbaycan Respublikasının mədəniyyət naziri Daşkənddə Özbəkistan Respublikasının mədəniyyət və turizm naziri Azadbek Nazarbekovla görüşüb
Mubarizciler.az-ın məlumatına görə, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Özbəkistanın paytaxtı Daşkənddə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un 30 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edir.
Səfər çərçivəsində Adil Kərimli ilə Özbəkistan Respublikasının mədəniyyət və turizm naziri Azadbek Nazarbekov arasında görüş keçirilib.
TÜRKSOY-un 30 illik yubileyi münasibətilə keçirilən tədbirlərə dəvətə görə təşəkkürünü bildirən Adil Kərimli iki qardaş ölkə arasında mədəni əlaqələrin daha da sıxlaşmasında, iki xalqın zəngin mədəniyyətlərinin təbliğində hər iki nazirliyin əməkdaşlığını yüksək qiymətləndirib.
Azərbaycan və Özbəkistan, iki dost-qardaş ölkə arasında əlaqələr ən müxtəlif istiqamətlərdə inkişaf etmək üzərədir.Mədəniyyət sahəsində də əməkdaşlığın əsaslı təməli qoyulmuşdur. Azərbaycan Respublikasının Prezidenti, möhtərəm cənab İlham Əliyevin rəhbərliyi və tapşırıqları əsasında bütün sahələrdə olan intensiv inkişaf dinamikası mədəniyyət sahəsindəki əməkdaşlığımıza da öz güclü təsirini göstərməkdədir. Ölkə rəhbəri tərəfindən bu sahəyə xüsusi önəm və diqqət verilir.
Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinin 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə təşkil olunan tədbirlərdə Özbəkistanın mədəniyyət və turizm naziri Azadbek Nazarbekovun iştirakını da məmnunluqla xatırlayan Adil Kərimli iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsi baxımından qarşılıqlı səfərlərin, ortaq layihələrin önəmini vurğulayıb, bundan sonra daha sıx şəkildə əməkdaşlığın vacibliyini qeyd edib.
Özbəkistanın mədəniyyət və turizm naziri Azadbek Nazarbekov da öz nöbəsində qardaş ölkə olan Azərbaycanla, bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də daha sıx əlaqələrin qurulmasının əhəmiyyətindən söz açaraq Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iki ölkə arasında münasibətlərə xüsusi diqqət ayırdığını vurğulayıb. Birgə əməkdaşlıq çərçivəsində mədəniyyət layihələrinin həyata keçirilməsini təklif edən nazir azərbaycanlı həmkarını önümüzdəki aylarda Özbəkistanda təşkil olunacaq beynəlxalq festivallara dəvət edib və özünün də hər zaman Azərbaycana səfər etməyə hazır olduğunu bildirib.
Görüşdə cari ilin iyul ayında Azərbaycanda Özbəkistan Mədəniyyət Günlərinin, oktyabr ayında isə Özbəkistanda Azərbaycan Mədəniyyət Günlərinin təşkili, beynəlxalq muğam müsabiqəsi, “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində nəzərdə tutulan tədbirlər və layihələr, ortaq mədəni mirasımızın təbliği və mühafizəsi kimi məsələlər barədə fikir mübadiləsi aparılıb.
Xəbəri paylaş