Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Müzəffər Ali Baş Komandan: Prezident İlham Əliyev “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.”
Mubarizciler.az ın məlumatına görə, “Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir,Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Arxeoloji tədqiqatlar nəticəsində müəyyən oldu ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, “misdaş” dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar. Burdan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur. Arxeoloqlar Üzərriktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur.Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olub. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır.1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul edib. Orada da “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edildi. ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından da bu “hücum qətiyyətlə pislənmiş”, “işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış etmişdir”. Lakin Ermənistan tərəfi beynəlxalq qərarlara tabe olmaqdan yayındı.İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədib. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir.Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilib və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alınıb.Medal 2020-ci il noyabrın 26-da təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olub.(https://e-qanun.az/framework/54767).2021-ci 28 may tarixində Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında Ağdam bərpa olunur. Şəhərin özündə 5 məhəllə nəzərdə tutulur. Hazırda 2-ci məhəllədə 66 binanın tikinti işləri başlayıb. Ağdam şəhərinə gələn ilin payızında ilk köç planlaşdırılır. Bundan sonra paralel olaraq digər məhəllələrdə də tikinti işləri aparılacaq. Hazırda Ağdamda 3 kənddə - Kəngərli, Xıdırlı, Sarıcalıda bərpa-quruculuq işləri davam edir. Ağdam rayonunda digər kəndlər üzrə layihələndirmə işləri aparılır;
Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Ağdama səfərləri və reallaşdırılan yeni infrastruktur layihələr:
23.11.2020:
• Ağdam şəhərində Dövlət Bayrağının ucaldılması;
• Dağıdılmış Ağdam Cümə məscidini ziyarət.
28.05.2021:
• Bərdə-Ağdam avtomobil yolunun təməlqoyma mərasimi;
• Ağdam şəhər meşə-parkında dağdağan ağaclarının əkilməsi mərasimi;
• Ağdam şəhərində ilk yaşayış binasının təməlqoyma mərasimi;
• Ağdam Sənaye Parkının təməlqoyma mərasimi;
• Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksi ilə tanışlıq;
• Ağdamda Zəfər muzeyi və açıq hava altında İşğal muzeyinin təməlqoyma mərasimi;
• Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma mərasimi;
• Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimi;
• Qiyaslı məscidi ilə tanışlıq;
• Şahbulaq qalası ilə tanışlıq.
13.02.2022:
• Ağdam Sənaye Parkında iki müəssisənin təməlqoyma mərasimi;
• “Park Forest Hotel Ağdam” mehmanxanasının təməlqoyma mərasimi;
• Yeni yaşayış kompleksinin təməlqoyma mərasimi;
• Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanışlıq;
• 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimi;
• Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə tanışlıq;
• Qarabağ xanlarının türbələri və yaşayış evi - İmarət kompleksi ilə tanışlıq.
04.10.2022:
• Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanışlıq;
• Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin təməlqoyma mərasimi;
• Xıdırlı kəndinin təməlqoyma mərasimi;
• Kəngərli kəndinin təməlqoyma mərasimi;
• Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin təməlqoyma mərasimi;
• “City Hotel Agdam” mehmanxanasının təməlqoyma mərasimi;
• Pənahəli xanın sarayı və İmarət Kompleksi ilə tanışlıq;
• Xurşidbanu Natəvanın abidəsinin açılış mərasimi;
• Növbəti yaşayış məhəlləsinin təməlqoyma mərasimi;
• Dəmir yolu və Avtovağzal Kompleksinin təməlqoyma mərasimi;
• Sarıcalı kəndinin təməlqoyma mərasimi.
15.10.2023:
• Ağdam-Füzuli avtomobil yolunun tikintisi işlərinin gedişi ilə tanışlıq.
24.12.2023:
• “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Ağdam” qovşaq yarımstansiyasının açılışı;
• Ağdam şəhərində salınacaq beşinci yaşayış kompleksinin təməlqoyma mərasimi;
• Ağdam şəhərində salınacaq dördüncü yaşayış kompleksinin təməlqoyma mərasimi;
• Ağdamda “İmarət” Kompleksində aparılan təmir-bərpa işləri ilə tanışlıq;
• Ağdam şəhər Mərkəzi parkının təməlqoyma mərasimi;
• Ağdam şəhərinin daxili yollarında aparılan işlərlə tanışlıq;
• Ağdamın Qiyaslı kəndinin təməlqoyma mərasimi;
• Ağdam rayonunda Xaçınçay su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi mərasimi;
• Ağdam rayonunun Salahlı Kəngərli kəndinin təməlqoyma mərasimi;
• Bərdə-Ağdam avtomobil yolunun açılışı;
• Baş Qərvənd kəndinin təməlqoyma mərasimi.
25 aprel 2024:
• Azərbaycan və Qırğızıstan prezidentlərinin Ağdam şəhərinə səfəri;
• Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq;
• Ağdam Cümə məscidinin bərpadan sonra açılışı;
• Ağdam Konfrans Mərkəzi ilə tanışlıq;
• Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimi;
• Ağdamda Şahbulaq qalasına baxış;
• Azərbaycan və Qırğızıstan prezidentləri birgə naharı.
28.05.2024:
• Ağdam rayonunun Tağıbəyli kəndinin təməlqoyma mərasimi;
• Güllücə kəndinin təməlqoyma mərasimi;
• Ağdam rayonunun Nəmirli kəndinin təməlqoyma mərasimi;
• Şotlanlı kəndinin təməlqoyma mərasimi.
19.09.2024:
• Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimi;
• Ağdamın Kəngərli kəndində aparılan bərpa işləri ilə tanışlıq;
• Ağdam Sənaye Parkında görülən işlərlə tanışlıq, yeni zavodların açılışları;
• Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışı;
• “Aghdam City Hotel”in açılışı;
• Ağdam şəhərində “İmarət” stadionunun təməlqoyma mərasimi;
• Ağdamın Xıdırlı kəndində görülən bərpa işləri ilə tanışlıq;
• Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda aparılan işlərlə tanışlıq.
Xəbəri paylaş