2025-ci ildə Azərbaycan Respublikasında Konstitusiya və Suverenlik ilidir
Konstitusiya və Suverenlik ili 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik ili” elan edilib. 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik ili” elan edilməsi, ölkəmizin hüquqi dövlət quruculuğu sahəsində və suverenliyin daha da möhkəmləndirilməsi istiqamətində atılacaq addımların davamı kimi mühüm əhəmiyyət daşıyır. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991-1993-cü illərdə hakimiyyətin yarıtmaz fəaliyyəti cəmiyyət həyatının bütün sahələrində kəskin böhrana, ölkədə anarxiyanın yaranmasına gətirib çıxarmış, dövlət idarəçiliyi mexanizmləri formalaşdırılmamış, qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmamışdır. 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı. Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikası Konsitusiyasının qəbulu ölkəmizdə genişmiqyaslı qanunvericilik və məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə yol açmışdır. Əsas Qanunda cəmiyyətin inkişaf istiqamətlərini müəyyənləşdirən ideya və dəyərlər geniş şəkildə təsbit edilmişdir. Belə ki, Konstitusiyada dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması, insan şəxsiyyətinə və ləyaqətinə hörmət, insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu, siyasi sistemdə plüralizmə təminat verilməsi, ümumbəşəri dəyərlərə sadiqlik öz əksini tapmışdır. Ölkənin əsas Qanununun milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanan 1 noyabr 1996-cı il tarixli Fərmana əsasən hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilir. 5 bölmə, 12 fəsil, 158 maddə və keçid müddəalarından ibarət olan konstitusiyanın mühüm özəlliklərindən biri də vətəndaş hüquq və azadlıqlarına geniş yer ayrılması idi.
Azərbaycanın dövlət müstəqilliyi 1991-ci ildə bərpa olunduqdan sonra suverenliyin qorunması və möhkəmləndirilməsi əsas vəzifələrdən biri olmuşdur.Suverenlik-dövlətin daxili və xarici siyasətində tam müstəqil olması, beynəlxalq hüququn bərabərhüquqlu subyekti kimi fəaliyyət göstərməsi deməkdir. Azərbaycanın suverenliyinin qorunması, onun beynəlxalq aləmdə müstəqil qərarlar qəbul etməsi və milli maraqlarını müdafiə etməsi ilə bilavasitə bağlıdır. Prezident İlham Əliyev 2003-cü ildə hakimiyyətə gəldikdən sonra Azərbaycanın suverenliyinin qorunması, beynəlxalq arenada mövqeyinin gücləndirilməsi və ərazi bütövlüyünün bərpası istiqamətində ardıcıl və qətiyyətli addımlar atmağa başladı. Onun rəhbərliyi altında aparılan daxili və xarici siyasət suverenliyin daha da möhkəmlənməsinə və ölkənin dayanıqlı inkişafına xidmət etdi. Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə suverenliyin bərpası istiqamətində atılan ən mühüm addım Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi oldu. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistanın işğalı altında olan torpaqlar azad edildi və Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri bərpa olundu. Bu yalnız hərbi qələbə deyil, həm də suverenliyin tam bərpası demək idi. İlham Əliyevin liderliyi və diplomatik səyləri nəticəsində postmüharibə dövründə bölgədə yeni geosiyasi reallıq formalaşdı və Azərbaycan regionda söz sahibi olan güclü dövlətə çevrildi.
Nəhayət, 19-20 sentyabr 2023-cü ildə uğurlu antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmişdir. Bununla da, konstitusiyamızın hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilmişdir. Bu gün artıq müstəqil, suveren Azərbaycan dövləti inkişafının yeni mərhələsində ərazi bütövlüyünü, suverenliyini qoruyan, tam təmin edən bir ölkəyə çevrilib. Müharibədən sonra işğaldan azad edilmiş torpaqlarda aparılan islahatlar, bərpa, yenidən qurma işləri, həyat və yaşayış üçün ən mühüm məsələ olan yeni infrastrukturun qurulması, həyata keçirilən digər hüquqi islahatlar və dövlət tərəfindən atılan digər bu kimi müsbət addımlar ölkənin getdikcə artan iqtisadi uğurundan xəbər verir. Tarixi torpaqlarımızın işğaldan azad olunması, dövlət tərəfindən bu ərazilərdə bərpa prosesinin başlanması, o torpaqların əsl sakinlərinin “Böyük Qayıdış” hərəkatı ilə öz doğma yurdlarına-Qarabağa qayıdışının uğurla davam etdirilməsi hər bir Azərbaycanlı vətəndaşını sevindirir. Konstitusiya və suverenlik Azərbaycan dövlətinin dayaqlarıdır və bu dəyərlərin qorunması ölkənin gələcək inkişafı üçün mühüm rol oynayır. Hər bir vətəndaş konstitusiyanı öyrənməli, onun prinsiplərinə hörmət etməli və dövlətin suverenliyini qorumaq üçün çalışmalıdır. “Konstitusiya və Suverenlik ili” bu dəyərlərin daha da möhkəmlənməsinə və gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verəcəkdir.
Naftalan Şəhər Statistika İdarəsinin rəisi:
Elyar Cəfərov
Xəbəri paylaş



