BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının Tətbiqinin təftişi Qrupunun növbəti iclası keçirilib - Fotolar
4-8 noyabr tarixlərində Avstriyanın Vyana şəhərində Birləşmiş Millətlər Təşkilatının Korrupsiya əleyhinə Konvensiyasının Tətbiqinin təftişi Qrupunun 15-ci sessiyası keçirilib.
Sessiyada BMT-nin Konvensiyaya qoşulmuş dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri tərəfindən effektiv təcrübə mübadiləsi həyata keçirilib, ölkələrin korrupsiyaya qarşı mübarizə sahəsində əldə etdiyi nailiyyətlər təqdim olunub.
Mubarizciler.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Tədbir çərçivəsində Konvensiyanın implementasiyası ilə bağlı çətinliklərin və müsbət təcrübələrin nəzərdən keçirilməsi, eləcə də gələcək fəaliyyət üçün prioritetlərin müəyyənləşdirilməsi məqsədilə faydalı müzakirələr aparılıb.
Tədbirdə ölkəmizi Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin rəisi Əmir Ocaqverdiyev təmsil edib.
Azərbaycanın nümayəndəsi ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi və qətiyyəti ilə korrupsiyaya qarşı aparılan ardıcıl və sistemli mübarizə haqqında ətraflı məlumat verib.
Müzakirələr zamanı Əmir Ocaqverdiyev qanunvericilik və praktiki sahələrdə hansı addımlarla korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirildiyini vurğulayıb, bu sahədə ixtisaslaşmış qurumların fəaliyyəti, korrupsiya ilə mübarizədə ən müasir texnologiyaların tətbiqi, eləcə də korrupsiya risklərinin müəyyən olunması və qarşısının alınması istiqamətində görülən işlər barədə də iştirakçılara məlumat verib.
Eyni zamanda, nümayəndəmiz Konvensiyanın icrasının təftiş mexanizminin təkmilləşdirilməsi və effektivliyinin artırılması üzrə təkliflər irəli sürüb.
Xəbəri paylaş