Xəbər lenti
18-11-2024, 12:06
 

Bakıda “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda forum keçirilir 0

Tarix: 11-04-2023 16:34     Baxış: 1 059

Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində 11-12 aprel  tarixlərində Bakıda Teatr Forumu keçirilir.

“Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusuna həsr olunan forum Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) iştirakı ilə gerçəkləşir.

Aprelin 11-də forumun açılışından öncə teatr ictimaiyyətinin nümayəndələri Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etdi, məzarı önünə əklil və gül dəstələri qoydular.

Sonra Teatr Forumu Heydər Əliyev Mərkəzində öz işinə başladı.

Mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli açılış nitqi ilə çıxış etdi: “Biz milli teatrımızın çağdaş inkişaf perspektivlərinin müzakirə olunacağı çox əhəmiyyətli bir tədbirdə görüşürük. Bilirsiniz ki, tədbir 10 aprel tarixinə nəzərdə tutulmuşdu. Lakin görkəmli teatr rejissoru, Xalq artisti Azər Paşa Nemətovun  vəfatı ilə əlaqədar forumun vaxtı dəyişdirildi. Teatr sənətimizdə böyük xidmətləri olan sənətkarı dərin ehtiramla anıram. Həmçinin milli peşəkar teatrımızın əsasını qoyan, onun sonrakı inkişafına töhfələr verən ziyalılarımızı, incəsənət xadimlərimizi rəhmətlə, minnətdarlıqla yad edirəm”.

Forumun Heydər Əliyev Mərkəzində keçirilməsinin təsadüfi olmadığını bildirən Adil Kərimli qeyd etdi ki, Ulu öndərimizin 100 illik yubileyi münasibətilə 2023-cü il ölkəmizdə "Heydər Əliyev İli" elan olunub. Bununla bağlı həm ölkəmizdə, həm də xaricdə silsilə tədbirlər, layihələr həyata keçirilir. İlk teatr forumunun da bu əlamətdar ildə keçirilməsi bu mənada böyük əhəmiyyət kəsb edir: “Mədəniyyətə, sənətə bağlı bir ömür yaşayan Ümummilli lider Heydər Əliyev bu sahədə çalışanları hər zaman diqqət və qayğı ilə əhatə edib. Ulu öndər mədəniyyətin əsas sahələrindən olan teatra xüsusi münasibətlə yanaşıb, bu sahədə fəaliyyət göstərənləri hər zaman yüksək qiymətləndirib, səhnəni “müqəddəs yer” kimi səciyyələndirib. Çünki Heydər Əliyev teatr sənətinin məna və mahiyyətini, ideya-estetik təsirini dərindən duyurdu”.

Qeyd edildi ki, Ulu öndərin siyasi xəttinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün mədəniyyətimiz, o cümlədən teatr sahəsi qayğı ilə əhatə olunub. Cənab Prezidentin diqqəti sayəsində mədəniyyət sahəsinin dayanıqlı inkişafı, mədəniyyət xadimlərinin vəziyyətinin  yaxşılaşdırılması üçün mütəmadi tədbirlər görülür. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu tərəfindən azad edilən əzəli yurd yerlərimizdə 30 illik işğal zamanı erməni vandallarının dağıtdığı, talan etdiyi mədəniyyət ocaqları dövlətimiz tərəfindən sürətlə bərpa olunur. Eyni zamanda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı və dəstəyi ilə Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində də mühüm işlər görülür. Mədəniyyətimiz və bu sahədə çalışan insanlar hər zaman Mehriban xanımın diqqəti ilə əhatə olunublar.

Teatr sahəsinə dövlət qayğısından danışan Adil Kərimli bildirdi ki, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı” çərçivəsində paytaxtda və bölgələrdə fəaliyyət göstərən dövlət teatrlarının əksəriyyətinin binası əsaslı təmir-bərpa olunub, maddi-texniki bazaları möhkəmləndirilib.

Forum haqqında söz açan nazirin birinci müavini teatr sahəsinin daim inkişaf etməsi, yenilənməsi, dövrün çağırışlarına cavab verməsinin vacibliyini vurğuladı, bu sahədə kadr hazırlığının əhəmiyyətini diqqətə çatdırdı: “Teatr sahəsində əsaslı inkişafın təməli cari vəziyyətin düzgün təhlil edilməsi, problemlərin üzə çıxarılaraq sistemləşdirilməsi və bunların əsasında düzgün həll yollarının müəyyən edilməsidir. Teatr Forumunun da əsas məqsədi bu sahənin peşəkarlarını bir araya gətirərək problemləri birgə müzakirə etmək və vahid platforma yaradılmasıdır”.

O da diqqətə çatdırıldı ki, aprel 20-21-də Bakıda Kino Forumu keçiriləcək. Daha sonra isə Mədəniyyət Forumu təşkil olunacaq, bu sahənin problemləri sistemli şəkildə təhlil ediləcək. Aparılan fikir mübadilələri və müzakirələr əsasında toplanan təkliflər Mədəniyyət Nazirliyi tərəfindən hazırlanan Azərbaycan mədəniyyətinin 2040-cı ilədək inkişafı ilə bağlı strategiyada nəzərə alınacaq.

Qeyd olundu ki, Teatr Forumunda “Mədəniyyət Könüllüləri” İctimai Birliyi də fəaliyyətə başlayıb. Adil Kərimli İB-yə fəaliyyətində uğurlar arzuladı.

Nazirin birinci müavini çıxışının sonunda forumun ərsəyə gəlməsində əməyi keçənlərə, o cümlədən öz tövsiyələrini heç zaman əsirgəməyən Prezidentin köməkçisi cənab Anar Ələkbərova və Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh xanım Əliyevaya, teatr xadimlərinə, iştirakçılara təşəkkürünü bildirdi, tədbirin işinə uğurlar arzuladı.

***

Sonra teatrşünas, Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadənin "Heydər Əliyev və Azərbaycan teatrı" mövzusunda məruzəsi dinlənildi. Alim 1969-cu ildə respublikamızın rəhbərliyinə gəlişindən sonra hər zaman teatra böyük sevgi ilə yanaşan Heydər Əliyevin bu sahədə çalışanlara göstərdiyi diqqətdən söz açdı. Ulu öndərin premyeralara gəlişi, səhnə arxasında aktyor və yaradıcı heyətlə görüşlərini xatırladan teatrşünas gəncliyində onun dram dərnəyinə üzv yazıldığını dedi, Heydər Əliyevin teatr sevgisinin də buradan qaynaqlandığını diqqətə çatdırdı: “Dram dərnəyində əsasən baş rolları oynayan Ulu öndərə həyat sonradan ssenaridə hər zaman baş rol yazdı. Azərbaycan dilinin gözəlliyi və qorunmasına teatr səhnəsində də diqqət  yetirilməsini hər zaman önə çəkən Ümummilli lider öz nitqində dilimizin gözəlliyini nümayiş etdirirdi”.

Məryəm Əlizadənin çıxışından sonra "Azərbaycan teatrı: dünən, bu gün, sabah" adlı videoçarx nümayiş olundu. Videomaterialda Heydər Əliyevin teatr xadimləri ilə görüşləri, Prezident İlham Əliyevin teatr məkanlarının açılışında iştirakı və teatr ictimaiyyəti ilə görüşlərindən kadrlar əks olunmuşdu.

***

Həmin gün forum öz işini “Azərbaycan teatrında ənənələr və trendlər” və “Milli teatrda müasir rejissor və aktyor sənəti: yenilənmə prosesində sistemli yanaşma” adlı panellərlə davam etdirdi.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar