Goranboyda Dövlət Proqramının icra vəziyyəti ilə bağlı iclas keçirildi Fotolar

Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli 1044 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın rayonlarda icrasının təmin edilməsi məqsədilə Goranboy rayonunda fermer və sahibkarlarla görüş keçirildi.
Mubarizciler.az xəbər verir ki, Goranboy Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən görüşdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Adil Vəliyev, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə, rayonda yaradılmış Qərargahın üzvləri, aidiyyəti dövlət qurumlarının nümayəndələri, fermerlər və sahibkarlar iştirak etdilər.
Tədbirdə Dövlət Proqramından irəli gələn vəzifələr, rayonun kənd təsərrüfatı sahəsində mövcud vəziyyət, istehsal və emal imkanlarının genişləndirilməsi, fermer və sahibkarların fəaliyyətinin dəstəklənməsi, aqrar məhsulların tədarükü və satışının təşkili, eləcə də qarşıda duran digər məsələlər müzakirə edildi.
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev çıxış edərək rayonun sosial-iqtisadi inkişafında kənd təsərrüfatının mühüm rol oynadığını bildirdi. Qeyd etdi ki, rayonda kənd təsərrüfatının inkişafı üçün əlverişli təbii-iqlim şəraiti, geniş torpaq ehtiyatları və formalaşmış təsərrüfatçılıq ənənələri mövcuddur.
Rayon Rəhbəri kənd təsərrüfatı məhsullarının istehsalının artırılması ilə yanaşı, onların tədarükü, saxlanılması, emalı və satışının səmərəli təşkilinin vacibliyini vurğuladı. Rayon ərazisində fəaliyyət göstərən fermer və sahibkarların təşəbbüslərinin dəstəklənməsi, mövcud məsələlərin operativ şəkildə müəyyənləşdirilməsi və həlli istiqamətində tədbirlərin davam etdirildiyini diqqətə çatdırdı.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Adil Vəliyev çıxışında Dövlət Proqramının əsas məqsəd və vəzifələri barədə məlumat verdi. Bildirdi ki, proqramın əsas istiqamətlərindən biri kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin rəqabətqabiliyyətliliyinin artırılması, yüksək əlavə dəyər yaradan intensiv təsərrüfatçılığa keçidin sürətləndirilməsi və ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsidir.
Adil Vəliyev Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin yerlərdə səmərəli icrası üçün mövcud vəziyyətin hərtərəfli öyrənilməsinin, fermer və sahibkarların təkliflərinin dinlənilməsinin, qarşıya çıxan məsələlərin müəyyənləşdirilərək onların həlli istiqamətində əlaqələndirilmiş tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğuladı.
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə çıxışında kənd təsərrüfatı məhsullarının tədarükü, emalı və satışının təşkili istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verdi.
Elgün Məhəmmədəlizadə qeyd etdi ki, aqrar sahədə istehsalın artırılması ilə yanaşı, məhsulların səmərəli tədarükünün təşkili, bazarlara çıxış imkanlarının genişləndirilməsi və istehsalçıların müasir tədarük zəncirinə daha fəal cəlb olunması mühüm əhəmiyyət daşıyır. O, fermerlərin istehsal etdikləri məhsulların satış imkanlarının genişləndirilməsi, tədarük və emal müəssisələri ilə əməkdaşlığın inkişaf etdirilməsi, məhsulların keyfiyyət göstəricilərinin yüksəldilməsi və bazarın tələblərinə uyğun istehsalın təşkili ilə bağlı məsələlərə diqqət çəkdi.
Görüşdə rayonda kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə mövcud vəziyyət, istehsal göstəriciləri və inkişaf perspektivləri barədə məlumat verildi, fermer və sahibkarların qarşılaşdıqları məsələlər dinlənildi.
Fermer və sahibkarlar tərəfindən səsləndirilən təklif və müraciətlərlə bağlı aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən müvafiq izahatlar verildi. Qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həlli istiqamətində tədbirlərin görüləcəyi bildirildi.

Xəbəri paylaş







































0772703001 