Elçin Tağıyev: X Qlobal Bakı Forumunun iştirakçılarının çıxışlarında da ölkəmizin bu mövqeyinə bir daha işıq salındı 0
X Qlobal Bakı Forumunun iştirakçılarının çıxışlarında da ölkəmizin bu mövqeyinə bir daha işıq salındı
Qlobal Bakı Forumu dünya ictimaiyyətini dərindən narahat edən məsələlərin həlli yollarını araşdıran və bu istiqamətdə müzakirələr apara bilən müstəqil beynəlxalq platformaya çevrilib. Belə ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən keçirilən Qlobal Bakı forumlarında dinlərarası, mədəniyyətlərarası dialoq, regionda gedən proseslər, bölgədəki digər münaqişə ocaqları ilə bağlı vəziyyət, etnik və digər zəmində baş verən münaqişələr və bir sıra digər qlobal problemlər geniş müzakirə edilib, onların həlli yollarının tapılması istiqamətində təhlillər aparılıb. Bu gün Azərbaycan həm də multikultural mühiti ilə tanınır. Dövlətimizin başçısının dediyi kimi: "Multikulturalizm Azərbaycanın dövlət siyasətidir. Azərbaycan dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Bunun tarixi kökləri var. Əsrlər boyunca Azərbaycan müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı yer olub. Biz fəxr edirik ki, müstəqilliyimiz bərpa olunandan sonra bu meyil gücləndi. Biz bu ideyaları qlobal arenada təbliğ etməyə çalışırıq. Ona görə də biz çoxsaylı tədbirlər, beynəlxalq konfranslar, mədəniyyətlərarası dialoq forumu, dünya dini liderlərinin forumu, BMT Sivilizasiyalar Alyansının forumu, Bakı Humanitar Forumu və bir çox başqa beynəlxalq tədbirlər təşkil edərək, xüsusilə fərqli fikirlər gördüyümüz zaman əsas diqqəti multikulturalizmlə bağlı məsələlərə yönəldirik. Azərbaycanın nümunəsi açıq şəkildə nümayiş etdirir ki, multikulturalizm dünyanı inkişaf etdirməyin, gərginlikləri azaltmağın, əməkdaşlığı və qarşılıqlı anlaşmanı gücləndirməyin yeganə yoludur".
Cənab Prezident İlham Əliyev hər çir çıxışında bu çağırışı edir ki, biz ədaləti və beynəlxalq hüququ müdafiə edirik. “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusuna həsr olunan X Qlobal Bakı Forumu da bu kimi məqamların təqdimatında böyük önəm kəsb edir. Forumda bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak etdilər. Bu mötəbər tədbirdə yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salındı, qarşıda duran çağırışların həlli yolları müzakirə olundu. Qlobal Bakı Forumunun təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Prezident İlham Əliyevin Sərəncamına əsasən, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-da böyük mütəfəkkirin vətəni Gəncədə keçirilmiş xüsusi toplantıda təsis edilib. Hazırda Mərkəz qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq təsisata çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Prezident İlham Əliyev Forumdakı çıxışına məhz bu minnətdarlıqla başladı: “Əvvəlcə mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) İdarə Heyətinin üzvlərini nailiyyətləri münasibətilə təbrik etmək istəyirəm. Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri xanım Vayra Vike-Freyberqa və cənab Serageldinə liderlik keyfiyyətlərinə, Mərkəzin inkişafına töhfələrinə və Qlobal Bakı Forumunun aparıcı beynəlxalq forumlardan birinə çevrilməsi ilə bağlı mühüm nailiyyətlərinə görə xüsusi minnətdarlığımı bildirirəm.” Azərbaycanın yerləşdiyi coğrafi məkan ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərin iştirakçılarının say tərkibində, eyni zamanda, təmsilçiliklərində əhəmiyyətli rolunu oynayır. Müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirən Azərbaycan tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə kimi nüfuz qazanıb. X Qlobal Bakı Forumunun iştirakçılarının çıxışlarında da ölkəmizin bu mövqeyinə bir daha işıq salındı. BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos “Gözəl Bakı şəhərində, Azərbaycanda, Odlar Yurdunda, - necə ki siz adlandırırsınız, - olmaqdan çox şadam. Çünki bu ölkə bizə enerji verir, bizi ilhamlandırır. Necə ki, biz bunu dahi şair və filosof Nizami Gəncəvinin yaradıcılığında görmüşük. Təbii ki, Sizinlə keçirilmiş dünənki görüş bizdə böyük təəssürat yaratdı. Bundan sonra da Azərbaycan ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında əməkdaşlığın genişləndirilməsini səmimiyyətlə arzulayıram. Hörmətli dostlar, belə bir mötəbər auditoriyada olmaqdan çox şadam. Burada dünyanın ən təcrübəli insanları toplaşıblar” fikirləri ilə həm Azərbaycana beynəlxalq baxışın yüksək səviyyədə olmasını, həm də Forumun əhəmiyyətini açıqladı. Dövlət başçısı İlham Əliyevin çıxışında hər bir fikri gələcəyə yönələn bir çağırış kimi dəyərləndirildi. Günümüzün əsas məsələlərindən biri regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsidir. Hər bir hədəf, çağırışın özündə ehtiva etdiyi ümid səylərin birləşdirilməsini daim bir tələbə çevirir.
Elçin Tağıyev,
YAP Goranboy rayon təşkilatının fəalı.
Xəbəri paylaş