XTQ-nin 24 illiyi qeyd olundu - FOTO 0
Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaradılmasının 24-cü ildönümü münasibətilə tədbir keçirilib.
Mubarizciler.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Əvvəlcə Xüsusi Təyinatlı Qüvvələrin komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Hikmət Mirzəyev və bir qrup hərbi qulluqçu Aprel döyüşlərinin və Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib, üzərinə tər güllər düzərək, dərin ehtiramlarını bildiriblər.
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində davam edən tədbirdə XTQ-in zabit, gizirləri, eləcə də ehtiyatda və istefada olan hərbi qulluqçuları iştirak ediblər. Vətən müharibəsinin Zəfər Bayrağı səhnəyə gətirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirin aparıcı Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani ildönümü mərasimini açıq elan edərək Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə yaradılan XTQ-in tarixindən danışıb. Aprel döyüşlərində və Vətən müharibəsində torpaqlarımızın düşmən işğalından azad edilməsində XTQ-in misilsiz xidmətlərindən söz açıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin XTQ-yə böyük dəyər verdiyini, onların qəhrəmanlıqlarını hər zaman yüksək qiymətləndirdiyini bildirib.
Tədbirdə müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrikləri şəxsi heyətə çatdırılıb. Ali Baş Komandan və Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi təyinatlılara göstərilən diqqətə, qayğıya və etimada görə minnətdarlıq ifadə olunub. Vurğulanıb ki, xüsusi təyinatlılar qarşıya qoyulan istənilən tapşırıqları qısa zamanda və yüksək səviyyədə icra etməyə hər an hazırdır.
Çıxış edən XTQ veteranları və hazırda xidmətdə olan hərbi qulluqçuları bu gün də Ali Baş Komandanın hər bir əmrinə hazır olduqlarını qeyd ediblər. 30 aprel Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaranmasının 24-cü ildönümü münasibətilə bütün silahdaşlarını təbrik edib və XTQ mənsubu olmaqdan qürur duyduqlarını bildiriblər.
Sonra xüsusi təyinatlıların fəaliyyətinə həsr olunan videoçarx nümayiş olunub, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti tərəfindən vətənpərvərliyi tərənnüm edən mahnılar səsləndirilib.
Tədbirin sonunda bir qrup incəsənət nümayəndəsi Xüsusi Təyinatlı Qüvvələrin komandanlığı adından mükafatlandırılıb.
Xəbəri paylaş