Goranboyda “Ağ göyərçinlər” icma qrupunun fəaliyyəti uğurla yekunlaşdı Fotolar
“Ağ göyərçinlər” icma qrupunun fəaliyyəti uğurla yekunlaşdı.
Mubarizciler.az xəbər verir ki, 2024–2025-ci tədris ili üzrə keçirilmiş “İcma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsinin qalibi olan “Ağ göyərçinlər” icma qrupunun fəaliyyəti Qarasuçu kəndində uğurla başa çatdı. Layihə kənd mühitində məktəbəqədər yaşlı uşaqlar üçün əlçatan və inkişaf yönümlü təhsil mühitinin yaradılmasını hədəfləyirdi. Layihənin icrasına rəhbərlik edən Eşqin Axundlu, təşkilati işləri böyük peşəkarlıqla həyata keçirmiş, layihənin planlı və sistemli şəkildə icrasını təmin etmişdir. Layihənin bağlanış tədbirində çıxış edən Eşqin Axundlu, bu təşəbbüsün kənd icmasında yaratdığı müsbət dəyişiklikləri vurğulayıb, gələcəkdə bu cür layihələrin davam etdirilməsinin əhəmiyyətini qeyd edib. Tədbirdə həmçinin Qarasuçu kənd tam orta ümumtəhsil məktəbinin direktoru Allahverdi Allahverdiyev də çıxış edib. O, məktəbin layihəyə verdiyi dəstəkdən bəhs edərək, məktəbəqədər təhsilin uşaqların gələcək inkişafı üçün əsas baza olduğunu bildirib. Onun rəhbərlik etdiyi məktəb layihənin uğurla həyata keçirilməsində əsas tərəfdaş olub. Tərbiyəçi-müəllim: Kərimzadə Nigar – uşaqlarla gündəlik məşğələlərin təşkili və onların bacarıqlarının inkişafında xüsusi rol oynamışdır.
Valideynlər: Fəal iştirak və dəstəkləri ilə layihənin uğurunda pay sahibi olmuşlar.
Layihə çərçivəsində:
3–5 yaşlı uşaqlar üçün interaktiv təlim və oyun məşğələləri təşkil olundu;
Valideynlərlə maarifləndirici görüşlər keçirildi;
İcma üzvləri təhsil prosesinə fəal şəkildə cəlb edildi;
Uşaqlarda ilkin sosial və kommunikasiya bacarıqları inkişaf etdirildi.
İcma qrupunun bağlanış tədbiri birgə nailiyyətlərin qeyd olunması ilə yadda qaldı. Tədbir iştirakçıları layihənin nəticələrini yüksək qiymətləndirərək, bu cür təşəbbüslərin icma inkişafında mühüm rol oynadığını qeyd etdilər.
"Ağ göyərçinlər" layihəsi bir daha sübut etdi ki, birlik, əməkdaşlıq və təşəbbüskarlıq kənd yerlərində də keyfiyyətli məktəbəqədər təhsil mühitinin qurulmasına zəmin yarada bilər.
Xəbəri paylaş



