Baş leytenant Elnur Xəlilov: O günlərin kədəri və sevinci unudulan deyil... 0
Baş leytenant Elnur Xəlilov: O günlərin kədəri və sevinci unudulan deyil...
Elnur müharibə dəhşətlərini ilk dəfə 2016-cı ilin Aprel döyüşlərində yaşayıb. Onda o, zabit kimi Milli Ordu sıralarında bir il idi ki, xidmət edirdi. Lələtəpə yüksəkliyi uğrunda döyüşlərdə iştirakı onun hərbçi yaddaşında silinməz izlər buraxıb. Doğma torpağa qovuşmaq sevincini ilk dəfə Lələtəpənin azad olunması zamanı yaşayıb. Bu, böyük Qələbəyə gedən yolun başlanğıcı idi...
2020-ci ilin iyulunda erməni quldur birləşmələrinin Tovuzda törətdiyi təxribat ölkəmizdə hər kəsin səbir kasasının daşmasına səbəb oldu. Bu hadisədən sonra sıravi vətəndaşlardan tutmuş yüksək rütbəli zabitə qədər hamı necə deyərlər, sanki bir himə bənd idi. Uzun illərdən bəri işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi üçün elə bil hər kəs bir əmr gözləyirdi. Bu əmr həmin il Ali Baş Komandan tərəfindən sentyabrın 27-də verildi.
Həmin gün cəbhənin ən qaynar nöqtələrindən olan Tərtər rayonunun Suqovuşan qəsəbəsi və Talış kəndi istiqamətində amansız düşmənlə ölüm-dirim savaşının önündə gedənlərdən biri də baş leytenant Elnur Xəlilov idi.
Vətən müharibəsi qazisi iki il əvvəlki hadisələri xatırlayaraq AZƏRTAC-ın müxbiri ilə söhbət zamanı deyib: “Həmlə qrupunun komandiri kimi hər bir döyüş əməliyyatında iştirak edirdim. Dəfələrlə yaxın məsafədə düşmənlə atışmalarımız olub. Döyüş əməliyyatlarının birində mühasirəyə düşdük. Lakin xoş təsadüfdən mühasirəni yarıb çıxa bildik. Vətən müharibəsi zamanı döyüş tapşırığını yerinə yetirərkən bir neçə əsgərin haqqın dərgahına qovuşması müharibə xatirələrimin ən ağır, dəhşətli və heç vaxt unutmayacağım kədərli hadisələrinə çevrildi. Oktyabrın 3-də Suqovuşan qəsəbəsi və Talış kəndini düşməndən təmizləyərək erməni qəsbkarlarından azad edilməsi isə həyatımın ən sevincli məqamı idi. Yaşadığım həmin hissləri sözlərlə ifadə etmək çətindir. Qələbə bizə bütün yorğunluğu, məhrumiyyət və aldığımız yaraları unutdurdu. Belə bir xoş hadisədən, uğurlu əməliyyatdan sonra axıra qədər döyüşmək, Şuşaya qədər gedib çıxmaq istəyirsən. Silah-sursatını döyüş meydanında qoyub qaçan düşmən hərbçilərini son mənzilinədək qovmaq, üzərində addımladığın Vətən torpağının doyumsuz dadını hiss etmək, havasını ciyərlərinə çəkmək istəyirsən. Təəssüf ki, döyüş əməliyyatı zamanı yaralanmağım buna mane oldu. Oktyabrın 13-də Talış kəndində mövqe tutduğumuz yerə minaatan mərmisinin qəlpəsi düşdü. Hər iki ayağımdan, başımdan və üzümdən ağır xəsarət aldım. Nəticədə döyüş meydanını vaxtından əvvəl tərk etməli oldum. Lakin döyüşçü yoldaşlarımın şücaəti, bir-birinin ardınca gələn Qələbə xəbərləri hər şeyi unutdurdu. Noyabrın 8-də Zəfər xəbərini eşidəndə sevincimin həddi-hüdudu olmasa da, döyüş meydanında silahdaşlarımın yanında olmadığıma görə böyük təəssüf hiss keçirdim. Ancaq nə etmək olar? Görünür ki, hərənin öz qisməti var. Müharibədə qələbəyə gedən yolu şəhidlər və yaralılar açırlar”.
Elnur dövlətin qazi və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan razılığını ifadə edərək deyib: “Döyüş meydanında olanda gözüm arxada qalmamışdı. Bilirdim ki, ailəm, doğmalarım sahibsiz deyil. Əgər başıma bir şey gəlsə də, dövlətimizin bizi tək qoymayacağına inanırdım. Müharibə başa çatandan sonra yanılmadığımı gördüm. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənə ikinci qrup əlillik təyin olunub, həmçinin avtomobil və mənzil təyinatı aparılıb. Həmçinin “YAŞAT” Fondu kredit borcunun ödənilməsi, məişət şəraitinin yaxşılaşdırılmasına dəstək göstərib və birdəfəlik maddi yardımla təmin edib. Goranboy Rayon İcra Hakimiyyətinin göstərdiyi diqqət və qayğını da həyatımda hər zaman hiss edirəm. Elə bu cür münasibətə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə apardığı siyasətə, müharibə əlillərinə və döyüşçülərə göstərilən hərtərəfli qayğıya görə minnətdarlıq edirəm”.
Qeyd edək ki, Vətən müharibəsi qazisi, baş leytenant Elnur Xəlilov Prezident İlham Əliyevin sərəncamları ilə “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Xəbəri paylaş